Ömrünün 70 ilini dilçiliyə həsr edən alim

 

 

"Dilçilik sahəsində əsl tədqiqat aparmaq zərgərlikdir" deyirdi dilçi alim, professor Əbdüləzəl Dəmirçizadə. Seçdiyi, məşğul olduğu sahənin əhəmiyyətini belə ifadə edirdi. Ancaq qənaəti həm istər-istəməz görkəmli alimin öz böyük zəhmətinə, gərgin əməyinə verdiyi dəyər kimi səslənir. Çünki Əbdüləzəl Dəmirçizadə qismətinə düşən 70 illik ömrün böyük hissəsini dilçilik elmimizə həsr etdi, bu sahədə zərgər dəqiqliyi, həssaslığı ilə tədqiqat apardı...

O, 1909-cu il iyulun 8-də Şəkidə dəmirçi ailəsində dünyaya gəlmişdi. İlk təhsilini "Həqiqətül-maarif" adlanan yeni tipli məktəbdə almışdı. Sonra "Şəki nümunə zəhmət" məktəbində oxumuşdu. Təhsilini Şəki Müəllimlər Seminariyasında davam etdirib müəllim olmuşdu. 2 saylı şəhər məktəbinə müəllim təyin edilmişdi. Pedaqoji fəaliyyətə başladığı vaxtlarda "Yeni Məktəb" məcmuəsində ilk məqaləsi işıq üzü görmüşdü. Əbdüləzəl Dəmirçizadə həm müəllim işləmişdi, həm "Şəki fəhləsi" qəzetinin fəal müxbiri, "Qızıl qələm" cəmiyyətinin Şəki təşkilatının üzvlərindən biri olmuşdu.

Gənclik illərində bədii yaradıcılığa böyük maraq göstərirdi. Şeirlər, hekayələr oçerklər yazırdı. 1929-cu ildə ali təhsil almaq istəyi ilə Bakı şəhərinə üz tutdu. Azərbaycan Dövlət Darülfünununun dil-ədəbiyyat fakültəsinə daxil oldu. Sonralar tələbəlik illərini xatırlayıb qürurla bildirirdi: "Mən professor Bəkir Çobanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq kimi görkəmli şəxslərin tələbəsi olmuşam, ədəbiyyat, incəsənət elm sahəsində bir sıra məşhur şəxsiyyətlərlə - Səməd Vurğun, Süleyman Rüstəm, Əbülhəsən, Sabit Rəhman, akademik Həmid Araslı, professor Cəfər Xəndan, Xalq rəssamı S.Salamzadə başqaları ilə sinif yoldaşı olaraq təhsil almışam". Ali məktəbin son kursunda  oxuyarkən professor Bəkir Çobanzadənin rəhbərlik etdiyi dillər kafedrasında çalışdı. Ancaq təhsilini başa vurduqdan sonra Bakıda qala bilmədi. O, ailə vəziyyətinə görə Şəkiyə döndü. Gənc müəllim pedaqoji fəaliyyətini davam etdirdi. Ancaq elmi fəaliyyətlə məşğul olmaq, araşdırmalar aparmaq marağı onu rahat buraxmırdı. Bir neçə il əvvəl Şəkidən Bakıya ali təhsil almaq niyyəti ilə gedən gənc bu dəfə başqa arzu ilə paytaxta qayıtdı. Bakıya gələn Əbdüləzəl Dəmirçizadə arzusu yolunda ilk addımını atdı. O, APİ-nin "Dillər" kafedrasına aspirant qəbul olundu.

1936-cı ildə Əbdüləzəl Dəmirçizadənin "Türk dili" adlı ilk kitabı nəşr olundu. "Azərbaycan ədəbi dili tarixinin xülasələri" adlı ikinci kitabı isə aspiranturanı qurtardıqdan sonra, 1938-ci ildə işıq üzü gördü. Dövrün görkəmli alimləri Y.E.Bertels, S.E.Malov İ.K.Dmitriyev bildirirdilər ki, Əbdüləzəl Dəmirçizadənin "Azərbaycan ədəbi dili tarixinin xülasələri" kitabı namizədlik dissertasiyası kimi müdafiəyə layiqdir. Ona 1940-cı ildə filologiya elmləri namizədi alimlik dərəcəsi verildi.

Alimin 1944-cü ildə "Azərbaycan dilinin tarixi (qədim dövr)" adlı əsəri çap olundu. Eyni mövzu üzrə elmlər doktoru dissertasiyasını müdafiə etdi. 1945-ci ildə isə professor elmi adına layiq görüldü.

Əbdüləzəl Dəmirçizadə 1940-cı ildən 1943-cü ilədək ADU-da, 1943-cü ildən APİ- "Azərbaycan dilçiliyi" kafedralarına rəhbərlik etdi. Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) ömrünün sonunadək işlədi. Otuz altı il müddətində həmin kafedranın müdiri vəzifəsində çalışmaqla bərabər, elmi axtarışlarla fəal məşğul oldu, eyni zamanda pedaqoji fəaliyyətinə ara vermədi. 1955-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçildi.

Əbdüləzəl Dəmirçizadənin 20-dən çox kitabı, 200-dən artıq elmi elmi-metodik məqaləsi nəşr olundu. "Azərbaycan dili orfoepiyasının əsasları" kitabında ədəbi tələffüz, onun mənbələri, pozulma səbəbləri, fonetik, qrafik qrammatik şəraitdə tələffüz məsələlərini araşdırmışdı. Ümumiyyətlə, alim daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələri - fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi digər sahələrini tədqiq edirdi. "Azərbaycan dili tarixi xülasələri", "M. F. Axundov dil haqqında Axundovun dili", "Azərbaycan dilinin tarixi", "Azərbaycan ədəbi dilinin inkişaf yolları", "Kitabi-Dədə Qorqud" dastanının dili", "Azərbaycan dilinin tarixi qrammatikası", "Azərbaycan ədəbi dilinin tarixi (II hissə)" digər kitabları təkcə Azərbaycan dilçiliyi deyil, türk aləmi üçün olduqca gərəkli hesab edilir. Qeyd edək ki, alimin "Azərbaycan ədəbi dilinin tarixi (II hissə)" kitabı ölümündən sonra nəşr olundu.

Onun elmi fəaliyyəti zəngin çoxşaxəli oldu. Etimoloji tədqiqatlar sahəsində fəaliyyət göstərən alim araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə "50 söz" adlı kitab çap etdirdi.

Azərbaycan dilçilik elminin inkişafına böyük töhfələr vermiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Əbdüləzəl Dəmirçizadə 1979-cu ildə vəfat etdi.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 11 iyul (№ 143).- S.10.