Nə yaxşı ki, Şəkidə kəlağayıçılıq
unudulmur
"Biz ailəlikcə
bu sənətlə məşğuluq. Atam Şövkət-Ziya Sərkərov
Azərbaycanın tanınmış
kəlağayı ustalarından
idi. Vaxtilə ipək istehsal etmək üçün ayrıca emalatxanamız vardı. Xammal çatışmazlığına görə 1995-ci ildə işimiz dayandı, sonra yenidən bərpa olundu. Rəhmətlik Heydər Əliyev sənətkarları
bütün vergilərdən
azad etmişdi. Sənətə, sənətkara
dəyər verən Ulu Öndərimizin tapşırığı ilə
"Yuxarı Karvansara"da
26 sənətkara dükan
ayrılmışdı. Onlardan
biri də mənimdir. Hazırda da fəaliyyət göstərir, əsas müştərilərimiz əcnəbi
turistlərdir".
Məşhur kəlağayı
ustası, 2001-ci ildə
yaradılmış Şəki
Sənətkarlar Assosiasiyasının
sədri Əmiraslan Şamilov sözə keçmiş xatirələrlə
başlayır. Deyir ki, ipəkçiliyin tənəzzül vaxtlarında
da sənətin itib-batmaması üçün
əlindən gələni
əsirgəməyib. Şəkidə
yaşlı insanlarda qalan ipəkləri yığıb, kəlağayıları
bərpa edib. Çalışıb ki,
onların yenidən emalı hiss olunmasın, bu sahə unudulmasın.
Usta bir ara bu sahənin
taleyindən bərk narahatlıq keçirib ümidsizliyə qapılsa
da, artıq kəlağayının gələcəyi
haqqında nikbin fikirdədir: "Çox
şükürlər, Birinci
vitse-prezident, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində
2014-cü ilin noyabrında
Azərbaycan kəlağayı
sənətinin UNESCO-nun
Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına
daxil edilməsindən
sonra bu sahəyə maraq daha da artıb".
Bəli, söhbət
adi bir fəaliyyət
növündən, məhsuldan
yox, Azərbaycan qadınının - anaların,
nənələrin baş
örtüyü olmaqla
yanaşı, abır,
həya, ismət rəmzindən gedir. Xanımların dəyərli
geyim əşyasının
xammalı olan ipək bütün dövrlərdə şəkililərin
həyatında, məişətində
özünəməxsus yer
tutub. Şəki Orta əsrlərdə nəinki ölkənin, Yaxın və Orta Şərqin nəhəng ipək istehsalçısı və
toxuculuq mərkəzlərindən
biri sayılmış,
öz ipəyi ilə bütün dünyada məşhurlaşmışdı.
Yüksək keyfiyyətdə
hazırlanan al-əlvan
kəlağayılar, zərif
parçalar yaxın-uzaq
ölkələrə ixrac
olunurdu. Şəki müasir dövrümüzdə
də ipəkçilik
məkanı kimi tanınır.
Milli ornamentlərə,
xüsusilə buta formasında naxışlara
üstünlük verildiyini
söyləyən Əmiraslan
kişi kəlağayını
boyayarkən müştərinin
arzusuna uyğun qəliblərdən istifadə
edir: "Qəliblərimin
əksəriyyəti qədimidir,
hətta 200 il əvvəl hazırlanmışı
var. Vaxtilə belə qədim qəlib çox idi, indi isə yalnız
biri qalıb. İlk növbədə sifarişçinin arzusunu
nəzərə alırıq.
"Bakı-2015" I Avropa Oyunlarının loqosu olan narın, Qobustanın qayaüstü
rəsmlərinin, muğam
üçlüyünə aid tar, kamança
və qavalın əks olunduğu qəliblərim var. Xarici turistlər də əsasən belə ornamentli kəlağayılara üstünlük
verirlər".
Şəkili kəlağayı
ustası 2015-ci və
2016-cı illərdə xarici
ölkələrdə "Azərbaycan şəhərciyi"
çərçivəsində keçirilən sərgilərdə
iştirak edib. Sərgilədiyi kəlağayı
nümunələri ziyarətçilər
tərəfindən böyük
maraqla qarşılanıb.
Əmiraslan Şamilov
bir müddətdir ki, "ABAD" ailəsinə
qoşulub. "Ailə
Biznesinə ASAN Dəstək"
layihəsinə - "ABAD"a
üzvlükdə məqsədi
istehsal etdiyi müxtəlif növ kəlağayıların Şəkidən
kənarda da tanıdılmasına nail
olmaq, daha geniş satış bazarına çıxmaq,
eyni zamanda gəlirlərini artırmaqdır.
O, indiyədək "ABAD"-a 100-dən
çox kəlağayı
təqdim edib. Bu kəlağayılar İçərişəhərdə və "ABAD"ın sənətkarlıq mərkəzində
satışa çıxarılıb.
Usta "ABAD"la əməkdaşlığını gələcəkdə genişləndirmək
fikrindədir.
Adlı-sanlı "Şəki-İpək" ASC respublikamızın
iri sənaye müəssisələrindən biridir. Müəssisə
1931-ci ildə təməli
qoyulmuş İpək
kombinatının bazasında
yaradılıb. Hazırda
"Şəki-İpək" ASC-də 6 istehsal sahəsi - baramaaçan, toxucu, boyaq-bəzək, pambıq əyirici, burucu və xalça istehsalı sahələri fəaliyyət
göstərir. Kəlağayıya
tələbatı nəzərə
alaraq 2002-ci ildə səhmdar cəmiyyətin
nəzdində ayrıca
istehsal sahəsi - kəlağayı sexi yaradılıb. Mütəxəssislərin
sözlərinə görə,
əvvəllər kəlağayı
yalnız bişirilib ağardılmış şəkildə,
yəni naxış vurulmadan, boyanmadan xaricə satılırdı.
O vaxtlar ay ərzində 20-30 min sadə kəlağayı
istehsal olunurdu. Bir müddət sonra müəssisədə
boyaq-bəzək istehsal
sahəsi formalaşdı
və ipək kəlağayılar müxtəlif
rənglərlə boyanmağa,
naxışlanmağa başladı.
Yaydır, o üzdən
Şəkinin xarici və yerli qonaqlarının
sayı artıb. Şəkiyə gələn
isə buradan əliboş qayıtmır.
Heç nə almasa da, Şəki
paxlavası və kəlağayısı mütləq
alır.
Qurban MƏMMƏDOV,
Azərbaycan.-2024.-
11 iyul (№ 143).- S.10.