Milli
Məclisin Sədri Sahibə Qafarova BRİCS ölkələrinin Parlament
Forumunda çıxış
edib
İyulun 11-də Rusiya
Federasiyasının Sankt-Peterburq
şəhərində BRICS ölkələrinin X Parlament
Forumunun plenar iclası keçirilib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Forumda çıxış
edərək, parlament
platformasında əməkdaşlığın
əhəmiyyəti, həmçinin
BRİCS-ə üzv ölkələr
arasında əməkdaşlıq
məsələləri barədə
fikirlərini bildirib.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən verilən
məlumata görə,
Milli Məclisin Sədri Sahibə Qafarova iclasda çıxış edərək,
Parlament Forumunun dialoq və əməkdaşlıq üçün
mühüm platforma olduğunu söyləyib.
O, beynəlxalq münasibətlər
sisteminin səmərəliliyinin
artırılmasının siyasi müzakirələrin
əsas mövzularından
olduğunu bildirərək,
qeyd edib ki, beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə ciddi əməl olunmasını, dövlətlərin
suverenliyinə və ərazi bütövlüyünə
hörmət edilməsini,
daxili işlərə
qarışmamanı təmin
etmədən beynəlxalq
sistemin səmərəliliyindən
danışmaq mümkünsüzdür.
Təəssüf ki, beynəlxalq qaydalara əməl edilməməsi,
ikili standartların və selektiv yanaşmanın nümayişi,
bəzi dövlətlərin
maraqlarının üstünlük
təşkil etməsi
istər-istəməz dünyanın
daha parçalanmış
və daha az dinc olmasına
gətirib çıxarmışdır.
Milli Məclisin
sədri Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb
ki, Azərbaycan öz ərazi bütövlüyünü və
suverenliyini bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə
genişmiqyaslı bərpa
və yenidənqurma işlərinə başlayıb.
Keçmiş məcburi
köçkünlər artıq
öz dədə-baba
yurdlarına geri qayıdırlar. Beləliklə
də, Azərbaycan nəinki beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təkbaşına
təmin edib, həm də xalqımızın 30 ilə
yaxın axtardığı
haqq-ədaləti də
bərpa edib.
Spiker Sahibə
Qafarova deyib ki, hazırda Azərbaycan və Ermənistan Cənubi Qafqaz regionuna uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma
prosesini davam etdirirlər. Təəssüflər
olsun ki, həqiqi sülhün mümkünlüyü artdıqca,
biz eyni selektiv yanaşmaların, ikili standartların, müdaxilə cəhdlərinin
yenidən gündəmə
gəlməsinin şahidi
oluruq. Sahibə Qafarova qeyd edib
ki, bizim regionumuzda bu yanaşma Fransa tərəfindən
aşkar şəkildə
tətbiq olunur. O, vurğulayıb ki, bu ölkə müxtəlif bəhanələrlə
regional dinamikaya müdaxilə etməyə,
Cənubi Qafqazı qarşıdurma və özünün biabırçı
neokolonial təcrübələr
meydanına çevirməyə
çalışır. Lakin
Azərbaycanın nümayiş
etdirdiyi sərt və qəti mövqe hər hansı belə cəhdin qarşısını
qətiyyətlə qalır.
Milli Məclisin
sədri deyib ki, beynəlxalq sistemin səmərəliliyinin
təmin edilməsi qarşılıqlı faydaya
əsaslanan ədalətli
münasibətlərin qurulmasını,
bir-birinə hörmət
edilməsini və həqiqi çoxtərəfliliyin
gücləndirilməsini tələb
edir. Azərbaycan öz xarici siyasətində bu prinsipləri rəhbər
tutaraq, həm ikitərəfli əlaqələrində,
həm də çoxtərəfli formatlarda
dialoq, əməkdaşlıq
və həmrəyliyi
təşviq edir. Onun sözlərinə görə, bu prinsiplər həm də BRICS üçün
fəaliyyət prioritetləridir.
Azərbaycan artıq
BRICS-ə qoşulmaq arzusunu
ifadə edib. Diqqətə çatdırılıb
ki, bu kontekstdə
əməkdaşlığın gücləndirilməsi ortaq
məqsədlərimizə xidmət edəcəkdir.
Sahibə Qafarova
bildirib ki, günümüzdə parlamentlərin
beynəlxalq siyasətdə
oynadığı rol
- parlament diplomatiyası
artıq mühüm alətə çevrilib. Bu fakt özlüyündə
beynəlxalq münasibətlər
sisteminin demokratikləşməsini
təmin edir. Hesab edirəm ki, parlamentlər xalqı təmsil etdikləri üçün
əməkdaşlıq gündəliyini
dəstəkləmək, körpülər
qurmaq, qarşıdurmaları
yatırmaq üçün
alternativ, bəzi hallarda isə daha yaxşı imkanlara malikdirlər. O xüsusilə vurğulayıb
ki, parlament təşkilatları Avropa
Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi müəyyən qrupların
maraqlarının oyun
meydanına, təzyiq
və ikili standartlar alətinə çevrilməməlidirlər. Parlament təşkilatları
həqiqi dialoqu və əməkdaşlığı
təşviq etməlidir.
Milli Məclisin
sədri Sahibə Qafarova iyulun 11-də BRICS ölkələrinin X Parlament
Forumunun plenar sessiyasında çıxışı
zamanı bu ilin noyabrında Bakıda keçiriləcək
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası - COP29 haqqında
məlumat verib. Spiker deyib ki,
ölkəmizin bu mötəbər beynəlxalq
tədbirə ev sahibliyi etməsi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə
milli səviyyədə
deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının
göstəricisidir.
Milli Məclisin
sədri bildirib ki, iqlimlə bağlı fəaliyyətin
inkişafı və məqsədlərimizə çatmaq
üçün bütün
tərəflərin iştirakı
vacibdir. Yalnız konstruktiv əməkdaşlıq,
geniş öhdəliklər
və birgə fəaliyyət yolu ilə biz hamı
üçün davamlı
və firavan gələcəyə dair
ümumi baxışımızı
həyata keçirə
bilərik. Spiker Sahibə Qafarova xüsusilə qeyd edib ki, Azərbaycanın
COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsi həm də onun icmaları və ölkələri ümumi məqsəd ətrafında birləşdirmək
potensialına inamdır.
Ölkəmiz iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin səfərbər
olunması istiqamətində
səylərini əsirgəməyəcək.
Parlamentləri iqlim
böhranının həlli
yollarının tapılmasında
fəal olmağa səsləyən Milli Məclisin sədri, iştirakçıları Azərbaycan
Respublikasının Milli
Məclisinin Parlamentlərarası
İttifaqla birlikdə
COP29 çərçivəsində keçiriləcək Parlament
iclas barədə məlumatlandırıb. O vurğulayıb
ki, bu görüş
parlamentarilər üçün
fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə
həll yollarının
tapılması üçün
əlverişli fürsət
olacaq, həmçinin
bu sahədə çoxtərəfli fəaliyyətin
həyata keçirilməsinə
parlament töhfəsini
verəcək. Sahibə
Qafarova, tədbir iştirakçılarını parlament iclasına dəvət edib.
Qeyd edək ki, tədbiri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri
Valentina Matviyenko açıb. O, tədbir iştirakçılarını salamlayaraq, konfrasnın əhəmiyyəti və
müzakirə olunan mövzuların aktuallığı
barədə fikirlərini
bildirib.
Plenar sessiyada çıxış edən
Parlamentlərarası İttifaqın
prezidenti Tulia Akson Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlıqdan məmnunluğunu
bildirib. O, ölkəmizin
Qoşulamama Hərəkatı
Parlament Şəbəkəsinə
uğurlu sədrliyini
təqdir edib.
Tədbirdə həmçinin
təşkilata üzv
ölkələrin parlament
sədrləri də çıxış ediblər.
Azərbaycan.-2024.-
12 iyul (№ 144).- S.7.