Milli Məclisin sədri
Sahibə Qafarova Sankt-Peterburqda MDB PA Şurasının
iclasında iştirak edib
Milli Məclisin
Sədri Sahibə Qafarova iyulun 12-də Rusiya
Federasiyasının Sankt-Peterburq şəhərinə
işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinə
üzv ölkələrin Parlamentlərarası Assambleyası
(MDBPA) Şurasının iclasında iştirak edib.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən bildirilib ki, iclasda bir sıra təşkilati
məsələlər müzakirə olunub və müvafiq qərarlar
qəbul edilib.
Azərbaycan
Respublikasında keçirilən növbədənkənar
prezident seçkilərində MDB PA müşahidəçilərinin
iştirakı haqqında məsələnin müzakirəsi
zamanı çıxış edən spiker Sahibə Qafarova
deyib ki, seçkilərdə aidiyyəti dövlət
orqanları tərəfindən prosesin ən yüksək səviyyədə
keçirilməsi üçün hər cür şərait
yaradılıb, seçki prosesinin tam şəffaflığı
təmin edilib ki, seçicilər öz iradələrini sərbəst
və maneəsiz ifadə edə bilsinlər. Bunu beynəlxalq
müşahidəçilər də ifadə ediblər.
Seçkilərin
monitorinqində 89 ölkəni və 72 beynəlxalq təşkilatı,
o cümlədən 22 parlamenti və 12 parlamentlərarası
təşkilatı təmsil edən 790 beynəlxalq
müşahidəçinin iştirak etdiyini xatırladan Milli
Məclisin sədri seçkilərlə bağlı əsas
məsələ olaraq, onu qeyd edib ki, bu seçkilərdə
xalqımız ərazi bütövlüyünü və
suverenliyini tam bərpa etmiş Azərbaycanın gələcək
inkişafına səs verib. Qeyd olunub ki, İlham Heydər
oğlu Əliyev seçkilərdə iştirak etmiş
seçicilərin 92 faizdən çoxunun səsini toplayaraq
yenidən Azərbaycan Respublikasının Prezidenti
seçilib.
Çıxışında
Sahibə Qafarova deyib ki, seçki proseslərinin
müşahidəsi MDB PA çərçivəsində əməkdaşlığın
mühüm sahəsidir. Bu, seçki prosesinin təşkili və
keçirilməsi sahəsində təcrübə mübadiləsi
kimi üzv dövlətlərin ərazisində
demokratiyanın və qanunun aliliyinin inkişafına töhfə
verir. Bu baxımdan MDB PA-nın Demokratiyanın, parlamentarizmin
inkişafının və vətəndaşların
seçki hüquqlarına riayət olunmasının
monitorinqi beynəlxalq İnstitutunun (DİMBİ), o cümlədən
onun Bakı filialının seçkilərin müşahidəsi
prosesində fəaliyyəti və verdiyi töhfə də
xüsusi diqqətə layiqdir.
Spiker Sahibə
Qafarova çıxışında seçki proseslərinin
monitorinqi sahəsində əməkdaşlığın
davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan
Respublikası Prezidentinin Sərəncamına əsasən
2024-cü il sentyabrın 1-də ölkəmizdə növbədənkənar
parlament seçkilərinin keçiriləcəyi haqda məlumat
verib.
Azərbaycan.-2024.-
13 iyul (№ 145).- S.4.