Azərbaycanın uğur tarixi 55 il öncə başlayıb. 55 il əvvəl - 1969-cu ilin iyulunda Ümummilli Lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Məhz bu tarixdən başlayaraq ölkəmizdə inkişaf mərhələsinin əsası qoyuldu. Hər şeydən öncə, Azərbaycan xalqının milli ruhunun oyadılması istiqamətində addımlar atıldı. Həqiqətən də bir ölkədə milli kimliyə, identikliyə istinad etmək, əsl tərəqqini təmin etmək, gələcəyi qurmaq olduqca çətindir.
Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldikdən sonra xalqımızın milli-mənəvi dəyərlərini ümummilli inkişafın əsas hərəkətverici elementinə çevirdi. O, keçmiş sovet siyasi sistemində çox böyük nüfuza sahib idi, SSRİ-nin ali idarəetmə orqanı olan Siyasi Büronun üzvü idi. Bu amillər və yüksək idarəçilik keyfiyyətləri Heydər Əliyevə imkan verdi ki, qısa zaman kəsiyində Azərbaycanda, sözün əsl mənasında, iqtisadi sıçrayışı təmin etsin.
Azərbaycan zəif aqrar ölkədən sürətlə inkişaf edən sənaye ölkəsinə çevrildi. Məhz Heydər Əliyevin nüfuzu, iradəsi və qətiyyəti sayəsində ittifaqın başqa yerləri üçün nəzərdə tutulmuş mühüm layihələr Azərbaycanda həyata keçirildi. Tez bir zamanda ölkəmizdə iri sənaye obyektləri, müxtəlif istehsal sahələri yaradıldı və Azərbaycan SSRİ-nin ən sürətlə inkişaf edən respublikalarından birinə çevrildi. Əslində, bu, həm də Azərbaycanın digər respublikalardan asılılığının aradan qaldırılmasına hesablanmış addımlar idi. Ölkəmizlə bərabər xalqımız da ən qabaqcıl xalqa çevrilirdi. Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə daim öndə olmağı, davamlı uğur qazanmağı, öz kimliyini daha yaxından dərk etməyi və tanımağı öyrəndi.
Ulu Öndər Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, tanıdılması, milli identiklik hisslərinin gücləndirilməsi məsələlərini daim öz şəxsi nəzarətində saxlayırdı. Xalqımızın tarixi yaddaşının yenilənməsi, uğurlu dövlətçilik ideyalarının formalaşdırılması və həyata keçirilməsi sonrakı mərhələdə daha güclü Azərbaycan dövlətinin qurulmasının ən vacib şərtlərini təşkil edirdi. Azərbaycan xalqının görkəmli nümayəndələrinin daim anılması, xatirələrinin əbədiləşdirilməsi istiqamətində xüsusi tədbirlərin keçirilməsi, yubileylərinin qeyd edilməsi ənənəsinin formalaşdırılması Heydər Əliyevin xalqımız qarşısında çoxsaylı xidmətlərindən idi.
SSRİ-nin süqutundan sonrakı müstəqilliyinin ilk illərində olduğu kimi, Heydər Əliyev Azərbaycanın rəhbəri seçildiyi dövrə qədər də ölkənin həm sosial-iqtisadi, həm də siyasi həyatında ciddi böhran hökm sürürdü. Belə ki, elə həmin dövrdə hakimiyyət uğrunda gizli mübarizə, siyasi intriqalar sosial-iqtisadi inkişaf, milli-mənəvi birlik məsələlərini tam arxa plana keçirmişdi. Bu baxımdan, tam əsasla deyə bilərik ki, Heydər Əliyev 1969-cu ildə də ölkəmizin rəhbərliyinə gəlməklə ilk xilaskarlıq missiyasını yerinə yetirdi. Hər şeydən öncə xalqın mənəvi-psixoloji vəziyyətinə neqativ təsir göstərən halların aradan qaldırılması üçün olduqca təsirli addımlar atdı, soydaşlarımızı böyük uğurlara, zəfərlərə köklədi. Həmin dövrdə də keyfiyyətli, çevik dövlət idarəçiliyi sisteminin qurulmasını inkişafın əsas şərti kimi görən Ümummilli Lider Heydər Əliyev sözügedən istiqamətdə də qısa zaman kəsiyində ciddi proqressiv dəyişiklikləri şərtləndirən tədbirlər gördü, addımlar atdı.
Azərbaycan xalqının rifahı, davamlı milli inkişafı şərtləndirəcək dövlət idarəçiliyi sisteminin qurulması istiqamətində Heydər Əliyevin atdığı ən təsirli addımlardan biri də milli kadrların hazırlanmasından ibarət oldu.
Ötən əsrin 90-cı illəri ilə paralellik aparmış olsaq, Heydər Əliyev birinci dəfə də hakimiyyətə gələndə həmin dövrün reallıqlarına uyğun olaraq ölkəmizin unikal inkişaf konsepsiyasını yaratdı. Çünki o vaxt da ölkəni dərin və uzunmüddətli sosial-iqtisadi böhrandan xilas etmək üçün düşünülmüş, hərtərəfli fəaliyyətləri özündə ifadə edən inkişaf strategiyasının hazırlanmasına böyük ehtiyac var idi.
Dahi lider özünün unikal idarəçilik keyfiyyətlərinə, qətiyyətinə və siyasi iradəsinə söykənərək ölkənin sosial və iqtisadi sahələrində köklü müsbət dəyişiklikləri şərtləndirən və bununla da, keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoyan strategiyanı formalaşdırdı. Bu yeni inkişaf strategiyası sosial-iqtisadi, mənəvi-mədəni inkişafa mane olan bütün halların aradan qaldırılması ilə yanaşı, həm də yeni inkişaf hədəflərinin müəyyənləşdirilməsinə və onlara effektiv çatmağı şərtləndirəcək mexanizmlərin tətbiqinə imkan verdi. Beləliklə, bugünkü inkişafımızda təsirli rol oynayan müxtəlif sahələrdəki resurs potensialları həmin dövrdə Heydər Əliyev tərəfindən artıq formalaşdırılmışdı.
Azərbaycan xalqının sosial-iqtisadi tərəqqisi onun milli özünüdərk hisslərini də oyadır və gücləndirirdi. Ölkəmizlə bərabər xalqımızın obrazı da yenilənirdi.
Ümummilli Lider müstəqil fikir sahibləri olan yaradıcı insanları irəli çəkirdi, onlara hər cür şərait yaradırdı. Ölkənin hər yerində geniş infrastruktur quruculuğu həyata keçirilirdi, inzibati mərkəzlər, ali məktəblər, mədəniyyət sarayları və s. yaradılırdı. Heydər Əliyev böyük uzaqgörənliklə hesab edirdi ki, xalqın mənəvi-psixoloji ruhunun yenilənməsi, milli-mədəni dəyərlərə həssaslıq onun milli özünüdərk hisslərinin gücləndirilməsinin ən vacib şərtləridir. Bu mənada, Azərbaycan dilinin qorunub saxlanılması, inkişaf etdirilməsi Ümummilli Liderin ölkəmizin inkişaf strategiyasının mərkəzi xəttini təşkil etdi. Belə ki, məhz Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycan SSRİ-nin 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit edildi. Bu, Azərbaycan xalqının və dövlətçiliyinin gələcəyi üçün misilsiz tarixi töhfə idi. Dövlət idarəçiliyində Azərbaycan dilinin geniş istifadə olunması məsələsinə Heydər Əliyev ciddi diqqət yetirirdi. Gənclərin öz doğma dillərində təhsil almaları üçün bütün imkanlar yaradılırdı.
Bununla yanaşı, Ulu Öndər azərbaycanlı gənclərin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil alaraq yüksəkixtisaslı kadrlar kimi yetişməsi üçün də geniş imkanlar yaratmışdı. Bu gənclər sonradan vətənə qayıdaraq ümummilli inkişafda mühüm rol oynayırdılar. Bütün bunlarla yanaşı, ayrıca qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə ermənilərin əsas ərazi iddiaları cəhdləri onun tərəfindən qətiyyətlə fiaskoya uğradıldı. O, Qarabağın inkişafına, oradakı soydaşlarımızın vəziyyətinə xüsusi həssaslıqla yanaşırdı.
Göründüyü kimi, Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövrlərində milli tariximizin ən qürurverici səhifələri formalaşıb. Prezident İlham Əliyev Heydər Əliyev irsinə sadiqlik nümayiş etdirərək, onun müəyyənləşdirdiyi strateji xətti davam etdirməklə xalqımızı çox böyük zəfərlərə çatdırdı. Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi, bütün ərazilərimiz üzərində müstəqillik tariximizdə ilk dəfə olaraq tam suverenliyimizin təmin olunması bir daha sübut etdi ki, Heydər Əliyev strategiyası məğlubedilməzdir və ölkəmiz etibarlı əllərdədir.
Elşad MİRBƏŞİROĞLU,
Milli Məclisin deputatı
Azərbaycan.-2024.-
13 iyul (№ 145).- S.7.