Heydər Əliyevin enerji
siyasətinin şah əsəri
BTC-nin fasiləsiz və təhlükəsiz
fəaliyyətinin 18 ili tamam olur
Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biri olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri 18 ildir tam bir sistem olaraq fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir. BTC istismara veriləndən bu ilin birinci rübünün sonunadək ümumilikdə təqribən 568 milyon ton (4,3 milyard barel) xam neft nəql edib. Bu neft həcmləri Ceyhanda 5629 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Cari ilin birinci rübü ərzində isə BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 72 tankerə yüklənib və yola salınıb. Bu barədə kəmərin operatoru olan BP şirkəti məlumat verib. Yeri gəlmişkən, Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları bunlardır: BP (30,10 faiz), SOCAR (25 faiz), MOL (8,90 faiz), "Ekvinor" (8,71faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "TotalEnergies" (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), "EksonMobil" (2,50 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləridir.
Hazırda BTC, əsasən, Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC ilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.
Bunlar bir daha deməyə
əsas verir ki, BTC regionun neft ixracı arteriyasıdır.
BTC-nin Azərbaycan üçün daşıdığı
əhəmiyyəti daim yüksək qiymətləndirən
Prezident İlham Əliyev keçən ayın əvvəlində
Bakı Enerji Həftəsinin
açılışındakı
çıxışında bu kəmərin tarixini yenidən
vərəqləmişdir: "Üç il müddətində
"Çıraq" platformasından ilk neft hasil olundu. Bu,
neft sahəsinin tarixində çox əlamətdar və
rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata
qədər cəmi üç il vaxt ötdü və sonra
Qara dəniz limanlarına gedən iki boru xətti istismara
verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək
idi. Sonra çox çətin relyef şəraitində və
region ölkələrinin və şirkətlərinin
güclü əməkdaşlığı ilə
uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən
əsas neft ixrac boru kəməri ərsəyə gəldi.
Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi və
bizim iqtisadiyyatımızın necə inkişaf etməsinə
nəzər salsanız, onun enerji siyasətimizlə
koordinasiyasını görərsiniz. Sonra Azərbaycan
özünü artıq etibarlı tərəfdaş kimi
sübut etdi və iqtisadiyyatımızın müxtəlif
sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə
investisiyalar yatırıldı".
BTC-yə ilk neft
2005-ci ilın mayında Səngəçal terminalından
vuruldu. Bununla kəmərin Azərbaycan hissəsi işə
düşdü. Həmin ilin oktyabrında Gürcüstan hissəsi
də istifadəyə verildi. BTC-nin Ceyhan terminalına
çatdırdığı xam neftlə ilk tanker 2006-cı
il iyunun 4-də yükləndi. O vaxt təqribən 600 min barel
"Azəri-Çıraq-Günəşli" nefti
"British Hawthorn" tankerinə vurularaq dünya
bazarlarına göndərildi. Həmin il iyulun 13-də BTC-nin
tam sistem kimi istismara başlaması Ceyhan şəhərində
təntənə ilə qeyd olundu. Tədbirdə Azərbaycanın,
Türkiyənin və Gürcüstanın dövlət
başçıları, səhmdar şirkətlərin rəhbərləri,
hörmətli qonaqlar iştirak etdilər.
BTC-nin müəllifi
Ulu Öndər Heydər Əliyevdir. Ümummilli Liderimiz bu
layihəni bir çox sınaqlardan çıxarmış və
təməlini qoymuşdur. Kəmərin sonrakı uğur
salnaməsini Prezident İlham Əliyev davam etdirir. Onu da qeyd edək
ki, BTC istifadəyə verilərkən kəmərin səhmdarları
bu möhtəşəm ixrac xəttinə Heydər Əliyevin
adının verilməsi təşəbbüsü ilə
çıxış etmişlər. BTC bu adı layiqincə
doğruldur.
BTC Azərbaycanın,
Gürcüstanın və Türkiyənin ərazisindən
keçərək 1768 kilometr məsafə qət edir. Azərbaycanın
13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu,
Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir,
Tovuz və Ağstafadan keçən kəmər ölkəmizdə
443, Gürcüstanın 7 bölgəsində 249 və
Türkiyənin 9 rayonunda 1076 kilometrlik yolboyu uzanır.
Keçdiyi ərazilərin coğrafiyasından asılı
olaraq onun borularının diametri 46, 42 və 34 düymdür.
Kəmərin bir
sıra əzəmətli yerüstü qurğuları, o
cümlədən 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi
var. Səngəçaldakı baş nasos stansiyasından
sonra ikinci stansiya yenə Azərbaycanda - Yevlaxda yerləşir.
İki stansiya Gürcüstanda, dördü isə Türkiyə
ərazisindədir.
BTC öz
marşrutu boyu bir neçə dağ silsiləsi qət edir,
o cümlədən 2830 metr yüksəkliyə qalxır, eləcə
də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü
kommunikasiya xətti, eni 500 metrədək çatan Ceyhan
çayının keçidi də daxil olmaqla, 1500-dən
artıq su hövzəsi ilə kəsişir. Ceyhana
yaxınlaşarkən yenidən dəniz səviyyəsinə
enir.
Kəmər
Bosfor və Dardanel boğazlarından yan keçməklə
ekoloji riskləri azaldır. Başlıca nailiyyətlərdən
biri də kəmərin təhlükəsizliyidir. Boruları
etibarlı şəkildə örtüklənmiş və
bütün marşrutu boyu torpaq altında
basdırılmış bu kəmər, necə deyərlər,
səssiz-səmirsiz, ətraf mühitə ziyan vurmadan və
insanlara narahatlıq gətirmədən işləyir. Bir
sözlə, BTC bütün sınaqlardan şərəflə
çıxır. Məlum olduğu kimi, Türkiyədə kəmərin
bir hissəsinin keçdiyi bölgələrdə keçən
ilin fevral ayında zəlzələ baş vermişdi. Lakin
istər nefti nəql edən borular, istərsə də
yerüstü qurğular heç bir mənfi təsirə məruz
qalmamışdı. Bu da BTC-nin necə keyfiyyətlə
inşa olunduğunun, möhkəmliyinin daha bir təsdiqi!
Zaman irəlilədikcə
BTC-nin önəmi artır. Kəmər ahəngdar işləyərək
ölkəmizə, eləcə də regiona gətirdiyi gəlirləri
çoxaldır. Beləliklə, bu boru xətti istifadəyə
veriləndən sonrakı illərdə ölkəmiz
böyük həcmdə valyuta ehtiyatları əldə edib.
Azərbaycan dövləti bu ehtiyatlardan səmərəli
istifadə edərək onları ölkənin əsas
inkişaf istiqamətlərinə yönəldib. Ölkəmizdə
neft kapitalı insan kapitalına çevrilib.
Başqa sözlə,
BTC möhtəşəm, uğurlu, əgər belə ifadə
etmək mümkünsə, xeyirxah bir kəmərdir. O, təkcə
ölkəmizə deyil, bütün regiona xeyir-bərəkət
bəxş edir. Həm birbaşa gəlirləri, həm də
kəmərboyu ərazilərdəki sosial layihələri ilə.
Bu kəmərin
bir əhəmiyyəti də ondan ibarətdir ki, özündən
sonra neçə-neçə digər layihəyə yol
açıb. Bu gün Xəzərin sahilindən
başlayıb bir çox coğrafi ərazilərdən, o
cümlədən Adriatik dənizinin altından keçərək
İtaliyaya çatan və marşrutu boyu neçə-neçə
ölkəyə şaxələnən "Cənub qaz dəhlizi"nin
uğurlu fəaliyyəti də BTC-nin təcrübəsinə
əsaslanır.
İllər
keçir, zaman yeni qlobal layihələrin yerinə yetirilməsini
gündəmə gətirir. Lakin onlar BTC-nin əhəmiyyətini
azaltmır, əksinə, bu kəmər böyük yolun
başlanğıcında daha əzəmətli
görünür və regionun neft ixracı arteriyası kimi
öz yoluna inamla davam edir.
"Gördüyümüz
işlər Azərbaycanın gələcəyi
üçündür". Bu sözləri Ulu Öndər
Heydər Əliyev 2002-ci il sentyabrın 18-də Səngəçal
terminalında BTC-nin təməlqoyma mərasimində
demişdi. Ümummilli Lider tərəfindən gələcəyə
hesablanaraq görülən qlobal işlərdən biri də
elə məhz BTC-nin çəkilişi idi.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
13 iyul (№ 145).- S.8.