Dirçəliş və
inkişaf strategiyasının təməl günü
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın taleyində misilsiz rol oynayıb. Bu tarix Azərbaycanın xilasının başlanğıcı hesab olunur. Məhz bu dövr xalqımızın özünə qayıdışı mərhələsidir.
Müdrik dövlət xadimi öz fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Bu mənada Ulu Öndərin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrü ölkəmizin siyasi təqvimində özünəməxsus yer tutur.
Ümummilli Lider Heydər Əliyev taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirib. Xalqın özünüdərkinə nail olmaq, etnokulturoloji və azərbaycançılıq ideyasını təbliğ etmək dahi liderin əsas amalı idi.
Ulu Öndər dövrünün bütün ideoloji-siyasi maneələrinə baxmayaraq, Azərbaycan xalqının milli inkişaf konsepsiyasını formalaşdırmağa nail oldu. Onun milli ictimai şüuru özünə yönəltmək qabiliyyəti və cəmiyyəti bütün sahələr üzrə gələcək yüksəlişlərə ruhlandırması mühüm önəm kəsb edirdi.
Azərbaycan vətəndaşının müstəqil dövlət anlayışına sahib olması anlayışının təbliği və ona inanması böyük şəxsiyyətin amalı idi. Ulu Öndər məhz Azərbaycan xalqının şüurunda bu inqilabi dəyişikliyi yaratmağa nail olmuşdu. Bu mənada görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Tarixi şəxsiyyətin bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.
1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərin uğurlu siyasi xəttinin əsasında gerçəkləşdi. Həmin illərdə ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Məhz Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya çevrildi.
1969-1982-ci illərdə müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadr hazırlığı da ön planda olub. Ulu Öndər həmin dövrdə milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına xüsusi diqqət ayırırdı. Bunun nəticəsi olaraq məhz həmin illər Azərbaycanda elm və təhsilin inkişaf mərhələsi kimi xatırlanır.
Ümummilli Liderin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə gənclərin müxtəlif elmi biliklərlə yanaşı, hərb sahəsinə də yaxından bələd olması, mənimsəməsi üçün ciddi addımlar atıldı. O dövrün çətinliklərinə və etirazlarına baxmayaraq, Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail oldu. Bu hərbi məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların hazırlanmasına və yetişdirilməsinə mühüm töhfə verdi. Eyni zamanda yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin qabaqcıl ali hərbi məktəblərinə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan idi.
1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilmişdi. Nəticədə, Ümummilli Liderin hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında mühüm rol oynadı.
1978-ci il sovet Azərbaycanının Konstitusiyasının qəbul edilməsi mühüm tarixi hadisə, o dövr üçün inqilabi dəyişiklik idi. Ümummilli Lider Heydər Əliyevin xalqımız üçün göstərdiyi misilsiz xidmətlərindən biri də hər bir xalqın varlığını təsdiq edən başlıca amil, milli-mənəvi dəyərlərini yaşadan, mənəvi sərvəti olan ana dilinin qorunub saxlanması və inkişafı sahəsində fəaliyyətidir.
Hələ sovetlər dövründə Ulu Öndər Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq ana dilinin inkişafına xüsusi diqqət yetirmişdi. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi yüksək dəyəri göstərirdi. O, həmçinin rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Ulu Öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, Heydər Əliyevin təşəbbüsü və qətiyyəti nəticəsində həmin ildə qəbul olunan Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu kimi təsbit olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Liderin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri oldu.
1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. O dövr və ondan sonrakı mərhələdə Azərbaycanın inkişaf strategiyasının əsası, əslində, 1969-cu ilin 14 iyul tarixindən qoyulmuşdu. Bu, tariximizə Azərbaycanın özünəqayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu.
Bir sözlə, Ulu Öndər Azərbaycanı, sözün əsl mənasında, güclü ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Praqmatik xarici siyasət nəticəsində Azərbaycan nüfuzlu dövlətə çevrildi, ölkəmizin dostlarının və tərəfdaşlarının sayı artdı. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət isə Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi düşüb. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.
Ən mühüm məqam isə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunmasıdır.
Sevinc HÜSEYNOVA,
Milli Məclisin deputatı,
YAP Təftiş Komissiyasının sədri
Azərbaycan.-2024.-
13 iyul (№ 145).- S.8.