İki
dost ölkənin münasibətləri daha
da möhkəmlənir
"Azərbaycan və Pakistan
dost ölkələrdir. Bizim dostluğumuzun qədim tarixi var. Bu qardaş ölkə 1991-ci ildə Azərbaycanın dövlət
müstəqilliyini tanıyan
ilk ölkələrdən biridir".
Bu sözləri "Azərbaycan"
qəzetinə açıqlamasında
Milli Məclisin deputatı
Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki,
Pakistan, həm də indiyə qədər Ermənistanla diplomatik əlaqəsi olmayan dörd ölkədən biridir və bunun səbəbi isə Ermənistanın vaxtilə Azərbaycana qarşı etdiyi təcavüz və torpaqlarımızı işğalda
saxlaması olub. Bu gün isə həmin ölkələr
Azərbaycanın Ermənistanla
sülh müqaviləsinin
bağlanmasını gözləyirlər.
Pakistan həmişə Azərbaycanın
yanında olub, ərazi bütövlüyünü
tanıyıb, ölkəmizlə
bütün sahələrdə
əməkdaşlıq edib.
Bu dostluq təkcə rəsmi səviyyədə
deyil, xalqlar arasında da mövcuddur.
"Ayrı-ayrı ziyalı
təbəqələri, universitet
əməkdaşları, iş
adamları arasında
da sıx əlaqələr
var. Prezidentimizin bu ölkəyə dövlət
səfəri münasibətləri
daha da yaxşılaşdıracaq.
Pakistan tərəfi Azərbaycan
Prezidentinin səfərinə
çox böyük həvəslə hazırlaşırdı.
Pakistanın tarixində
ilk dəfədir ki, ölkəyə
səfər edən dövlət başçısının
təyyarəsini qırıcı
təyyarələr qarşıladılar
və müşayiət
etdilər", - deyə
o əlavə edib.
Deputat xatırladıb
ki, Prezident İlham Əliyevin
İslamabada səfəri
zamanı bütün
sahələr üzrə
fikir mübadiləsi aparılıb. Pakistan tərəfi
yenə də Azərbaycanın haqq işini müdafiə etdiyini, ölkəmizin zəfərinin böyük
tarixi əhəmiyyətli
hadisə olduğunu bildirdi. Prezident İlham Əliyev də Azərbaycanın Kəşmir
məsələsində Pakistanın
mövqeyini dəstəklədiyini,
bu məsələdə
həmişə onun yanında olacağını
bəyan etdi. Tərəflər müxtəlif
sahələr üzrə,
ilk növbədə, iqtisadi
sahədə əməkdaşlığı
genişləndirmək barəsində
qərara gəldilər.
A.Mirzəzadə vurğulayıb
ki, Azərbaycan Pakistan iqtisadiyyatının
müxtəlif sahələrinə
sərmayələr yatırmaq
istəyir və bunun üzərində çox ciddi işlər gedir: "Bu səfər iki ölkə arasındakı
münasibətləri daha
da möhkəmləndirəcək. Dövlətlər bir-birinə
daha da yaxınlaşacaq".
Deputat hesab edir ki, Azərbaycan-Pakistan
dostluğu ölkəmizin
dünya birliyində nüfuzunun daha da artmasına dəstək olacaq.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
13 iyul (№ 145).- S.11.