Qarşılıqlı səfərlər
uğurlu perspektiv vəd edir
Prezident İlham Əliyevin Pakistana rəsmi səfəri
zamanı qarşılanma törənini, dövlətimizin
başçısına və ölkəmizə olan diqqəti
görüb qürurlanmamaq mümkün deyil. Xatırladaq ki,
bu, dövlətimizin başçısının qardaş
ölkəyə sayca üçüncü səfəridir.
İnamla qeyd edə bilərik ki, bu səfərlərin
sarsılmaz dostluğa və qardaşlığa əsaslanan
Azərbaycan-Pakistan münasibətlərində yeni səhifənin
açılmasında, əməkdaşlığın bundan
sonrakı yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsində
müstəsna rolu var.
Pakistan yeganə müsəlman ölkəsidir ki,
nüvə silahına sahibdir. Üç əsas - quru
qoşunları, hərbi hava qüvvələri, hərbi dəniz
qüvvələrindən ibarət Pakistan Silahlı Qüvvələri
aktiv şəxsi heyətin sayına görə dünyada
6-cı, müsəlman ölkələri arasında 1-ci yerdə
durur.
1963-cü il razılaşmasına əsasən
Çin və Pakistan yaxın hərbi əlaqələrə
malikdir. 2013-cü ilin hesablamalarına görə, Çin
Pakistanı ən çox silah və texnika ilə təmin edən
ikinci ölkə hesab olunur. Hər iki ölkə bir-biri ilə
nüvə enerjisi və aerokosmik texnologiyalar sahəsində də
sıx əməkdaşlıq edirlər. 2004-cü ildə
Pakistana ABŞ-nin NATO-ya daxil olmayan ölkələr
arasında əsas müttəfiqi statusu verilib. Daxili təchizatdan
sonra Pakistanı əsas hərbi məhsullarla təchiz edən
ölkələr sırasında Çin və ABŞ ilk yerləri
bölüşürlər. İki ölkə arasında
diplomatik münasibətlər 1992-ci il iyunun 9-da
yaradılıb.
Xatırladaq ki, 1993-cü il aprelin 30-da Ermənistan, Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul
edildiyi iclasa Pakistan sədrlik edib. Azərbaycanda səfirliyini
ilk açan ölkələr sırasında da Pakistanın
adını çəkmək olar.
1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk
Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə
olub. Yüksək səviyyədə keçən səfər
zamanı iki ölkə arasında bir sıra sənədlər,
o cümlədən Azərbaycan Respublikası Hökuməti
ilə Pakistan İslam Respublikası Hökuməti arasında
Azərbaycan-Pakistan Birgə Komissiyasının
yaradılması haqqında protokol imzalanıb, "Azərbaycan
Respublikası və Pakistan İslam Respublikası arasında
Əməkdaşlıq haqqında Müqavilə"
bağlanıb.
9 aprel 1996-cı ildə isə Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi
səfərdə olub. İki ölkə arasında münasibətlərin
inkişafına xüsusi təkan verən bu görüşdə
9 sənəd imzalanıb.
Bu məqamda xüsusi olaraq bir vacib məsələni də
qeyd etməyi vacib sanırıq. Azərbaycan
Respublikasının ərazilərini işğal etdiyinə
görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr
qurmayan və bu ölkənin müstəqilliyini tanımayan
dövlətlərdən biridir.
44 günlük Vətən müharibəsi zamanı
Pakistanın mənəvi-siyasi cəhətdən Azərbaycanı
dəstəkləməsinin şahidi olduq. Müharibədən
az sonra Azərbaycana səfər edən Pakistan Quru
Qoşunlarının komandanı, ordu generalı Qamar Caved
Bacva "Azərbaycanın Qarabağ müharibəsində qələbəsi
və öz ərazi bütövlüyünü bərpa etməsi
hər bir müsəlman, hər bir pakistanlı
üçün möhtəşəm hadisədir",
-demişdi.
Dövlətimizin başçısının iyulun
11-də Pakistana səfəri zamanı qardaş ölkənin
Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın
Qarabağla bağlı haqq işini ölkəsinin hər
zaman dəstəklədiyini bildirərək: "Qələbəniz
ədalətin hərtərəfli təntənəsinin
nümunəsidir" - deyib.
Ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar,
o cümlədən BMT, Qoşulmama Hərəkatı,
İslam Əməkdaşlıq Təşkilatı,
İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya
Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans
çərçivəsində də uğurla əməkdaşlıq
edib, bir-birilərinə həmişə dəstək verib.
Xüsusən də 44 günlik Vətən müharibəsindən
sonra Türkiyə-Pakistan-Azərbaycan
"üçbucağı" formalaşmağa
başlayıb. Hər üç ölkənin liderləri,
parlament, hərbi və diplomatik heyətləri arasında
üçtərəfli görüşlər və sənədlər
imzalanıb, qeyri-rəsmi bir ittifaq formalaşıb. Xüsusən
də İkinci Qarabağ müharibəsindən sonra
Pakistan-Azərbaycan əlaqələri yeni bir mərhələnin
başlandığına şahidlik edir.
Cari ilin iyununda Nyu Yorkda keçirilmiş BMT-nin
İqtisadi və Sosial Şurasının (ECOSOC) 2025-2027-ci illər
üzrə üzvlüyünə seçkilərdə Azərbaycan
Respublikasının namizədliyi, 2023-cü il yanvarın 24-də
Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq
Təşkilatının (İƏT) Xarici İşlər
Nazirləri Şurasının 26-cı iclasında
Şuşa şəhərinin 2026-cı ildə İƏT-in
turizm paytaxtı elan edilməsi üçün irəli
sürülmüş təşəbbüs, ötən il
oktyabrın 12-də BMT-nin İnsan Hüquqları
Şurasının 54-cü sessiyası çərçivəsində
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan
tərəfindən irəli sürülmüş və
yüzdən çox ölkənin həmmüəllif olaraq
qoşulduğu inkişaf hüququ üzrə qəbul
olunmuş qətnamə Pakistan tərəfindən dəstəklənib.
Son illərdə
iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib.
Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq
Təşkilatının son iki Sammitində Pakistanın
Baş naziri Məhəmməd Şahbaz Şəriflə
görüşüb. Bundan əlavə, ötən ilin
iyununda Pakistanın Baş naziri Azərbaycanda səfərdə
olub.
İyulun 3-də
Astanada "ŞƏT plyus" formatında görüş
çərçivəsində Azərbaycan Prezidenti İlham
Əliyevin, Pakistanın Baş naziri Məhəmməd
Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın iştirakı ilə təşkil
olunan üçtərəfli görüş Azərbaycan,
Pakistan və Türkiyə arasında bütün tərəflərin
qarşılıqlı maraqlarına xidmət edən və
regional güc birliyini şərtləndirən çox önəmli
bir görüş oldu. Həmin görüşdə
iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla
yanaşı, "Üç qardaş" şüarı
altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin
vurğulanması və üç ölkənin Silahlı
Qüvvələri tərəfindən birgə təlimlərin
bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin
irəli sürülməsi, müdafiə sənayesi sahəsində
birgə istehsalın təşkili məsələsinin
gündəmə gətirilməsi üç ölkə
arasında hərbi-siyasi sahədə əlaqələrin
bundan sonra daha da dərinləşəcəyini deməyə
imkan verir.
2023-cü ildə
iki ölkə arasında ticarət dövriyyəsinin həcmi
27 milyon ABŞ dolları təşkil edib. Pakistan tərəfi
Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə
qoymasında çox maraqlıdır.
Hazırda Azərbaycanda
3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb
və onlar sənaye, kənd təsərrüfatı, tikinti,
ticarət, nəqliyyat və xidmət sahələrində
aktiv fəaliyyət göstərir. Pakistan şirkətləri
işğaldan azad edilmiş ərazilərdə yenidənqurma
və bərpa işlərində iştirak üçün
də müraciət ediblər. Azərbaycan Pakistan ilə
iqtisadi-ticari əlaqələrinin genişləndirilməsini
vacib hesab edir. Prezident İlham Əliyevin
tapşırığı ilə, Pakistandan idxal olunan
düyü məhsullarının idxal rüsumu birtərəfli
güzəşt tətbiq edilməklə 2027-ci il dekabrın
31-dək 15 faizdən 0 faizə endirilib.
Prezident İlham Əliyevin Pakistana son səfəri
ölkələr arasındakı strateji tərəfdaşlıq
münasibətlərinin daha da gücləndirilməsi və
bütün sahələr üzrə əməkdaşlığın
hərtərəfli genişləndirilməsi baxımından
tarixi önəm kəsb edir. Səfər zamanı Prezident
İlham Əliyevin Pakistan İslam Respublikasının Baş
naziri Məhəmməd Şahbaz Şərif və Prezident
Asif Əli Zərdari ilə keçirilən ikitərəfli
görüşləri, həmçinin səfər çərçivəsində
əməkdaşlığın müxtəlif sahələrini
əhatə edən 10-dan çox sənədin imzalanması
ölkələrimz arasında yeni uğurlu perspektivlərin
yarandığından xəbər verir .
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
13 iyul (№ 145).- S.11.