Görkəmli
rəssamın yaradıcılıq
dünyası
Sənətinə sadiq,
xalqımızın milli
adət-ənənələrinə bağlı, klassik yaradıcılıq üslubuna
həmişə ciddi
əməl edən, öz bədii yaradıcılıq dəst-xəti
ilə seçilən,
təsviri sənətin
qrafika sahəsində
uğurlu əsərlər
yaradan Xalq rəssamı Cəmil Müfidzadənin bu il anadan olmasının
90 illiyidir.
Cəmil Miryusif
oğlu Müfidzadə
Naxçıvanın Ordubad
rayonunda doğulmuşdu.
O, ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq
Texnikumunda (1948-1955), Kiyev
orta rəssamlıq məktəbində (1955-1956), daha
sonra isə Xarkov Dövlət Rəssamlıq İnstitutunda
(1956-1962) almışdı. Rəssam qrafika sənətinin özünəməxsus
və mürəkkəb
sirlərini Xarkovda məşhur qrafiklər V.F.Mironenko və Q.A.Bondarenkodan öyrənmişdir.
C.Müfidzadənin yaradıcılığı
dərin bədii-fəlsəfi
mahiyyəti, yüksək
estetik çalarları
və bədii düşündürücülük xüsusiyyətləri ilə
seçilir. O, uğurlu
pedaqoji fəaliyyətlə
də məşğul
olub. Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının professoru
kimi həm də kafedra müdiri vəzifəsində
işləyib. C.Müfidzadə
bir çox xarici ölkələrdə
yaradıcılıq ezamiyyətlərində
olub, fərdi sərgiləri təşkil
edilib. Rəssamın davamlı bədii və pedaqoji fəaliyyəti dövlətimiz
tərəfindən yüksək
qiymətləndirilib. O, Azərbaycanın
Xalq rəssamı yüksək fəxri adına layiq görülüb, Prezident
təqaüdçüsü olub.
C.Müfidzadə çoxsaylı
silsilə qrafik əsərlər yaradıb.
Bunlara misal olaraq, "Bakı albomu" (1962-1966), "Buhenvald"
(1965- 1967), "İçərişəhər"
(1966-2000), "Abşeron nefti"
(1967-1975), "Sülhün keşiyində" (1970-1972), "Şimal" (1976-1979), "Bu
bir daha təkrar olunmamalıdır"
(1980-1990), "Xınalıq"
(1980-1990), "Monqolustan torpağında"
(1982-1986), "Misir təəssüratları"
(2004-2006) və digərlərini
qeyd etmək olar.
Rəssamın diqqəti
cəlb edən və demək olar ki, bütöv
yaradıcılığı boyu həmişə dönə-dönə müraciət
etdiyi mövzu "İçərişəhər" silsiləsidir. C.Müfidzadə
bu silsiləyə daxil olan çoxsaylı
qrafik əsərlərində
sanki "itirilmiş və ya unudulmuş
keçmiş"in axtarışı
izlərinə düşüb.
Onun "Qədim Bakı" (1977), "Məhəllə
məscidi" (1978), "Yeni
məscid" (1977), "Köhnə
məhəllələr" (1990), "İçərişəhər" (1991),
"Qədim evlər"
(1991), "Xan sarayı"
(1992), "Karvansara" (2003) və başqa rəsmləri sanki "Min bir gecə" nağıllarını xatırladır.
C.Müfidzadənin "Abşeron nefti" silsiləsi yaradıcılığında
mühüm yer tutur. Rəssam Abşeron yarımadasında
və Xəzər dənizində mövcud olan neft sənayesinə
həsr etdiyi əsərlərində əməyin
romantikasını, neft
sənayesini daha çox bədii təxəyyülün məhsulu
kimi, yaradıcı fantaziyasının diktəsi
əsasında ərsəyə
gətirib. Bu silsiləyə daxil olan əsərlərinə
"Abşeron motivi"
(1968), "Neft çənləri"
(1970), "Neft piramidası"
(1970), "Neft eşalonu"
(1971), "Dəniz mədəni"
(1971), "Neft dənizi"
(1971), "Mənim Bakım"
(1971), "Neft məbədi"
(1972), "Bakı - neft
paytaxtıdır" (1974), "Abşeron mənzərəsi"
(1975) və sairəni
misal göstərmək
olar.
C.Müfidzadə "Xınalıq" silsiləsində
bir çox rəssamlarımızın ilham
qaynağına çevrilmiş
qədim tarixi və milli etnoqrafik
xüsusiyyətləri ilə
seçilən bu bölgənin özünəməxsus
təbii görüntüsünü
və əməksevər
insanlarının gündəlik
həyat şəraitini
sənətin xüsusi
dili və yaddaqalan təsirli bədii ifadə vasitələri ilə təsvir edib. "Xınalığın görünüşü"
(1981), "Kəndin əvvəli"
(1982), "İntizar" (1982), "Sudan gələn"
(1982), "Üç qardaş"
(1985), "Gün batarkən"
(1986), "Suya gedən"
(1986), "Evin qarşısında"
(1990), "Rəfiqələr" (1996),
"Xınalığın adi günü" (2000),
"Sudan gələn
qızlar" (2002), "Yaylağa
hazırlıq" (2002) əsərlərində
milli ənənələrə
bağlılıq özünü
qabarıq şəkildə
büruzə verir.
C.Müfidzadə xarici
ölkələrdə yaradıcılıq
ezamiyyətlərində olmuş
və zəngin müşahidələri nəticəsində
maraqlı əsərlər
yaratmışdır. Onun
bu sırada "Monqolustan torpağında",
"Misir təəssüratları"
və başqa silsilələrini qeyd etmək olar.
Bu il həm də rəssamın dünyasını
dəyişməsindən beş
il ötür. Azərbaycan təsviri sənətinin, o cümlədən
də qrafika sənətinin inkişafına
özünəməxsus bədii
yaradıcılıq töhfələri
bəxş etmiş Cəmil Müfidzadənin
yaradıcılıq dünyası
onu tanıyanların və sənətsevərlərin
yaddaşında həmişə
yaşayacaq.
Əsəd QULİYEV,
Rəssamlar İttifaqının
üzvü, sənətşünas
Azərbaycan.-2024.-
13 iyul (№ 145).- S.14.