55 il öncə
milli inkişafın və tarixin ən qüdrətli Azərbaycanının təməli
qoyuldu
XX yüzillikdə milli
tariximizin və taleyimizin bir çox dönüş anları müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu
və banisi Heydər Əliyevin adı və parlaq əməlləri ilə bağlı olmuşdur. Heydər Əliyev şəxsiyyəti
o qədər böyük,
o qədər misilsizdir
ki, bu gün
onun xalqımız və dövlətçiliyimiz
qarşısındakı xidmətlərindən
danışarkən, təkcə
bu böyük şəxsiyyətin respublikamıza
rəhbərliyi illərində
həyata keçirilmiş
nəhəng işləri
və nailiyyətləri
qeyd etməklə kifayətlənmək mümkün
deyil.
Onun ölməz
ideyaları, xalqımıza
miras qoyduğu zəngin irs Azərbaycanın inkişaf
salnaməsində əbədiyaşarlıq
hüququ qazanmışdır.
İllər sürətlə
ötüb keçsə
də Heydər Əliyevin adı, onun misilsiz əməlləri
xalqımızın və
tarixin yaddaşından
əsla silinməyəcək
və Azərbaycan yaşadıqca Heydər Əliyev də var olacaq!
Azərbaycanı yenidən
qurmaq taleyi
Öz xalqının
taleyini dəyişdirən,
onu dünyanın qabaqcıl xalqları sırasına çıxaran
böyük şəxsiyyət
və liderləri müasirlərindən fərqləndirən
ən mühüm cəhətlərdən biri
budur ki, onlar zaman və
məkan fərq etmədən, situasiya və şəraitdən asılı olmayaraq, yalnız milli mənafe və maraqlara xidmət etmiş, xalqının inkişafı və parlaq gələcəyi naminə mümkün olan hər şeyi
etmişdir. Belə liderlər təkcə bayraqdar kimi gələcəyə işıq
tutmamış, həm
də böyük
əzmlə xalqının
gələcəyini qurmuş,
yaratmışlar. Ulu Öndər Heydər Əliyev də məhz belə bir qətiyyətli lider və rəhbər
olmuşdur.
Heydər Əliyev
bənzərsiz siyasət
ustası, yüksək
təşkilatçılıq bacarığına malik olan rəhbər, ən mürəkkəb zamanlarda belə doğru qərarları qəbul etmək gücündə olan böyük lider idi. Heydər Əliyevə nə sovet Azərbaycanında, nə də müstəqilliyin bərpasından
sonra hakimiyyət olimpinin zirvəsinə yüksələrkən, sələflərindən
heç də oturuşmuş düzənə,
işlək mexanizmlərə
malik bir sistem "miras" qalmamışdır. Əksinə,
Ulu Öndər xaos, böhran içində olan siyasi, iqtisadi institutlar, ruhdan düşmüş xalq və gələcəyi ciddi suallar doğuran
respublika təhvil almışdır. İstər
keçmiş Sovet İttifaqı dövründə,
istərsə də Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra ölkəmizə rəhbərlik
etdiyi illərdə Ulu Öndər Heydər Əliyevin həyat amalı xalqımıza ləyaqətlə
xidmət etmək, onun firavan, xoşbəxt
gələcəyini təmin
etmək olmuşdur.
O, bütün mənalı
həyatını Azərbaycan
xalqının xoşbəxt
gələcəyinin təmin
olunmasına həsr etmişdir. Heydər Əliyev harada olmasından, hansı vəzifədə çalışmasından
asılı olmayaraq, onun nəbzi Vətənin nəbzi ilə bir vurmuş,
bütün istedadını,
bilik və bacarığını milli
dövlətçilik ideyasının
gerçəkləşdirilməsinə sərf etmişdir.
Ulu Öndər
Heydər Əliyevin taleyinə Azərbaycanı
qurmaq, yaratmaq yazılmışdır. O, xilaskarlıq,
xalqını bəlalardan
qorumaq missiyasını
nə qədər uğurla həyata keçirmişdisə, ölkəmizi
kərpic-kərpic qurmaq,
şəhərləri, kəndləri
yaratmaq, abadlaşdırmaq
vəzifəsini də
eyni müvəffəqiyyətlə
yerinə yetirmişdir.
1969-cu ilin iyul plenumu ərəfəsində
Azərbaycan keçmiş
ittifaq miqyasında ən geridə qalmış aqrar respublikalardan biri idi. Respublika həyatının bütün
sahələrində ciddi
geriləmə, iqtisadiyyat
və sosial sahədə dərin böhran meyilləri baş vermişdi. 55 il öncə iyul ayının 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər
seçilməsindən sonra
isə vəziyyət
köklü surətdə
dəyişmiş, artıq
1980-ci illərin əvvəllərində
Azərbaycan Heydər
Əliyevin yüksək
idarəçilik məharəti,
yenilməz iradəsi,
düşünülmüş və uzaqgörən fəaliyyəti sayəsində
keçmiş ittifaqda
ən qabaqcıl respublikalardan birinə çevrilmişdi. Bu, Heydər Əliyevin peşəkar siyasətçi
və bacarıqlı
rəhbər olmaqla yanaşı, həm də respublikanın xalq təsərrüfatına
dərindən bələd
olan görkəmli dövlət xadimi olmasını təsdiqləyir.
Onun rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial tədbirlər sayəsində
respublikada iqtisadiyyatın
bütün sahələrinin,
elm və mədəniyyətin inkişafına,
xalqın həyat səviyyəsinin əsaslı
şəkildə yüksəldilməsinə
nail olunmuşdur. Həmin illərdə Ümummilli Liderin təşəbbüsü ilə
reallaşdırılan islahatların
sayəsində Azərbaycan
geridə qalmış
aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevrilmişdir.
Ulu Öndərin
respublikamıza rəhbərliyinin
birinci dövründə
aparılan genişmiqyaslı
quruculuq işləri nəticəsində Azərbaycanda
bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, səhiyyə
müəssisələri tikilmiş,
ən ucqar dağ kəndlərinə
belə yollar salınmışdır. Məhz Ümummilli Liderin təşəbbüsü və
rəhbərliyi ilə
respublikada 250-dən çox
zavod, fabrik, istehsalat sexləri və digər obyektlərin istifadəyə
verilməsi ilə əhalinin yeni iş yerləri ilə təmin olunması həyata keçirilmişdir.
Bu dövrdə yaradılan yeni nəhəng sənaye obyektləri, neft, neft - kimya, maşınqayırma
müəssisələri istehsal
gücü baxımından
keçmiş ittifaq miqyasında ən qabaqcıl yerləri tuturdu. Məhz o illərdə formalaşmış
çox möhkəm
sənaye potensialı
və icra edilmiş infrastruktur layihələri bu gün də müstəqil Azərbaycana
xidmət göstərir.
14 il ərzində
gələcək müstəqilliyin
möhkəm təməli
yaradıldı
Heydər Əliyev
milli mənsubiyyəti
ilə fəxr edən və milli kimliyimizi qürur mənbəyinə
çevirən böyük
şəxsiyyət və
lider olmuşdur. O, heç vaxt və heç bir halda milli
məsələlərdə güzəşt etməmiş,
xalqımızın milli,
tarixi dəyərlərini,
ənənələrini ləyaqətlə
qorumuş və yaşatmışdır. Ona
görə də biz Ulu Öndər
Heydər Əliyevin
1969-1982-ci illərdə Azərbaycan
xalqı qarşısında
misilsiz xidmətlərindən
bəhs edərkən,
onun tarixi yaddaşın bərpası,
xalqımızın milli
ruhunun canlanması, milli özünüdərk
istiqamətində atdığı
addımları və
qəbul etdiyi qərarları fəxrlə
qeyd edirik. Həmin dövrdə Heydər Əliyevin təşəbbüsü ilə
Bakıda və Moskvada Azərbaycanın tanınmış ədəbiyyat,
incəsənət və
elm xadimlərinin yubileyləri keçirilmiş,
onların fəaliyyəti
yüksək dövlət
mükafatları və
fəxri adlarla qiymətləndirilmiş, abidələri
ucaldılmış, minlərlə
azərbaycanlı gənc
SSRİ-nin qabaqcıl
ali təhsil müəssisələrinə göndərilmiş,
azərbaycanlı hərbçi
kadrların yetişdirilməsinə,
respublikada hərbi təhsilin inkişafına
xüsusi diqqət yetirilmişdir. Çünki
Heydər Əliyev gələcəyi görürdü,
gələcəyi qururdu
və bir gün həmin kadrlara xalqımızın
ehtiyac duyacağını
bilirdi. Ona görə də ciddi maneələrə baxmayaraq, milli hərbi kadrların yetişdirilməsi məqsədilə
1971-ci ildə respublikamızda
Cəmşid Naxçıvanski
adına ixtisaslaşdırılmış
məktəb təşkil
olundu. Ulu Öndər Heydər Əliyev bu məktəbin əhəmiyyəti
barədə sonralar belə deyirdi: "Biz Cəmşid Naxçıvanski adına
Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda
o bizim üçün
nəzəriyyə deyildi,
böyük gələcəyə,
Azərbaycanın gələcəyinə
baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün
ilk uğurlu addımlar idi. Biz bu addımları
atarkən düşünürdük
ki, zaman gələcək Azərbaycan
xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini
əldə edəcək,
müstəqil Azərbaycan
dövləti yaranacaq.
Yarandı da".
Ulu Öndər
həmin dövrdə
azərbaycanlı gənclərin
Bakı Ali Birləşmiş Komandanlıq
və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə,
eləcə də
SSRİ-nin digər hərbi məktəblərinə
güzəştli şərtlərlə
qəbul edilməsinə
də nail oldu. Cəmşid Naxçıvanski adına
Hərbi Liseydə və digər hərbi məktəblərdə
yetişən milli zabit kadrlarımızın
Silahlı Qüvvələrin
formalaşmasında müstəsna
rolu vardır. Bu məktəblərdə
yetişən Azərbaycan
hərbçiləri Birinci
Qarabağ müharibəsində
misilsiz igidliklər göstərmişlər.
Ulu Öndərin
qətiyyəti nəticəsində
Azərbaycan dilinin respublikanın dövlət
dili olması ilə bağlı müddəa 1978-ci il Konstitusiyasına daxil edilmişdir. Ulu Öndərin azərbaycançılıq
ideologiyası da xalqımızın və
soydaşlarımızın milli birlik və
həmrəyliyini təmin
etmiş, Azərbaycan
müstəqilliyini bərpa
etdikdən sonra isə azərbaycançılıq
müstəqil dövlətimizin
ideya əsasını
təşkil etmiş,
məhz Heydər Əliyevin rəhbərliyi
ilə bu ideologiya dövlət siyasəti səviyyəsinə
qaldırılmışdır. Bu cəsarətli qərarlar Heydər Əliyev şəxsiyyətinin
böyüklüyünü, onun qətiyyətinin və dönməzliyinin Azərbaycan xalqının
dünəni, bu günü və gələcəyindəki əvəzsiz
yerini çox aydın ifadə edirdi.
Beləliklə, Ulu
Öndərin 14 illik fəaliyyəti ilə təkcə ittifaq respublikası olan Azərbaycanın deyil, həm də gələcək müstəqil
Azərbaycanın möhkəm
təməli, sonrakı
nəsillərin xoşbəxt
və firavan həyatının əsasları
yaradılmışdır.
Ürəyi daim
doğma vətəni
ilə birgə döyünürdü
Ulu Öndər
Heydər Əliyevin respublikamıza uğurla rəhbərliyi, Azərbaycanın
Onun rəhbərliyi altında əldə etdiyi nəhəng nailiyyətlər, şübhəsiz
ki, diqqətlə izlənilmiş, Ümummilli
Liderin yüksək rəhbərlik və liderlik bacarığı,
səriştəsi, üzərinə
götürdüyü bütün
vəzifələri müvəffəqiyyətlə
həyata keçirməsi
ittifaq mərkəzində
hər kəsin diqqətini cəlb etmişdir. O, 1982-ci ildə
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş,
SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini təyin edilmişdir.
Heydər Əliyev
böyük bilik və təcrübəsi,
idarəçilik istedadı,
ən mürəkkəb
problemləri həll etmək bacarığı
və yüksək işgüzarlığı ilə
ətrafdakı hər
kəsdən seçilir,
həlli mürəkkəb
görünən, ən
mühüm layihələrə
rəhbərlik məhz
Ulu Öndərə həvalə edilirdi. Təkcə Heydər Əliyevin birbaşa rəhbərliyi ilə inşa olunan və cari ilin aprel ayında
50 illik yubileyi qeyd edilən Baykal-Amur Magistralının
adını çəkməklə
biz onun bu vəzifədə olarkən, hansı səviyyədə böyük
işlərə imza atdığının bir
daha şahidinə çevrilirik.
Əlbəttə, SSRİ kimi nəhəng dövlətin hakimiyyət
iyerarxiyasının ən
üst pillələrində
bir azərbaycanlının
təmsil olunması çox qürurverici hadisə idi. Bu eyni zamanda
Ulu Öndər Heydər Əliyev üçün respublikamızın
ictimai, mədəni həyatı ilə daim maraqlanmaq, öz dəstəyini göstərmək üçün
böyük imkan idi. Əgər biz o illərdə Heydər Əliyevin respublikamızın inkişafı
üçün gördüyü
işləri, onun dəstəyi ilə həyata keçirilən
tədbirləri nəzərdən
keçirsək, bir daha onun xalqını
nə qədər sonsuz bir məhəbbətlə
sevdiyinin şahidi olarıq. Ona görə də belə bir haqlı
və obyektiv fikri söyləyə bilərik ki, Heydər Əliyev harada olmasından asılı olmayaraq, onun ürəyi doğma vətəni ilə birgə döyünürdü. Onun
mərkəzi hakimiyyətdə
yüksək vəzifə
tutması ermənilərin
də Azərbaycanla bağlı məkrli planlarının həyata
keçməsinə mane
olur, ölkəmizlə
bağlı bədnam
niyyətlərin qarşısına
sədd çəkirdi.
Heç də təsadüfi deyil ki, 1987-ci il oktyabrın 21-də Heydər
Əliyevin Sov.İKP
MK-nın Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun
yürütdüyü siyasi
xəttə etiraz olaraq tutduğu vəzifədən istefa verməsindən sonra Azərbaycana qarşı təxribatlar genişlənmiş
və ölkəmizə
qarşı işğalçılıq
siyasəti baş qaldırmışdır.
Xalqın böyük
hamisi
Ötən əsrin
sonlarında baş verən bir sıra hadisələr bütün dünya nizamına əsaslı şəkildə təsir
göstərmişdir. Keçmiş
ittifaqın süqutu və dağılması,
yeni müstəqil dövlətlərin dünya
xəritəsinə çıxması
tamamilə yeni situasiya yaratmışdı.
Azərbaycan xalqı da əlverişli tarixi şəraitdən istifadə edərək, illərdir qəlbində yaşatdığı müstəqillik
arzusunu gerçəkləşdirdi.
Təəssüf ki,
Azərbaycan xalqı bu proseslərdən ən çox zərər çəkən,
faciəvi hadisələrlə
üz-üzə qalan
xalqlardan biri olmuşdur. 1990-cı ilin
20 Yanvar hadisələri
isə Azərbaycan xalqına qarşı törədilən növbəti
qanlı təxribat idi. 20 Yanvar hadisələrinə ilk etiraz səsini ucaldan, informasiya blokadasını yararaq, baş verən hadisələri beynəlxalq
ictimaiyyətə çatdıran
məhz Heydər Əliyev olmuşdur. Həmin vaxt özünün və ailə üzvlərinin həyatlarına təhdidlərə,
təzyiqlərə baxmayaraq,
Ulu Öndər hadisənin ertəsi günü - yanvarın
21-də Moskvada Azərbaycanın
daimi nümayəndəliyinə
gələrək, xalqımıza
qarşı törədilən
cinayəti pisləmiş,
onun törədilməsi
səbəblərini, təşkilatçılarının,
günahkarlarının adlarını
açıq mətnlə
bəyan etmiş və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə
etmişdir. Bununla da Ümummilli Lider tərəfindən bütün dünya ictimaiyyəti bu böyük faciə haqqında tam detalları ilə məlumatlandırılmışdır. Heydər Əliyev qanlı cinayətə etiraz olaraq, daha bir cəsarətli
addım ataraq, Kommunist partiyasının sıralarını tərk
etmişdir. Dövrün
şərtlərini nəzərə
alanda əmin olursan ki, bu
qərarı yalnız
Heydər Əliyev kimi böyük siyasi iradəyə, sarsılmaz əqidəyə
malik olan, bütün varlığı
ilə xalqını sevən qətiyyətli bir lider qəbul
edə bilərdi və Azərbaycan xalqı Ulu Öndərin timsalında
özünün böyük
hamisini görürdü.
Heydər Əliyev
kimi nəhəng şəxsiyyətlərin qəbul
etdiyi qərarlar, atdıqları addımlar
öz xalqlarının
taleyini dəyişir.
Onun Naxçıvana qayıdışını da
biz taleyin hökmü kimi qiymətləndirə bilərik.
Bu dönüş həm Onun siyasi
fəaliyyətinin, həm
də xalqımızın
tarixinin növbəti
parlaq səhifələrini
təşkil edir. Ulu Öndər blokada altında olan, məhrumiyyətlərlə
yaşayan Naxçıvanı
xilas etməklə yanaşı, eyni zamanda böyük rəhbərin yandırdığı
müstəqillik, azadlıq
məşəli bütün
respublikamızın üzərinə
işıq saldı və Azərbaycanın müstəqilliyə gedən
yolda ilk addımları məhz Heydər Əliyevin təşəbbüsü ilə
Naxçıvanda atıldı.
Ona görə də Ulu Öndər
Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi
dövrünü Azərbaycan
tarixində müstəsna
əhəmiyyətə malik,
Azərbaycanın tarixinə
parlaq hərflərlə
yazılmış mərhələ
hesab edirik.
Heydər Əliyev
Naxçıvanda dövlətçilik
tarixi baxımından
çox qısa bir dövrdə bir xalqın, millətin taleyinə yön verən mühüm qərarlar qəbul etdi. Məhz bu dövrdə
Heydər Əliyevin təşəbbüsü və
sədrliyi ilə Naxçıvan Ali Məclisinin - ovaxtkı Ali Sovetin sessiyasında
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli
bayrağı dövlət
bayrağı elan edilmiş, eyni qərarın Azərbaycan
Ali Soveti tərəfindən də
qəbul olunması üçün vəsatət
qaldırılmış, Heydər
Əliyevin təşəbbüsü
ilə muxtar respublikanın Ali Məclisi onun adından "sovet" və "sosialist" sözlərinin çıxarılması
haqqında qərar qəbul etmişdir. 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
kimi təsis olunması haqqında qərar qəbul etmişdir. Həmin dövrdə SSRİ-nin saxlanması məqsədilə
respublikada keçirilən
referendum Ulu Öndərin rəhbərliyi
ilə Naxçıvanda
boykot edilmiş, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycan
Ali Sovetinin 1991-ci il sentyabrın 8-nə təyin etdiyi prezident seçkilərinin
muxtar respublikanın ərazisində keçirilməsi
dayandırılmışdır.
Bu dövrdə
muxtar respublikada dövlət quruculuğu,
hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi
sahəsində mühüm
işlər görülmüş,
siyasi böhran aradan qaldırılmış,
iqtisadi islahatlar həyata keçirilmiş,
hərbi quruculuq məsələlərinə xüsusi
diqqət yetirilmiş,
keçmiş sovet ordusunun bu ərazidəki
bütün silahları
və texnikası alınıb Milli Ordu hissələrinə verilmiş, Naxçıvan
erməni işğalından
xilas olmuş və muxtar respublikanın iqtisadi-sosial
blokadadan çıxarılması
üçün ilk və sağlam addımlar atılmışdır.
Azərbaycanın müasir
siyasi sisteminin əsasları da məhz həmin dövrdə yaradılmışdır.
1992-ci ilin noyabr ayının 21-də Azərbaycanın
siyasi palitrasının
avanqardı və lokomotivi olan Yeni Azərbaycan Partiyasının yaradılması
ölkəmizə yeni
siyasi dəyərlər,
siyasi mədəniyyət
gətirmişdir. YAP Heydər
Əliyevin rəhbərliyi
ilə Azərbaycanda demokratik ənənələrin
formalaşmasında flaqman
olmuş, ölkəmizin
dövlətçilik sütunlarının
yaradılmasına və
möhkəmləndirilməsinə yönəlmiş dövlət
siyasətinə özünəməxsus
töhfələr vermişdir.
Dövlət müstəqilliyinin
əbədiliyinin və
dönməzliyinin təmin
edildiyi taleyüklü
mərhələ
Muxtar respublikada
Azərbaycanın dövlətçilik
tarixi baxımından
örnək qərarlar
qəbul edilib, Heydər Əliyevin liderliyi ilə möhtəşəm addımlar
atılarkən, təəssüf
ki, mərkəzdə
və respublikanın digər ərazilərində
hadisələr ölkəmizin
gələcəyi baxımından
tamamilə bədbin əhvali-ruhiyyədə davam
edirdi. Səriştəsiz
və bacarıqsız
iqtidarların yanlış
siyasəti nəticəsində respublika
həyatının bütün
sahələrində dərin
böhran yaranmış,
ölkədə siyasi
və hərbi vəziyyət daha da gərginləşmişdir.
Hərbi hissələrdə
nizam-intizamın zəifləməsi,
orduda vahid komandanlığın və
təşkilatçılığın olmaması Ermənistanın
işğalçılıq siyasətinin və ərazilərimizin işğalının
daha da genişlənməsinə
gətirib çıxarmışdı.
Respublikanın bir çox rayonlarında qanun pozuntuları, hakimiyyətə yaxın qrupların özbaşınalığı,
hərc-mərclik və
zorakılıq halları
artmışdı. Azərbaycan
bir dövlət kimi yox olmaq
təhlükəsi ilə
üzləşmişdi.
Heydər Əliyevin
siyasi portretinin mühüm cizgilərindən
birini onun xalqı vahid amal və ideya
ətrafında birləşdirmək
bacarığı təşkil
etmişdir. O inandırmaq,
birləşdirmək gücü
sayəsində cəmiyyəti
ümummilli məqsədlər
naminə səfərbər
etməyə nail olmuşdur. Azərbaycan xalqı özünün böyük oğlu Heydər Əliyevi sevirdi, ona inanırdı.
Bu sevgini, inamı da Ulu
Öndər Heydər
Əliyev xalqımız
qarşısındakı əvəzsiz
xidmətləri ilə
qazanmışdır. Ulu
Öndər bütün
həyatını xalqına
həsr etmiş, onun parlaq gələcəyi
naminə misilsiz fədakarlıqlar göstərmiş
böyük vətənpərvər
idi. O, parlaq siyasi fəaliyyətinin hər bir mərhələsində,
fərqli ictimai-siyasi,
iqtisadi, mədəni və ideoloji şəraitdə xalqımıza
və Azərbaycana ləyaqətlə xidmət
etmişdir. Ona görə də xalqımız ən çətin günlərində
yenə də Heydər Əliyevə üz tutmuş, Ulu Öndər də xalqımızın
etimadını ləyaqətlə
doğrultmuşdur. 1993-cü il iyun ayının
15-də Ulu Öndər
Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi Azərbaycan
tarixinə "Milli Qurtuluş Günü"
kimi daxil olmuşdur.
1993-cü ilin iyun
ayına qədər ölkəmizdə baş
verən hadisələr
bir daha Ümummilli Lider Heydər Əliyevin belə bir fikrini
təsdiq edir ki, "müstəqilliyin
əldə olunması
nə qədər çətindirsə, onun
saxlanılması, daimi
və əbədi olması bundan da çətindir".
Doğrudan da, əgər müstəqilliyin
bərpası zamanı
Azərbaycanda hakimiyyət
sükanı arxasında
Ulu Öndər Heydər Əliyev olsaydı, şübhə
yoxdur ki, ölkəmiz o dövrdə
üzləşdiyi çətinliklərdən,
xaos və böhrandan xilas ola, bu gün
gəldiyi zirvələri
daha qısa müddətə qət edə bilərdi. Və yaxud əgər
1993-cü ildə xalqın
təkidli tələbi
ilə Ulu Öndər hakimiyyətə
qayıtmasaydı, bəlkə
də Azərbaycan müstəqil dövlət
olaraq dünya xəritəsindən tamamilə
silinmiş ola bilərdi. Nə yaxşı ki, xalqımız Heydər Əliyev kimi bir xilaskara malik
idi və öz dövlətçiliyini
qoruyub saxlaya bildi. Möhtərəm Prezident İlham Əliyev də Ulu Öndərin hakimiyyəti dövrünü
Azərbaycanın sabitlik
və inkişaf dövrü kimi xarakterizə edərək,
bu illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına
öz müstəqilliyini
əbədi və dönməz etdiyi taleyüklü mərhələ
kimi dəyərləndirmişdir.
Yeni strateji inkişaf mərhələsi
1993-cü ildə Ulu
Öndərin hakimiyyətə
gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə
qovuşmuş Azərbaycanın
inkişaf strategiyası
müəyyən edilmişdir.
Bu strateji konsepsiya ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla
hazırlanmış və
müvəffəqiyyətlə icra edilmişdir. Heydər Əliyev Azərbaycanın strateji hədəflərini dəqiqliklə
müəyyənləşdirmiş, yeni, beynəlxalq norma və prinsiplərə
uyğun olaraq müstəqil dövlət
quruculuğu prosesinə
başlayarkən, ölkəmizin
gələcək inkişafı
baxımından ən
doğru qərarı
qəbul edərək,
ölkəmizin demokratik
inkişaf və bazar iqtisadiyyatı yolu ilə irəliləyəcəyini
bəyan etmişdir.
Bu dövrdə
dövlət müstəqilliyini
təhdid edən bütün ünsürlər
və risklər zərərsizləşdirilmiş, davamlı və sarsılmaz əsaslara malik sabitlik təmin edilmişdir. Bu isə həyatın
bütün sahələrində
çoxşaxəli inkişaf
trendlərinin yaradılmasına
imkan vermişdir. Ulu Öndərin rəhbərliyi ilə ölkədə yeni iqtisadiyyat quruculuğuna başlanılmış, ölkənin
iqtisadi resursları yeni islahatlar strategiyasının reallaşdırılması
üçün səfərbər
olunmuşdur. Azərbaycan
azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri əsasında
yenidənqurma strategiyasını
elan etmişdir.
Sosial sferada ardıcıl tədbirlərə
başlanılmış, əhalinin
rifahının yaxşılaşdırılması
istiqamətində məqsədyönlü
siyasət həyata keçirilmişdir. "Əsrin
müqaviləsi"nin imzalanması
ilə ölkənin yeni enerji strategiyasının
icrasına start verilmiş, bu sənəd ölkənin
neft-qaz sənayesinin dirçəlməsinə və
Azərbaycana xarici investisiyaların cəlb olunmasına şərait yaratmışdır.
Azərbaycanın uğurlu
xarici siyasət strategiyası müəyyənləşdirilmiş
və icra olunmuş, ölkəmizin
beynəlxalq münasibətlər
sistemində yeri və rolu möhkəmlənməyə
başlamış, məhz
Ulu Öndər Heydər Əliyevin çox və genişmiqyaslı fəal
diplomatik səyləri
nəticəsində dünyanın
böyük dövlətlərinin
və aparıcı beynəlxalq təşkilatlarının
Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti
əsaslı surətdə
dəyişmiş, Azərbaycan
həqiqətləri dünya
ictimaiyyətinə çatdırılmışdır.
Azərbaycanda demokratik,
hüquqi və dünyəvi dövlət
quruculuğu sahəsində
ardıcıl tədbirlər
reallaşdırılmış, ölkədə insan hüquq və azadlıqlarının, qanunun
aliliyinin başlıca
prinsiplərinin bərqərar
olması üçün
möhkəm əsaslar
yaradılmışdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi
yolu ilə Azərbaycan Respublikası
Konstitusiyası qəbul
edilmişdir. Azərbaycanda
çoxpartiyalı sistem,
siyasi plüralizm, fikir və ifadə
azadlığı təmin
edilmiş, demokratik institutların formalaşdırılması
və inkişafına
etibarlı zəmin yaranmışdır.
Beləliklə, 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin liderliyi ilə Azərbaycan özünün qurtuluş
konsepsiyasını müvəffəqiyyətlə
həyata keçirərək,
inkişaf yollarına
qədəm qoymuşdur.
Müasir, qüdrətli
Azərbaycan Heydər
Əliyev ideyalarının
təntənəsidir
Azərbaycanın qazandığı
hər bir nailiyyətin altında böyük öndərin
parlaq imzası vardır. Onun ən böyük xidmətlərindən biri
isə, şübhəsiz
ki, başlatdığı
islahatların, əldə
olunan nailiyyətlərin
qarşıdakı dövrdə,
yeni əsrdə və yeni minillikdə
davamlılığının, uğurlu dövlət idarəçiliyinin, siyasi
varisliyin hüquqi, demokratik yolla təmin olunmasının həyata keçirilməsidir.
Bu, növbəti tarixi seçim anında xalqımızın
və onun liderinin düzgün strateji qərar qəbul etməsinin əyani təsdiqidir.
2003-cü ildə "Azərbaycanı qüdrətli
dövlətə çevirmək
üçün ən
başlıcası ölkədə
Heydər Əliyevin siyasəti davam etdirilməlidir", - deyən
Heydər Əliyev ideyalarının, siyasi xəttinin ən layiqli davamçısı
möhtərəm Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısında
duran bütün vəzifələri uğurla
yerinə yetirmiş, özünün çoxəsrlik
dövlətçilik tarixində
ən böyük nailiyyətləri qazanmışdır.
Möhtərəm Prezident
İlham Əliyev Heydər Əliyevin yaratdığı möhkəm
təməllərə istinad
edərək, ölkəmizə
və xalqımıza
özünün çoxəsrlik
dövlətçilik tarixinin
ən möhtəşəm
nailiyyətlərini qazandırmışdır.
1993-cü ildə Heydər
Əliyev qətiyyəti,
onun səriştəsi
və bacarığı,
xalqın bu böyük şəxsiyyətin
ətrafında yumruq kimi birləşməsi sayəsində müstəqilliyini
xilas edən, həqiqi müstəqilliyinə
qovuşan Azərbaycan
bu gün ən sürətlə inkişaf edən ölkələrdən biridir.
Sözü imzası
qədər dəyərə
malik, bütün dünyada hörmət və rəğbətlə
qarşılanan, bu gün regionun gündəliyini diktə edən Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir.
Müstəqil Azərbaycan
Ulu Öndərin indiki və gələcək nəsillərə
əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın
milli sərvətidir.
Bu irsin qorunmasında, onun ideyalarının həyata
keçirilməsində Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti hörmətli
Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi və Ulu Öndərin adını daşıyan
fondun misilsiz xidmətləri vardır.
Hörmətli Mehriban
xanım Əliyeva və onun rəhbərlik
etdiyi fond Ümummilli Liderin qurub-yaratdığı müstəqil
Azərbaycanın daha
da çiçəklənməsinə,
ölkəmizin daha da inkişafına müstəsna töhfələr
verir.
Ata vəsiyyətini
yerinə yetirərək
torpaqlarımızı azadlığına
qovuşduran, Azərbaycanın
ərazi bütövlüyünü
və suverenliyini bərpa edən Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Ulu Öndərin özü qədər sevdiyi Azərbaycan onun görmək istədiyi zirvələri inamla fəth edir. Möhtərəm Prezident
İlham Əliyevin qeyd etdiyi kimi,
bu gün inkişaf edən, güclənən Azərbaycan
Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir.
Sahibə QAFAROVA,
Milli Məclisin
Sədri
Azərbaycan/-2024.- 14 iyul
(№ 146).- S.3.