Azərbaycan və Pakistan qardaşlığa, dostluğa
əsaslanan siyasət
yürüdür
Azərbaycan öz
tarixi müstəqilliyini
bərpa etdikdən sonra tərəfdaşlıq
münasibətləri qurduğu
dost ölkələrdən
biri də müsəlman dünyasının nüfuzlu
dövlətlərindən olan Pakistan İslam
Respublikasıdır. Azərbaycan
və Pakistan bir-birinə ta qədimdən yaxın dostluq əlaqələri ilə bağlıdır.
Xatırladaq ki, Pakistan Azərbaycan Respublikasının müstəqilliyini
ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri
olub. İki ölkə arasında diplomatik əlaqələr
1992-ci il iyunun 9-da qurulub. Bundan sonra əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə
yüksəlib. 1993-cü ilin
martında Pakistan Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycan İslamabadda səfirliklərini təsis
edib.
İki dost ölkə arasındakı
münasibətlərdən söhbət açarkən
Heydər Əliyev Fondunun Azərbaycanın Pakistanla humanitar əlaqələrinin dərinləşməsinə
sanballı töhfələr
verməsini də xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun xətti ilə Pakistanda çoxsaylı humanitar layihələr reallaşdırılıb. Vurğulamaq
yerinə düşər
ki, respublikamızla Pakistan arasında əlaqələrin möhkəmlənməsinə,
o cümlədən humanitar
əməkdaşlığın dərinləşməsinə verdiyi
sanballı töhfələrə
görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu ölkənin yüksək mükafatı
- "Hilal-e Pakistan"
ordeni ilə təltif olunub.
Azərbaycan Prezidenti
İlham Əliyevin bu il iyulun
11-də Pakistan İslam
Respublikasında dövlət
səfəri zamanı
hər iki ölkənin bir-birinin yanında olmasını təsdiqləyən görüntülər
ictimaiyyətdə böyük
məmnunluq doğurub.
İyulun 11-də İslamabadda
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş
naziri Məhəmməd
Şahbaz Şərif
əməkdaşlıqla bağlı
mətbuata bəyanatlarla
çıxış ediblər.
Əvvəlcə çıxış
edən Baş nazir demişdir: "Zati-aliləri, bu gün çox məhsuldar təkbətək
görüşümüz və sonra geniş
tərkibdə görüşümüz
oldu. Bu müzakirələrin qarşılıqlı
inam və etimad, hər iki ölkənin irəli getməli olduğuna və hələ də kiçik olan, təqribən yüz milyon dollardan az olan və
dostluğumuzu, qardaşlığımızı
əks etdirməyən
ticarət, birgə investisiyalar, birgə əməkdaşlıq sahələrində,
qarşılıqlı fayda
verən sahələrdə
daha yüksək nailiyyətlər qazanmalı
olduğuna dair təcililik və sarsılmaz dəstək əsasında aparıldığından
çox məmnunam. Əlbəttə ki, münasibətlərimiz onilliklər
ərzində davam edir və hər
iki ölkə arasında bayaq qeyd olunduğu kimi, bu münasibətlər
səmimi xarakter daşıyır. Biz fərqli dillərdə danışırıq, biz
urdu dilində, siz Azərbaycan və ya türk
dilində danışırsınız.
Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür,
fərqli dillərimizin
olmasına baxmayaraq, biz birlikdə danışırıq, biz
bir yerdə düşünürük, biz
ikitərəfli və
çoxtərəfli münasibətlərimizə
aid bütün məsələlərdə bir-birimizin
yanındayıq".
Pakistan İslam
Respublikasının Baş
naziri Məhəmməd
Şahbaz Şərif
çıxışında cari ilin noyabr
ayında Bakıda keçiriləcək COP29-la bağlı
dövlətimizin başçısına
və mətbuat nümayəndələrinə xitabən demişdir:
- Əziz qardaşım,
son olaraq Bakıda COP29-a evsahibliyi etməyə hazırlaşdığınız
bir vaxtda mən Sizə və hökumətinizə
ən xoş arzularımı çatdırmaq
istərdim. COP29 inkişaf
etməkdə olan bütün ölkələr,
o cümlədən Pakistan
üçün mühüm
beynəlxalq tədbir
olacaq. Biz əminik ki, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə, İnşallah,
COP29 Pakistan kimi inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi məsələləri ilə
bağlı nəticələrə
nail olacaq.
Sonra
Azərbaycan Prezidenti
İlham Əliyev bəyanatla çıxış
edərək Pakistan İslam Respublikası ilə ikitərəfli əlaqələrin maraqlı
komponentlərinə toxunaraq
demişdir:
- Bizim qardaşlığımız
xalqlarımızın əsrlərlə
bundan əvvələ
təsadüf edən,
bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana
gələn pakistanlıların
sayı son illər ərzində daha da artıb
və biz Bakı-İslamabad, Bakı-Kəraçi,
Bakı-Lahor arasında
birbaşa uçuşları
artıq müzakirə
etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu "Multan" adlandırırlar.
Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük
sərvətdir.
Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri
həmin bünövrəyə
əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər
işdə, istənilən
beynəlxalq təsisat
daxilində, hər beynəlxalq məsələdə
bir-birimizi dəstəkləyirik.
Məsələn, irəli
sürdüyümüz təşəbbüsdə
qardaşlarımız bizi
dəstəkləyir və
eyni dəstək qarşılıqlı olur.
Cəmmu və Kəşmir məsələsində
bizim birmənalı dəstəyimiz qardaşlığımıza,
eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları
onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur.
BMT Təhlükəsizlik Şurasının
qətnamələri məsələnin
necə həll olunmasını aydın şəkildə təsvir
edir. Lakin əfsuslar olsun ki, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin
icra mexanizmləri yoxdur. Ancaq qardaş
və dost kimi biz Sizinlə,
Kəşmirdəki qardaşlarımızla
hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq.
Mən əminəm ki, ədalət zəfər çalacaq.
Dövlətimizin başçısı
bəyanatında 30 ildən
artıq işğal altında olan torpaqlarımızın 2020-ci ilin
payızında Ermənistan
silahlı birləşmələrindən
azad edilməsində Pakistan İslam Respublikasının göstərdiyi
siyasi dəstəyə
xüsusi önəm verərək demişdir:
"Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən
biri olmuşdur. İkinci Qarabağ müharibəsi - Vətən
müharibəsi zamanı
siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın
yüksəkrütbəli rəsmilərinin
birmənalı bəyanatları
bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan
ölkədir. 2020-ci ilin
noyabrında Qələbəmizi
qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan,
Pakistan və Türkiyənin bayraqları
var idi".
Görünən odur
ki, Azərbaycan-Pakistan
əlaqələri hər
iki ölkənin dövlət rəhbərlərinin
səyləri nəticəsində
özünün ən
yüksək dövrünü
yaşayır. Cənubi
Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları
ikitərəfli və
çoxtərəfli əlaqələrin
dərinləşməsi istiqamətində
yeni perspektivlər açır. Azərbaycanda
3600-dən çox Pakistan
şirkəti qeydiyyata
alınıb və onlar sənaye, kənd təsərrüfatı,
tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində
aktiv fəaliyyət göstərirlər. Pakistan
şirkətləri işğaldan
azad edilmiş Qarabağ ərazilərində
yenidənqurma və bərpa işlərində
iştirak üçün
də müraciət ediblər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin
genişləndirilməsini vacib hesab edir.
Prezident İlham Əliyevin tapşırığı
ilə Pakistandan daxil olan düyü
məhsullarının idxal
rüsumu birtərəfli
güzəşt tətbiq
edilməklə 2027-ci il
dekabrın 31-dək 15 faizdən
0 faizə endirilib. Azərbaycanla Pakistanın
iqtisadi əməkdaşlığı
üçün digər
sahə isə nəqliyyat bağlantılarıdır.
Belə ki, iki ölkə, həm Qara Dəniz,
həm "Şimal-Cənub",
həm də "Şərq Qərb" dəhlizlərində əməkdaşlıq
imkanlarına malikdir. Ötən ilin sentyabrında AZAL Bakıdan
Lahora, noyabrda isə İslamabada və əks istiqamətdə birbaşa uçuşlara
başlayıb. Ötən
il iki ölkə
arasında avtomobil yolları ilə tranzit karqo daşımalarının
həcmi 33 min ton olub və
bu rəqəm əvvəlki dövr ilə müqayisədə
53 faiz artım deməkdir.
Rəhman SALMANLI,
Azərbaycan.-2024.-
14 iyul (№ 146).- S.13.