Dövlətçiliyimizin
qızıl səhifəsi
Ötən əsrdə
sovet hakimiyyətinin qurulması və
1922-1991-ci illəri əhatə
edən 70 il ərzində Azərbaycanın
sovet dövləti çərçivəsində yaşaması bir sıra neqativlərlə yanaşı, eyni zamanda Ulu Öndər
Heydər Əliyevin özünün də ifadə etdiyi kimi, ölkədə çox zəngin iqtisadi və intellektual potensialın formalaşması ilə müşayiət olunmuşdu.
Sovetləşmənin ilk
10 ilində neft sənayesində böyük
yüksəliş əldə
edilmiş, sənayenin
yeni sahələri əmələ gəlmiş,
elektrik stansiyaları tikilmiş, suvarma kanalları çəkilmiş,
kənd təsərrüfatı,
sözün əsl mənasında, dirçəlmişdi.
1937-ci ildə Azərbaycan SSR
dövlətçilik tariximizdə
özünün ilk Konstitusiyasını qəbul
edərək yüksəliş
dövrünə qədəm
qoysa da, həmin dövrdən başlanan repressiyalar, sovetləşmədə müşahidə
olunan ifrat radikallıq, bu çərçivədə milli
kadrların potensialından
az istifadə olunması, açar fiqurların milli olmaması, hədsiz formallıqlara yol verilməsi, sonrakı dövrlərdə ciddi cəza tədbirlərinə
baxmayaraq, korrupsiya ilə mübarizədə
yetərli səylərin
olmaması ucbatından
bu uğurların davamlılığı təmin
olunmamışdı.
Xüsusən 1960-cı illərin əvvəllərində
sənaye sahələrinin
və sosial sferanın potensialının
gücləndirilməsi işində
əldən verilmiş
imkanlar respublikanın
sosial-iqtisadi cəhətdən
geri qalmasının başlıca səbəbləri
kimi çıxış
etməyə başlamışdı.
Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası
sənayesi özünün
potensialının çox
az hissəsini büruzə verir, fasilələrlə işləyir,
bir çox sahələrin, o cümlədən
nəqliyyat kompleksində
texniki-iqtisadi göstəriciləri
ağlasığmaz dərəcədə
pisləşirdi. Kənd
təsərrüfatında, o cümlədən meliorasiya
işində nöqsanlar
məhsuldarlığı SSRİ səviyyəsində ən
aşağı göstəricilərə
endirmiş, istehsal qüvvələrinin yerləşdirilməsi
işində formal yanaşmalar bağışlanmaz
səhvlərə yol
açmışdı. Bakı,
Sumqayıt kimi iri sənaye şəhərlərində müşahidə
olunan acınacaqlı
durum fonunda həm də regionlarda faktiki olaraq sənayeləşmənin
dayanması, əmək
ehtiyatlarından səmərəli
istifadə olunmaması
vəziyyəti daha da ağırlaşdırırdı.
Ulu Öndərin də ifadə etdiyi kimi, "Qətiyyətlə bildirmək
olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə
dərin və uzunmüddətli böhran
mərhələsinə qədəm
qoymuşdu. Yaranmış
ağır vəziyyətdən
çıxış yolu
tapılmalı, iqtisadiyyatın
inkişafı üçün
prinsipial cəhətdən
yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı,
xalq təsərrüfatında
köklü struktur dəyişiklikləri aparılmalı,
təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində
təzə metodlar tətbiq edilməli idi".
1958-ci ildən Azərbaycan
SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin
əks-kəşfiyyat şöbəsinin
rəisi olmuş polkovnik Heydər Əliyevin ilk milli kadr kimi
1965-ci ildə komitənin
sədr müavini,
1967-ci ildə isə ilk milli təhlükəsizlik
orqanları generalı
kimi DTK-nin sədri vəzifəsinə
təyin olunması Qarabağda və Qərbi Azərbaycanda separatizm ocaqlarının söndürülməsi, milli
ziyalıların repressiyalardan
xilas olması, güc strukturlarında milli kadrların yerləşməsi kimi bir sıra proseslərdə
təsirli rol oynasa da, bütövlükdə
ölkədəki sosial-iqtisadi
durum ağır olaraq qalmaqda idi.
Azərbaycan Kommunist
Partiyası Mərkəzi
Komitəsinin 1969-cu il
14 iyul tarixli plenumunda 46 yaşlı general-mayor Heydər Əliyevin Azərbaycan KP
MK-nın birinci katibi seçilməsi məhz bu acınacaqlı
gedişata son qoymaqla Azərbaycanın müasir inkişaf tarixində dönüş
mərhələsinin təməlini
qoydu. Plenumda o dövr üçün ənənəvi olmayan cəsarətli çıxışının
ardınca dahi liderin xalqa müraciətində
də dediyi kimi, "Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib
hazırlanmasında yorulmaz
fəaliyyət, misilsiz
təşəbbüskarlıq və nəhəng enerji bütün 1970-ci illərin bariz əlamətinə çevrildi".
Dahi liderin qətiyyəti ilə
SSRİ hökuməti tərəfindən
Azərbaycan xalqı üçün, həqiqətən,
tarixi əhəmiyyət
daşıyan və
1970-1980-ci illər arasında
və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi
inkişafının əsas
istiqamətləri üzrə
yol xəritəsi müəyyənləşdirmiş və respublikada xalq təsərrüfatının
hərtərəfli yüksəlişi
və intensiv inkişafını nəzərdə
tutan beş xüsusi qərar qəbul edildi.
Beləliklə, məhz
Azərbaycan KP MK-nın
birinci katibinin şəxsi təşəbbüslərinə
əsaslanan dəyişikliklərin
miqyasına, iqtisadi və sosial sahələrdə aparılan
dərin struktur islahatlarının xarakterinə,
xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə
görə 1969-1985-ci illər
Azərbaycanın quruculuq
salnaməsinə ən
parlaq səhifələr
kimi daxil oldu. Sənaye və kənd təsərrüfatında dinamik
artan istehsal, bütün sahələrdə
keyfiyyət göstəricilərinin
yüksəlməsi ilə
Sovet İttifaqının
xarici iqtisadi əlaqələrində Azərbaycanın
iştirakı əhəmiyyətli
dərəcədə artmışdı.
Ulu Öndər
Heydər Əliyevin yeni əsr və
üçüncü minillik
münasibətilə Azərbaycan
xalqına 29 dekabr
2000-ci il müraciətində
də ifadə olunduğu kimi, "Bu gün tam əminliklə
söyləmək olar
ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya
iqtisadiyyatına get-gedə
daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə
təməli qoyulmuş
xalq təsərrüfatı
potensialına əsaslanır".
1969-cu ilin 14 iyulunda
Ümummilli Liderin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycan geri qalmış ucqar subyektdən SSRİ-nin iqtisadi flaqmanına
çevrilməklə yanaşı,
ölkədə həm
də mədəniyyət,
incəsənət, ədəbiyyat
intibah dövrünə
qədəm qoydu. Müstəqilliyin bərpası
üçün bazis
də məhz bu dövrdə formalaşmağa başladı.
Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı
hərbi təyinatlı
təhsil müəssisələri,
formalaşdırdığı və qoruduğu milli elita elə
sovet dövründəcə
Azərbaycana müstəqil
davranmaq imkanı verdi.
Qeyd edilənlərin
fonunda, heç şübhəsiz ki, 14 iyul 1969-cu il dövlətçiliyimizin qızıl
səhifəsi, Ümummilli
Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı
tarixdir.
Tarixdən bəllidir
ki, sovet hakimiyyətinin ilk dövrlərində bolşeviklər
kommunist ideologiyasına
bağlı olmayan hər şeyin üzərindən xətt
çəkirdilər. İnanclar,
ənənələr, hətta
milli musiqi belə keçmişin qalığı hesab olunurdu. Nə qədər qəribə olsa da, SSRİ süquta uğrayandan sonra bu düşüncə
vandalizmi Azərbaycanda
yenidən baş qaldırdı. Bolşeviklərin
muzdurlar şurasından
fərqli olmayan AXC-Müsavat cütlüyü
sovetlərə bağlı
nə varsa, hər şeyə nifrət aşılamağa,
hətta Böyük Vətən müharibəsi
iştirakçılarını belə xainlikdə suçlamağa başladılar.
Bunun bir səbəbi var idi: Heydər Əliyevə olan kin və düşmənçilik.
Hakimiyyəti zəbt etmiş quldurlar yaxşı bilirdilər ki, Azərbaycan xalqı Əliyev kimi bir dahini
qoyub bunlara üz tutmayacaq. Ona görə də Heydər Əliyevi SSRİ və
KQB ilə assosiasiya edərək gözdən
salmaq istəyirdilər.
Amma xalq bilirdi ki, Heydər
Əliyev şərəfli
general kimi KQB sədri olanda da, Azərbaycana rəhbərlik edəndə
də, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini olanda da həmişə
milli olub. Məlumdur ki, heç bir amil xalqın iradəsindən daha təsirli ola bilməz. Xalqın israrlı tələbi ilə Ulu Öndər
Heydər Əliyevin Naxçıvandan Bakıya
böyük qayıdışı
ölkənin və ümumilikdə bölgənin
həyatında yeni bir başlanğıc oldu, Heydər Əliyevin Bakıya qayıtması hər kəs üçün qurtuluş oldu. Heç nə milli iradədən daha üstün ola bilməz və Azərbaycan xalqı qətiyyətlə
Heydər Əliyev dedi. Bu da
qurtuluş olmaqla yanaşı, həm də inkişaf və tərəqqi üçün zəmin yaratdı. Böyük Zəfərə gedən yol da məhz
o gündən başladı.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyə
qayıtması yalnız
bizim ölkə üçün deyil, bütövlükdə yerləşdiyimiz
mürəkkəb geosiyasi
məkan üçün
tarixi dönüş
anı hesab edilməlidir. Xüsusən
hazırkı postmünaqişə
dövründə Qafqazda
vahid təhlükəsizlik
ideyasından danışarkən
istinad oluna bilinəcək təməl
prinsiplər məhz Heydər Əliyev ideologiyasının tezisləridir.
Ümumiyyətlə, ötən bir əsrlik dövr göstərir ki, Qafqazda müstəqilliyi qoruyub saxlamaq əldə etməkdən
qat-qat çətindir.
Cənubi Qafqazın bütün dövlətləri
kimi Azərbaycan da ilk müstəqilliyini
tarixi proseslərin təbii gedişatında əldə etmişdi. Yəni çar imperiyası dağılıb
və digər dövlətlər kimi biz də ilk
cümhuriyyətimizi elan
etmişdik. Lakin o zaman birinci müstəqilliyimizi
nəinki qoruya bilmədik, üstəlik,
həmin dövrdə
istiqlaliyyəti qorumaq
cəhdləri böyük
ərazi itkiləri ilə nəticələndi.
Qərbi Zəngəzur
və Göyçəni
itirdik. Xüsusən İrəvanın Ermənistana
verilməsi kimi böyük tarixi cinayət yaşandı. İkinci müstəqillik
dövründə isə
"demokratiya" görüntüsü
altında hakimiyyəti
zəbt etmiş səbatsız qüvvələr
Qarabağı və Şərqi Zəngəzuru
itirdilər. Həmçinin
tarixin təkərrürü
təhlükəsi ortaya
çıxdı. Daha
dəqiq desək,
1993-cü ildə də
1920-ci ildə olduğu
kimi, müstəqillik
əldən getmək
üzrə idi ki, məhz Heydər
Əliyev şəxsiyyəti
həmin dövrdə
istiqlalımızın qarantına
çevrildi.
Əvvəldə də
qeyd etdiyimiz kimi, 1993-cü ildə Azərbaycan xalqı üçün Heydər
Əliyevin şəxsiyyəti
yeni fenomen deyildi, Heydər Əliyev artıq bir dəfə xalqımızın taleyində
həlledici rol oynamışdı. Azərbaycan
insanına aydın idi ki, yalnız
Heydər Əliyev miqyası yaranmış situasiyanı lehimizə çevirə bilər. Təsadüfi deyil ki, Naxçıvanda dahi liderə müraciətlərin hamısının
məzmununda "xalqı
bu bəladan qurtarmaq" xahişləri
və hətta təkidli tələbləri
əks olunurdu. İnsanlar Heydər Əliyevə ilk və son ümid
yeri kimi baxırdılar. Bunun da çox sadə
səbəbləri var
idi. Birincisi, Heydər Əliyevin bundan öncə Azərbaycana 13 illik rəhbərlik təcrübəsi
var idi. Sovet sistemində Azərbaycan ən ali inkişaf dövrünü məhz bu 13 illik periodda
yaşamış, elə
ikinci müstəqilliyinin
təməli də o zaman qoyulmuşdu. Sovet sisteminin tərkibində ola-ola milli hərbçi kadrlar hazırlamaq, bir ali, bir
orta hərbi ixtisas məktəbinin formalaşdırılması başqa
cür izah oluna bilməzdi. Eyni zamanda Qarabağda
erməni separatizmi baş qaldıranda və 20 Yanvar hadisələrində həyatını
riskə atıb Moskvadan sovet sisteminə ilk etiraz edən rəsmi şəxs, o cümlədən də Azərbaycana qayıdıb
Naxçıvana rəhbərlik
etdiyi dövrdə ilk dəfə üçrəngli bayrağımızı
dövlət müəssisələrində
dalğalandıran da məhz Ulu Öndər
olmuşdu.
Ulu Öndər
Heydər Əliyevin şah əsəri müasir, qüdrətli, müstəqil Azərbaycan
dövlətidir. Lakin
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında daha böyük xidməti Onun Azərbaycan dövlətçiliyinin, eyni
zamanda Azərbaycanda başlanan böyük uğurlu yolun davamlılığının təmin
olunmasıdır. Dünya
tarixində böyük
şəxsiyyətlər çox
olub, lakin onların ideyaları, əsasını qoyduğu
yüksəliş xətti
davam etmədiyi üçün həmin dövlətin uğurları,
yüksəlişi də
belə şəxslərlə
bərabər tarixə
qovuşub. Lakin Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən
böyük xidməti
bu yolun davamlılığının təmin
olunmasıdır. Azərbaycan
xalqının da bəxti onda gətirdi ki, Heydər Əliyev ideyaları özündən
sonra daha müasir və daha mütərəqqi formada, cənab İlham Əliyevin timsalında davam etdi. Məhz Ulu Öndərin layiqli davamçısı,
böyük dövlət
xadimi Prezident İlham Əliyevin hakimiyyətə gəlişi,
Heydər Əliyevin Azərbaycan xalqına özünə güvəndiyi
qədər güvənməsi
barədə çağırışından
sonra başlanan uğurlu yol Heydər Əliyev siyasi məfkurəsini nəinki davam etdirdi, bütövlükdə
Azərbaycan özünün
dahi liderin qoyduğu xətt üzrə yeni inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycan
Heydər Əliyev yolu ilə irəliləyən,
qüdrətli, diktə
edən, bölgədə
yeni status-kvo yaradan beynəlxalq subyektdir və Azərbaycanın iradəsi
artıq beynəlxalq müstəvidə hesablaşılan
iradədir.
Heydər Əliyev
ideologiyasının, İlham
Əliyev şəxsiyyətinin
simasında realizəsi
nəticəsində bu
gün Azərbaycan torpaq itirən dövlətdən işğala,
təcavüzə son
qoyan və bölgədə diktə
edən müzəffər
gücə çevrilmiş,
milli həmrəyliyimiz
möhkəmlənmişdir. Xüsusən 44 günlük
müharibə və antiterror tədbirlərindən
sonra yaranan yeni reallıqda cənab İlham Əliyevin rəhbərliyi
altında vahid azərbaycançılıq ideyası
və milli maraqlar rəhbər tutularaq ölkənin tərəqqisi naminə həlledici addımlar atılmaqda, eyni zamanda türk dünyasının birliyi
yolunda ciddi və təsirli nəticələrə nail
olunmaqdadır. Bütün
yaşananlar, əldə
olunan müstəsna nəticələr göstərir
ki, Azərbaycan üçün ən doğrusu məhz Heydər Əliyev siyasi kursunun davamlılığıdır. Bunun üçün isə Ulu Öndərin
irsini dərindən öyrənmək zərurətdir.
20 il əvvəl Ulu Öndər irsini yaşadan, öyrənən və öyrədən Heydər
Əliyev Fondunu da məhz bu
zərurətlər meydana
çıxardı. Əminliklə
deyə bilərik ki, fond Mehriban
xanım Əliyevanın
rəhbərliyi altında
Ulu Öndərin arzuladığı dövlət
quruculuğunda nəinki
aktiv rol almağı bacardı, hətta bir sıra istiqamətlərdə,
o cümlədən sosial-mədəni
və humanitar sahələrin inkişafında,
azərbaycançılıq ideologiyasının və
milli həmrəyliyin
güclənməsində aparıcı
mövqe tutdu. Vətən müharibəsində
arxa cəbhənin mənəvi və bir çox hallarda maddi yükü Mehriban xanımın rəhbərlik
etdiyi Fondun üzərinə düşdü.
Bu mənada, yaradılmasının 20-ci ildönümündə
Heydər Əliyev fondu və şəxsən
Mehriban xanım bu irsi ləyaqətli
yaşatdığı üçün
ən səmimi minnətdarlığı haqq
edir.
Bu gün böyük şəxsiyyət,
Azərbaycan xalqının
xilaskarı Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin
55-ci ildönümündə artıq əminliklə deyə bilirik ki, Ümummilli Liderin hər bir sağlam təfəkkürlü azərbaycanlının
qəlbində yaşayan
irsi bizim taleyimizdir. Çox xoşbəxt xalqıq ki, Ulu Öndər
siyasi kursu cənab İlham Əliyevlə özünün
tam yeni mərhələsinə qədəm
qoyub. Bu gün qərəzsiz və səmimiyyətlə
düşünən hər
bir azərbaycanlı yaxşı başa düşür ki, Heydər Əliyev milli özünüdərkdir,
Heydər Əliyev bizim müasir müstəqillik təfəkkürümüzün
banisidir. Heydər Əliyevin davam edən yolu, siyasi xətti müstəqilliyin, suverenliyin,
inkişaf və tərəqqinin yeganə qarantıdır. Tarix özü ən azı iki dəfə
göstərib ki, Azərbaycan dövləti
yalnız Heydər Əliyev yolunda yürüdükcə var
olur, güclənir.
Bəhruz
MƏHƏRRƏMOV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2024.-
14 iyul (№ 146).- S.7.