Müasir Azərbaycan tarixinin dönüş mərhələsi

 

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə hakimiyyətə gəlməsindən 55 il ötür. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır.

Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci Katibi seçildiyi il tarixə Azərbaycanda yeni dövrün, respublikamızın sosial-iqtisadi həyatında inkişafın bünövrəsinin qoyulduğu il kimi yazıldı. 1969-cu ilə qədər Azərbaycan Respublikası Sovet İttifaqının respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Sovet Azərbaycanına rəhbər seçildikdən sonra respublikada sənaye, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı, çətin sosial vəziyyətdə yaşayan azərbaycanlıların həyat səviyyəsi, rifahı yüksəldi. SSRİ-nin müttəfiq respublikaları arasında Azərbaycan sosial-iqtisadi cəhətdən ön sıralara qalxdı.

Heydər Əliyev unikal biliyə, qeyri-adi yaddaşa malik fenomenal bir şəxsiyyət idi. Dünya liderləri Heydər Əliyevin dünyanın ən güclü siyasətçilərindən biri olduğunu etiraf edirdilər. Ulu Öndər, eyni zamanda idarəetmənin ustadı, dünya siyasətinin kamil bilicisi, uzaqgörən siyasətçi, mahir diplomat idi. Dahi şəxsiyyət Heydər Əliyev həm Azərbaycanda milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin yaradılmasının banisidir.

Heydər Əliyev qətiyyətli, həmçinin Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığa, zülmə qarşı mübarizə aparmış böyük şəxsiyyət idi. 1990-cı il yanvarın 20-də sovet qoşunları Bakı şəhəri bir sıra rayonlarımızda azərbaycanlılara qarşı qətliam törətdilər. Səhəri gün - 21 yanvarda həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedən Ulu Öndər Heydər Əliyev hadisənin təşkilatçılarını ittiham edərək cəsarətli bəyanatla çıxış etdi. Dağlıq Qarabağla bağlı sovet rəhbərliyinin ikiüzlü riyakar siyasətinə etiraz əlaməti olaraq Heydər Əliyev 1991-ci ilin iyul ayında Kommunist Partiyasının sıralarını tərk etdi. 

1990-cı illərin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır durumda idi.  Ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Qərbdə Azərbaycanın parçalanması üçün planlar cızılırdı. O zamanlar respublikada hakimiyyətdə olanların səriştəsizliyi Azərbaycanı ağır durumla üz-üzə qoymuşdu. Azərbaycan müstəqillik əldə etdikdən sonra AXC-Müsavat cütlüyü ölkəni çıxılmaz vəziyyətə salmışdı. Ermənistan torpaqlarımızı işğal edirdi, hakimiyyətdə olanlar isə ölkəni talamaqla məşğul idilər.

Azərbaycan xalqı düşünürdü ki, ölkəni bu ağır durumdan yalnız Heydər Əliyev çıxara bilər. Xalqın haqlı tələbi ilə Heydər Əliyev Bakıya gələrək 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ulu Öndər Heydər Əliyev Gəncədə baş vermiş silahlı üsyanın ölkədə vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra güclü Azərbaycan dövlətinin təməli qoyuldu bu, Azərbaycan xalqını rifaha aparan yolun başlanğıcı oldu. Ölkəmiz bütün sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz müstəqilliyini qorudu, dövlətçiliyini möhkəmləndirdi. Böyük iqtisadi islahatlara başlanıldı, inkişaf yolu tutuldu. Məhz Heydər Əliyevin zəkası, müdrikliyi dövləti, xalqı xoşbəxt gələcəyə apardı.

Heydər Əliyev Prezident seçildikdən sonra bütün qüvvələri bir komandanlıq altında birləşdirdi. Azərbaycan Ordusu Füzuli istiqamətində uğurlu əməliyyatlar keçirərək rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bundan sonra Ermənistan rəhbərliyi Azərbaycanla atəşkəs haqqında razılığa gəlməyə məcbur oldu. Heydər Əliyev Azərbaycanda güclü ordu yaradılması üçün mühüm qərarlar qəbul etdi. Ordumuzun maddi-texniki bazası yeniləndi.

1994-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin müdrik qətiyyətli siyasəti nəticəsində Azərbaycanla 6 dövlətin 10 nəhəng neft şirkəti arasında "Əsrin müqaviləsi" olan neft kontraktları imzalandı. Bu, yeni müstəqillik əldə etmiş, Ermənistanla müharibə şəraitində olan Azərbaycan üçün böyük uğur idi. Böyük dövlətlərin nəhəng transmilli şirkətlərinin Azərbaycanla neft kontraktlarını imzalamaqlarının əsas səbəbi onların Heydər Əliyev şəxsiyyətinə, böyük siyasətçi lider olmasına inamlarından irəli gəlirdi. Bu tarixi hadisədən bir neçə il sonra Azərbaycan nefti dünya bazarına çıxarıldı ölkə iqtisadiyyatının yüksəlişi yeni inkişaf mərhələsinə qədəm qoydu. Yeni müəssisələr  yaradıldı, Azərbaycan vətəndaşlarının sosial rifahı ildən-ilə yaxşılaşmağa başladı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinə xalqına göstərdiyi misilsiz xidmətlər ölçüyəgəlməzdir. Əsrlər ötəcək, Azərbaycan dövləti əbədi yaşayacaq xalqımız Ümummilli Lider Heydər Əliyevi yad edəcək, xatirəsini hər zaman uca tutacaq.

 

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı

Azərbaycan.-2024.- 14 iyul (№ 146).- S.8.