Makronun məktubu hiddət doğurdu

 

 

Solçu Jan-Lük Melanşon isə həyəcan təbili çalır

 

 

 

Fransa prezidenti Emmanuel Makron ağır məğlubiyyətə uğradığı seçkilərdən sonra xalqa ünvanladığı ümidsiz məktubla fransız siyasətçilərini qəzəbləndirib.

Belə ki, prezident ölkədə keçirilən parlament seçkilərindən sonra yerli qəzetlərə düşdüyü çıxılmaz vəziyyətlə bağlı məktub göndərərək, qələbənin "heç kəsin olmadığını" bəyan edib "möhkəm çoxluq" yaratmağa çağırıb. Bununla da o, Fransa siyasi qüvvələrinin kəskin qəzəbinə tuş gəlib.

Yerli mətbuatın yazdığına görə, Makronun Fransadan çox uzaqda, Vaşinqtonda NATO sammitindən yerli qəzetlərə göndərdiyi ümidsiz məktub ölkəni siyasi bataqlığa salan prezidentin ən uğusuz bəyanatıdır. Qeyd olunur ki, Makronun mesajı həm solçu, həm sağçı siyasi qüvvələr arasında hiddət doğurub. Məsələn, Avropa Parlamentinin üzvü Manon Obri ölkə prezidentinin "möhkəm çoxluq" yaratmaq təklifini reallıqdan uzaq çağırış adlandırıb.

Öz növbəsində  "Milli Birlik" Partiyasının lideri  Marin Le Pen prezidentin  məktubunu "biabırçı bir sirk" adlandıraraq  əlavə edib ki, Makron daha əvvəl qələbəyə kömək etdiyi "Yeni Xalq Cəbhəsi"ni indi əngəlləməyə çalışır.

Fransanın "CNEWS" xəbər kanalı isə Fransa prezidentinin məktubunu nifrətlə qarşılayıb, mesajdakı qeyri-müəyyən ifadələri "bir az daha çox vaxt verməyə" çağırışları hazırkı hökumətin öhdəlikləri adlandırıb.

Solçu "Yenilməyən Fransa" Partiyasının lideri Jan-Lük Melanşon isə həyəcan təbili çalır: "Demokratik dünyada nadir haldır ki, prezident "Yeni Xalq Cəbhəsi"nin səslərin sayına Milli Assambleyada yerlərə görə birinci yeri tutduğu səsvermənin nəticələrini tanımaqdan imtina edir. Yetər. O, baş əyib "Yeni Xalq Cəbhəsi"ni çağırmalıdır. Bu, sadəcə olaraq, demokratiyadır".

Göründüyü kimi, Makron Milli Assambleyanın buraxılması solçuların hakimiyyətə gəlməsi kimi siyasi fəlakətdən qaçmağa çalışır hətta Parisin Faubourg Saint-Honore küçəsindəki butiklərdə nümayiş olunan bütün ətirlər belə onun uğursuzluğunun "qoxusunu" gizlədə bilmir.

Xatırladaq ki, növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, Fransa Milli Assambleyasında 182 yer qazanan solçu "Yeni Xalq Cəbhəsi" koalisiyası qalib gəlib. Makronun "Birgə" Partiyası parlamentdə 168 yer, Marin Le Penin Milli Birlik koalisiyası isə 143 yer qazanıb.

Eyni zamanda vurğulanır ki, Fransa prezidenti ötən növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı hələ xalqa müraciət etməyib. O, yeni Milli Assambleyada mandatların bölüşdürülməsi ilə bağlı daha dəqiq məlumat aldıqdan sonra lazımi qərarları qəbul etməyi düşünür...

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.- 14 iyul (№ 146).- S.20.