Prezident
Bakını dünyanın ən gözəl şəhərlərindən
birinə çevirir
Prezident
İlham Əliyev Bakıda əsaslı şəkildə
yenidən qurulan Nərimanov parkının
açılışında iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də
Bakının Nərimanov rayonunda əsaslı şəkildə
yenidən qurulan Nərimanov parkının
açılışında iştirak edib.
AZƏRTAC xəbər
verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov dövlətimizin
başçısına parkda yaradılan şərait barədə
məlumat verdi.
Qeyd edək
ki, ərazisi 4,1 hektar olan park XX əsrin 50-ci illərində
salınıb. Ötən müddətdə bu park gəzinti
və əyləncə baxımından şəhər sakinləri
üçün sevimli məkana çevrilib. 1960-cı illərdə
yaxınlıqda metro stansiyasının tikilməsi parka
marağı daha da artırıb.
Məlumat
verildi ki, şəhərimizin müasir inkişaf səviyyəsinə
və memarlıq üslubuna uyğun olmayan park nadir dizaynda
yenidən qurulub. Burada müxtəlif istirahət guşələri,
əyləncə qurğuları yaradılıb, o cümlədən
uzun müddət yararsız vəziyyətdə olan fəvvarə
meydanının yenidən qurulması işləri həyata
keçirilib.
Parkın ərazisində
yeni yaşıllıq sahələri yaradılıb, istismara
yararsız, parkın ümumi görkəminə xələl
gətirən tikili və qurğular ərazidən
götürülüb. Mövcud ictimai-iaşə obyektlərinin
fasadları müasir üslubda, parkın yeni layihəsinə
uyğun təmir edilib, o cümlədən yeni işıq dirəkləri,
eləcə də idman qurğuları və uşaq əyləncə
meydançası yaradılıb. Mühəndis-kommunikasiya xətləri
əsaslı şəkildə yenilənən park
yağış sularının axıdılması
üçün nəzərdə tutulan xətlərlə təmin
edilib.
Qeyd edək
ki, dövlətimizin başçısının
tapşırığı ilə paytaxt Bakıda parkların
və xiyabanların əsaslı şəkildə yenidən
qurulması və yeni parkların salınması, sakinlərin
və şəhərimizin qonaqlarının
rahatlığı üçün müasir istirahət
guşələrinin yaradılması istiqamətində son
illərdə ardıcıl tədbirlər davam etdirilir.
“Yaşıl dünya naminə həmrəylik ili”ndə yeni
parkların və yaşıllıq zolaqlarının
salınması, əhaliyə xidmət göstərən
müasir infrastrukturun yaradılması Bakının
dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilməsi istiqamətində həyata
keçirilən əhəmiyyətli tədbirlərdəndir.
Nərimanov rayonu ərazisində yenidən qurulan Nərimanov
parkı da Bakı şəhərinin simasının daha da
gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti
baxımından olduqca əhəmiyyətlidir. Nərimanov
parkının yenidən qurulması bu il COP29-a ev sahibliyi edəcək
ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik
ili” çərçivəsində həyata keçirilən
işlərə də töhfə vermək baxımından
xüsusi önəm daşıyır.
Azərbaycan.-2024.-
16 iyul (¹ 147).- S.1-2.