MSK seçki
hüququ ilə bağlı müraciətlərə
baxılmasına həsr
olunan seminarlara başlayıb
Mərkəzi
Seçki Komissiyası (MSK) sentyabrın 1-nə təyin
edilmiş Azərbaycan Milli Məclisinə növbədənkənar
seçkilərlə bağlı növbəti tədbirlərə
- seçki hüququ ilə bağlı müraciətlərə
baxılmasına həsr olunan regional seminarlara start verib.
AZƏRTAC xəbər verir ki, ümumrespublika
miqyaslı layihə qarşıdan gələn seçkilərdə
vətəndaşların seçki hüquqlarını pozan
hərəkətlərdən (hərəkətsizlikdən) və
qərarlardan şikayətlərin araşdırılması
məqsədi ilə dairə seçki komissiyaları nəzdində
fəaliyyət göstərən ekspert qrupu üzvlərinin
məlumatının artırılması, bilik, bacarıq və
işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə
hədəflənib.
Layihənin
açılışı və ilk seminar iyulun 15-də
Komissiyanın inzibati binasında MSK sədrinin müavini
Rövzət Qasımovun giriş nitqi ilə başlayıb. Tədbirdə
MSK nəzdində ekspert qrupunun üzvləri, Katibliyin aidiyyəti
struktur bölmələrinin əməkdaşları, o
cümlədən Bakı və ətraf rayonların 52
seçki dairəsi üzrə dairə seçki
komissiyalarının müraciətlərin
araşdırılmasına məsul olan 156 eksperti iştirak
edib.
Seminarda MSK nəzdində
ekspert qrupunda təmsil olunan Komissiya üzvlərinin seçki
hüququ ilə bağlı müraciətlərə
baxılmasına dair təqdimatları dinlənilib. Əyani vəsaitlərdən
də istifadə olunmaqla keçirilən təqdimatlarda
seçki hüququnun pozulmasını iddia edən subyektlərin
müraciətləri zamanı qarşıya çıxan məsələlər,
şikayət və müraciətlərin xarakteri,
araşdırılma müddətləri,
ardıcıllığı, qaydaları və
sübutların qiymətləndirilməsi, ekspert qrupu üzvlərinin
həyata keçirəcəyi tədbirlər, qərarların
qəbulu və tərtib olunması, eləcə də digər
mühüm məsələlər ətraflı şəkildə
izah edilib. Seminara qatılan dairə seçki
komissiyalarının bütün ekspert qrupu üzvlərinə
MSK tərəfindən hazırlanan Yaddaş kitabçası
da təqdim olunub.
Tədbirin
praktiki hissəsində seçki qanunvericiliyi, müraciət
və şikayətlər, o cümlədən ekspert fəaliyyəti
ilə bağlı fərqli kazuslar üzrə məşğələlər
keçirilib, iştirakçılar sınaq testlərinin həllinə
cəlb edilib. Sonda fikir mübadiləsi və müzakirələr
aparılıb, həmçinin iştirakçıları
maraqlandıran məqamlara aydınlıq gətirilib.
Regional
seminarların növbəti mərhələsinin iyulun 17-də
Gəncə, Naxçıvan, Şəki və Masallıda
keçirilməklə, ümumilikdə ölkə üzrə
125 seçki dairəsi dairə seçki
komissiyalarının bütün ekspert qrupu üzvlərini əhatə
etməsi nəzərdə tutulur.
Azərbaycan.-2024.-
16 iyul (№ 147).- S.8.