Sən zəfər qazanmısan, Azərbaycan əsgəri!

 

 

Saxtakarlıqda mahir olan ermənilər uzun illər idi ki, ordularının güclü olduğu haqqında həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mif yaratmış, əfsanələr uydurmuşdular. Guya qüdrətlidirlər, məğlubedilməzdirlər, güclüdürlər. Amma elə 2016-cı ilin Aprel döyüşlərində ordumuzun uğurla başa çatdırdığı hücumlar bu uydurmanın, bu mifin puç olduğunu göstərdi.

2020-ci il sentyabr ayının 27-dən başlanan döyüşlərdə isə Azərbaycan Ordusunun qazandığı böyük uğurlar dünyaya bir daha nümayiş etdirdi ki, erməni ordusu gücsüzdür, təriflərə deyil, məğlub olmağa, darmadağın edilməyə layiqdir. Azərbaycan Ordusunun hissələri yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə erməni işğalçılarına sarsıdıcı zərbələr endirdi, yağıları ağır məğlubiyyətlərə uğratdılar. Bu uğurlar bir daha göstərdi ki, ordumuz güclüdür, ölkəmizin ərazi bütövlüyünü qorumağa qadir və hazırdır.

Düşmən ordusu məhvə məhkum idi. Çünki  o işğalçı idi, qaniçən idi. İllər idi ki, torpaqlarımızı işğalda saxlayırdı. Əli xalqımızın qanına batmışdı. Boş bəyanatlar verərək işğalına haqq qazandırmağa çalışsa da, heç nəyə nail ola bilmirdi. Çünki tarixi həqiqəti, reallığı dəyişməyə gücü çatmırdı. Çata da bilməzdi, çünki haqsız idi, saxtakar idi.

Azərbaycan Ordusu Vətən müharibəsində haqq işimiz uğrunda vuruşdu. Uzun illər düşmənin işğalında qalmış torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda cəsarətlə meydana atıldı. Şəhidlərimizin intiqamını, qisasını almaq naminə vuruşdu.

Tarix dəfələrlə sübut edib ki, haqq işi uğrunda savaşanlar nə qədər böyük çətinliklərlə üzləşsələr də, sonda mütləq qalib gəlirlər. Döyüş meydanlarından geriyə, xalqının yanına zəfərlərlə dönürlər. Azərbaycan Ordusu da İkinci Qarabağ müharibəsindən xalqını sevindirən uğurlarla çıxdı. Dəqiq və sarsıdıcı zərbələr ilə erməni qəsbkarlarını məhv etdi, ürəklərə, könüllərə qələbə sevinci bəxş etdi. Ağdama, Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya, Kəlbəcərə, Laçına, Şuşaya, Xankəndiyə, Xocalıya, bir sözlə, Qarabağa və Şərqi Zəngəzura gedən yolları üzümüzə açdı.

İgid Azərbaycan əsgəri mövqeyində möhkəm dayandı...

Qarabağ uğrunda başlanan müharibə şəhərimizin mənzərəsini də xeyli dəyişdi. Ordumuzun cəbhədə erməni işğalçıları üzərində qazandığı zəfərlər, uğurlar insanların üzünə sevinc qarışıq fərəh də gətirdi. Bu müharibə xalqımızı bir-birinə daha da yaxınlaşdırdı, daha da mehribanlaşdırdı.

Ordumuzun Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Şuşanı və başqa şəhər və kəndlərimizi erməni qəsbkarlarından azad etməsi xalqımızın qələbəyə olan inamını daha da artırdı. Hamı bir nəfər kimi yurdumuzu erməni işğalçılarından təmizləyən zabitinə, əsgərinə böyük sevgi və məhəbbət bəslədi. Bunu hər addımda gördük.

Yurdumuzun erməni işğalçılarından azad edilməsi uğrunda müharibə başlanandan efirlərdə, ekranlarda daha çox vətənpərvərlik mövzusunda mahnılar oxunurdu, filmlər göstərilirdi. Hiss olunurdu ki, hər bir sənət adamı, hər bir vətəndaş erməni qəsbkarları üzərində qələbələrimiz, zəfərlərimiz naminə nəsə etmək istəyir, bu müqəddəs işə əl tutmağa çalışır. Azərbaycan Ordusunun uğurlarından ruhlanan bəstəkarlar da hərəkətə gələrək yeni-yeni vətənpərvərlik mahnıları bəstələyirdilər. Onların bu mahnılarına qulaq asdıqca vətənpərvərlik hisslərimiz daha da coşurdu. Hərbi marş və mahnıların içərisində elələri var idi ki, qısa zaman ərzində dillər əzbəri oldu.

Sevindirici hal o idi ki, vətənpərvərlik mahnılarını böyükdən kiçiyə hamı oxuyurdu. Bir dəfə təsadüfən bunun şahidi olduq. Gördüyümüzdən, eşitdiyimizdən ürəyimiz dağa döndü. Şəhərimizin sıx yaşayış sahəsi olan məhəllələrinin birindən keçərkən azyaşlı uşaqların xorla "İgid əsgər möhkəm dayan..." mahnısını oxuduqlarını eşitdik. Bir anlıq ayaq saxlayıb onlara qulaq kəsildik. Yurdumuzun azadlığı uğrunda gərgin döyüşlərin getdiyi günlərdə uşaqların bir yerdə hərbi mahnını oxumaları bizi sevindirməklə bərabər, həm də kövrəltdi. Sanki uşaqlar bu mahnını oxumaqları ilə Qarabağda vuruşan əsgərlərə arxa durmaq, dayaq olmaq istəyirdilər.

Bəli, Vətən müharibəsinin davam etdiyi həmin günlərdə igid əsgərlərimiz mövqelərində möhkəm dayanıb düşmənə sarsıdıcı zərbələr vurur, qan uddururdular. Vətənin taleyindən narahat olan uşaqlar da tam əmin idilər ki, qələbə bizimlədir. Çünki igid Azərbaycan əsgərləri mövqelərində lap möhkəm dayanmışdılar. Elə buna görə də düşmən üzərində tarixi Zəfər qazandılar.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 16 iyul (№ 147).- S.10.