O da vətənpərvərlik nümunəsi göstərənlərdən biri idi

 

 

Uşaqlıqdan təpərli idi. Geri çəkilməyi, məğlub olmağı sevməzdi. Qoçaq, mərd olduğu qədər də dürüst və xeyirxah idi. Söz verdisə, mütləq əməl edərdi...

Elçin Ağaqulu oğlu Tağıyev 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində dünyaya gəlmişdi. Onun sadə, zəhmətkeş ailəsindən öyrəndiyi gözəl keyfiyyətlərdən biri də əməksevərlik idi.

Ailənin beş övladından, iki qardaşdan biri olan Elçin 1995-ci ildə Ə.Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbinə gedib. Hərb sahəsinə hələ erkən yaşlarından maraq göstərib. 2004-cü ildə doqquzuncu sinfi bitirən Elçin Tağıyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Elçin hərbi məktəbi də əla qiymətlərlə bitirib. Təhsilini davam etdirib. O, 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) oxuyub. Ali hərbi təhsilini başa vuran Elçin Tağıyev 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində  leytenant hərbi rütbəsində  xidmətə başlayıb.

O, mülayim xasiyyətli, şən, deyib-gülməyi çox sevən gənc idi. Öz peşəsinin məsuliyyətini dərindən dərk edən Elçin Tağıyev tabeliyində olan əsgərlərə qarşı səmimi, mehriban olduğu qədər də ciddi və tələbkar idi.

Vətənpərvər, cəsur, qorxmaz hərbçinin ən böyük arzusu Ermənistanın işğalına son qoyulması, təcavüzkar ölkənin silahlı qüvvələrinin məğlub edilməsi olub. Qarabağ və Şərqi Zəngəzurun azadlığı uğrunda döyüşlərə atılmağa hər an cəhd edib.

Belə bir məqam yetişir. 2016-cı ilin 2-5 aprelində baş verən və tariximizə Aprel döyüşləri adı ilə düşən savaşda dostu baş leytenant Ziya Həsənov şəhid olandan sonra Elçin Tağıyev Müdafiə Nazirliyinə müraciət edir. O, öz istəyi ilə hərbi xidmətini döyüş bölgəsində davam etdirməyə başlayır. Nümunəvi hərbi xidmət edən Elçin Ağaqulu oğlu Tağıyev 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülür.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan Ordusunun kapitanı Elçin Tağıyev də müharibənin ilk günlərindən döyüşlərə qatıldı və düşmənə qarşı rəşadətlə vuruşdu.

Cəbhənin bütün istiqamətlərində Müzəffər Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrinə ardıcıl olaraq ağır zərbələr endirirdi. Qəsbkarlar otuz ilə yaxın zəbt etdikləri Azərbaycan torpaqlarında məğlubiyyətə uğradılaraq addım-addım geri çəkilməyə, döyüş mövqelərini qoyub qaçmağa məcbur olurdular.

Kapitan Elçin Tağıyev bir sıra uğurlu əməliyyatlarda iştirak edərək fədakarlıqlar göstərdi. Həmin döyüşlərdə Elçin Tağıyevin rəhbərliyi ilə düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edildi, işğalçılar ağır itkilər verərək geri çəkildilər. Talış və Suqovuşan istiqamətində döyüşən qəhrəman zabitimiz həmin strateji ərazilərin işğaldan azad olunmasında taboru ilə birlikdə şücaət göstərirdi.

Qəhrəman kapitan əmin idi ki, igid oğullarımızın hər döyüşü Azərbaycan Ordusunu Böyük Zəfərə aparır. Onun arzu etdiyi, inandığı kimi də oldu. Ancaq igid kapitan Elçin Tağıyev həmin şanlı tariximizin yaşandığı günləri görmədi. O, Talış istiqamətində gedən ağır döyüşlərdə, oktyabrın 1-də qəhrəmancasına şəhid oldu.

Vətənin azadlığı, bütövlüyü uğrunda döyüşdə canından keçmiş hərbçimizin nəşi 2020-ci il noyabrın 28-də dünyaya göz açdığı Biləsuvar rayonunun Zəhmətabad kəndinə gətirilərək dəfn edildi.

Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Elçin Tağıyev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları  ilə təltif edildi.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 16 iyul (№ 147).- S.10.