Nakam bir ömür

 

 

Qarlı-çovğunlu bir qış günü səhərin ala-toranında "post"dan evə qayıdan Məzahir  səkkiz aylıq körpəsi Allahverdi həyat yoldaşı Aybənizi götürüb kənd camaatı ilə birlikdə keçilməz qarlı aşırımlara üz tutdular. Beləliklə, qədim bir xalqın dədə-baba yurdundan, tarixi torpaqlarından böyük köçü başladı. Bununla qədim bir türk torpağı da sahibsiz qalmış ruhların məzarlığına çevrildiElə o gündən Allahverdi adlı səkkiz aylıq bir körpənin taleyinə əzablı günlərin gündəlikləri yazılmağa başladı.

Allahverdi  böyüdükcə ürəyində qəzəb həsrət pöhrələnirdi. Hər gün valideynləri ona öz qədim dədə-baba yurdlarından, Qərbi Azərbaycanda qoyub gəldikləri xoşbəxt günlərin xatirələrindən, vətəndən, torpaqdan danışırdılar.

Ürəyində sevgi olmayanlar qəhrəman ola bilməz. Bu sevdada olan Allahverdi də öncə Vətəndir, - deyirdi. Elə bu düşüncə ilə yaşadığındandır ki, 44 günluk Vətən müharibəsinin tarix yazan qəhrəmanlarından biri də o oldu. Özü tarixə qovuşsa da, illər, əsrlər keçəcək,  qəhrəmanlığı yaşayacaq.

Söhbət Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçı giziri, qəhrəmanlıq dastanımızın şərəf salnaməsini yazanlardan biri, qəhrəman döyüşçü Allahverdi Məzahir oğlu Ələkbərovdan gedir.

Allahverdinin valideynləri əslən Qərbi Azərbaycanın Masis rayonunun Sayatnova kəndindəndirlər. Özü isə 1987-ci ildə Bakı şəhərində anadan olub. Qəhrəmanımızın valideynləri qarlı, çovğunlu bir gecədə erməni terrorçularının xalqımızın başına gətirdikləri ardıcıl müsibətlərə dözməyərək öz dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Orta məktəbdə təhsilini başa vurandan sonra Allahverdi 2006-cı ildə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissənin kəşfiyyat bölməsində həqiqi hərbi xidmətə başlayıb. 2015-ci ilin avqust-dekabr aylarında Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində xüsusi kurs keçərək Azərbaycan Ordusunda gizir rütbəsində hərbi qulluqçu kimi xidmətini davam etdirib. 2017-ci ildə Allahverdi Ələkbərov imtahan verərək  Xüsusi Təyinatlıların Təlim Kursuna yazılıb və buranı da müvəffəqiyyətlə başa vuranlar sırasında olub. Kəşfiyyatçı gizir 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Suqovuşanın, Füzulinin, Hadrutun düşmən işğalından azad olunması uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqlar göstərib. 2020-ci il oktyabrın 20-də Qubadlı rayonu ərazisində Milli Qəhrəmən Şükür Həmidovun şəhid olduğu yüksəkliyin azad olunması uğrunda gedən qanlı döyüşdə yaralı döyüş yoldaşını əməliyyat mövqeyindən çıxararkən düşmən qumbaraatanının mərmisinə tuş gəlib. Allahverdi Ələkbərov ağır qəlpə yarası alaraq Füzuli Rayon Xəstəxanasına yerləşdirilib.  Ardıcıl olaraq 11 dəfə cərrahi əməliyyat olunaraq həyat uğrunda mübarizə aparıb sağ qalmağı bacaran qəhrəman döyüşçünü həkimlər "dəmir adam" adlandırıblar. Xalqımızın vətənpərvər oğlu Allahverdi Ələkbərov Şuşanın düşmən işğalından azad olunma xəbərini eşidərkən həyəcanlanır və yarası qan verir. Təəssüf ki, bu dəfə "dəmir adam"ın həyatını xilas etmək mümkün olmur. 11 noyabr 2020-ci ildə xalqımızın qəhrəman oğlu  Allahverdi  Ələkbərov böyüyüb boya-başa çatdığı Ucar rayonunda böyük bir izdiham, xalq sevgisi ilə Şəhidlər xiyabanında torpağa tapşırılır. Göstərdiyi qəhrəmanlığa görə o, ölümündən sonra "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunur.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 16 iyul (№ 147).- S.10.