Azərbaycanın Milli qəhrəmanları
Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad
edilib
İyulun
14-də Azərbaycanın Milli qəhrəmanları -
general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin
şəhid olmasının dördüncü
ildönümü ilə əlaqədar İkinci Fəxri
xiyabanda məzarları ziyarət olunub.
AZƏRTAC xəbər
verir ki, ziyarət zamanı Tovuz döyüşlərinin Azərbaycanın
hərb tarixinə zəfər döyüşü kimi daxil
olduğu, həmçinin Azərbaycan Ordusunun düşmənin
hər cür təxribatlarının və gözlənilməz
hücumlarının qarşısını qətiyyətlə
almaqda çətinlik çəkmədiyini bir daha göstərdiyi
diqqətə çatdırılıb.
Bildirilib ki,
Tovuz döyüşlərində Ordumuzun əsgər və
yüksək rütbəli zabitləri qəhrəmanlıq,
igidlik nümunələri göstərib, erməni
işğalçılarının törətdikləri təxribatların
qarşısını qətiyyətlə alıblar. Təəssüf
ki, həmin döyüşlər zamanı general-mayor Polad Həşimov,
polkovnik İlqar Mirzəyev kimi mərd, vətənsevər
oğullar şəhidlik zirvəsinə ucalıblar. Lakin
onların qanları yerdə qalmayıb, qisasları
alınıb. Həmin qəhrəmanların izi ilə gedən
gənclər 44 gün ərzində dünya hərb tarixində
indiyə qədər qeydə alınmayan salnamələr
yazıb, ərazi bütövlüyümüzü bərpa
ediblər. Ötən il konstitusiya quruluşumuzun bərpa
edilməsindən sonra isə bu şərəfli missiyanın
uğurla sona yetdiyi vurğulanıb. Qeyd olunub ki, bu gün
xalqımız öz Milli qəhrəmanlarının xatirələrini
alnıaçıq şəkildə anır, onlara minnətdarlıqlarını
ifadə edirlər.
General-mayor
Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova Milli
Qəhrəmanın Azərbaycan Ordusunda və xalqımız
qarşısında 25 illik xidməti ilə qəhrəmanlıq,
Zəfər simvoluna çevrildiyini bildirərək deyib:
“Əslində, o, sağlığında qəhrəmanlıq
məktəbi yaratmışdı. Bu, Polad Həşimov məktəbi
idi. Həmin məktəbin yetirmələri öz komandirlərindən
aldıqları qəhrəmanlıq nümunələrini 44
günlük Vətən müharibəsində
döyüş meydanında göstərdikləri misilsiz
şücaətlərlə nümayiş etdirdilər və
işğal altındakı torpaqlarımızı əsarətdən
xilas etdilər. Beləliklə, Polad Həşimov Azərbaycan
xalqının qəlbinə əbədi həkk olundu.
Xalqı üçün yaşayıb onun üçün
canını qurban verən qəhrəmanın xatirəsini qədirbilən
xalqımız ən gözəl şəkildə
yaşadır. Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi uğrunda mübarizədə
canını fəda edən hər bir şəhidimizi
ehtiramla anır, qazilərimizə cansağlığı diləyirəm”.
Ehtiyatda olan
polkovnik-leytenant İlkin Mövsümlü isə Polad Həşimov
və İlqar Mirzəyev ilə bağlı xatirələrini
bölüşüb. O bildirib: “Polad Həşimovla 1992-ci ildən
tanış idim. Keçmiş Bakı Ali Birləşmiş
Komandanlıq Məktəbində bir yerdə təhsil
almışdıq. Biz bir tağım, bir manqada xidmət
edirdik. 1995-ci ildən sonra xidmətlərimizi ayrı-ayrı
hərbi hissələrdə davam etdirdik. Ondan sonra 2004-cü
ildə yenidən bir araya gəldik və Qusarda xidmət etdik.
Polad kursant olduğu dövrdən xidmətinin son anına qədər
öz nizam-intizamı, biliyi, xarakteri ilə seçilirdi.
İlqar Mirzəyev
isə bizim kurs yoldaşımız idi, lakin
ixtisaslarımız fərqli idi. Biz piyada idik, İlqar isə
artilleriyaçı. Xidmətdə zabit kimi
qarşılaşmasaq da, əlaqələrimiz var idi. Polad Həşimov
da, İlqar Mirzəyev də düşmənlə üzbəüz,
ön xəttə olan postda xidmət edirdilər. Onlar o qədər
vətənpərvər zabitlər idilər ki, geridə
deyil, düşmənin bir addımlığında xidmət
etməyi özlərinə rəva bilirdilər. Hər ikisi səngər
zabiti idi. Biz onlarla hər zaman fəxr edəcəyik. Şəhidlər
unudulanda ölürlər. Polad, İlqar kimi oğullar elə
iz buraxıblar ki, onlar heç zaman unudulmayacaqlar.
Mən
2010-cu ildən ordu sıralarından tərxis olunmuşdum.
Polad Həşimovun və İlqar Mirzəyevin şəhidliyi
hamımızı silkələdi. Biz son
döyüşün başlamasını gözləyirdik.
2020-ci il sentyabrın 27-də düşmənin təxribatlarına
qarşılıq olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına
başladı. Mən də sentyabr 29-da könüllü
olaraq döyüşlərə qatıldım və
Suqovuşan istiqamətində döyüşdüm. Qürur
hissi ilə deyirəm ki, bütün şəhidlərin, o
cümlədən Polad Həşimovun da, İlqar Mirzəyevin
də qisası alındı".
Xatırladaq
ki, ziyarət zamanı, həmçinin Yevlax rayon Vasif
Mövsümov adına Gülövşə kənd orta məktəbinin
şagirdlərinin ifasında vətənpərvərlik
mövzusunda şeir və mahnılar səsləndirilib.
Azərbaycan.-2024.-
16 iyul (№ 147).- S.10.