Paris problemlər
bataqlığındadır
Yay Olimpiya Oyunlarına 10 gün qalsa da, Fransada gərgin
vəziyyət davam edir
32 ildən sonra
Fransa yenidən Olimpiadaya evsahibliyi edir. Yarışların
başlamasına 10 gün qalıb. Lakin gözlənilən
turist axını əvəzinə, şəhərin mərkəzindəki
dükanlar və iaşə obyektləri ziyarətçi
azlığı səbəbindən bağlanır.
Parisin Yay Olimpiya
Oyunlarına hazır olmaması artıq təşkilatçılarda
panik vəziyyət
yaradıb. Yarışların başlanmasına qısa vaxt
qalıb, lakin hər gün bəzi startların baş
tutacağına şübhələr artıb. Şəhər
sözün əsl mənasında problemlər
bataqlığındadır: kütləvi etirazlardan
tutmuş, antisanitar vəziyyətə qədər hər
şey qeyri-normallığı ilə diqqət çəkir.
Parisin nəqliyyat-logistika
sistemində də problemlər yetərincədir və
qısa zaman kəsiyində həll edilməsi mümkün
deyil.
İndiki halda mütəxəssisləri
ilk növbədə üzgüçülük
yarışlarının planlaşdırıldığı
Senadakı suyun vəziyyəti narahat edir. Çünki
açılış mərasimi bu məşhur çayda
olmalıdır. Çirkli sudakı infeksiyalardan qorunmaq
üçün idmançılar dava-dərman almağa məcburdurlar.
Belə ki, Parisin kanalizasiya sularının
axıdıldığı Sena çayı təhlükəli
bakteriyalarla doludur. Təhlillər göstərir ki, çayda
olan bakteriyaların sayı icazə verilən standartlardan
iki-üç dəfə çoxdur.
3 ay öncə
Fransa prezidenti Emmanuel Makron ictimaiyyəti sakitləşdirmək
istəyib və hətta parislilərin özlərinin də məlum
səbəblərdən əsrin əvvəllərindən bəri
girmədikləri çayda üzməyə söz verib. Lakin
indiyədək vədinə əməl etməyib və bu
missiyani idman naziri Ameli Udea-Kasteranın üzərinə qoyub.
Məcburiyyət qarşısında qalan nazir dalğıc
geyimində Sena çayına daxil olub. Məlumata görə,
Udea-Kastera yerli paralimpiyaçı Ankinan ilə birlikdə
çayın yarışların keçiriləcəyi
yerində qısa müddət ərzində üzüb.
Bidirilir ki, nazir
kameralar qarşısında Sena çayının bulanıq
suyuna girərək, III Aleksandr körpüsü və
Əlillər körpüsü arasındakı qısa məsafəni
qət edib. Sudan çıxdıqdan sonra o, jurnalistlərə
bildirib: "Biz dedik ki, Olimpiadaya hazır olacağıq və
biz hazırıq. Bu heyrətamizdir, vəd yerinə
yetirilib!". Nazir əlavə edib ki, bu yolla o, son dörd ildə
Sena çayının təmizliyində dövlət xidmətlərinin
işinin nəticələrini nümayiş etdirmək istəyib.
Bir çox nəşrlər
isə qeyd edib ki, Ameli Udea-Kastera bulanıq və çirkli
sudan qorunmaq üçün dalğıc geyimindən istifadə
edib.
Makronu isə
indiki vəziyyətdə müəyyən mənada başa
düşmək olar. Bütün daxili və xarici cəbhələrdə
ağır məğlubiyyətlərə uğrayan, liderlik
etdiyi ölkədə nazirlər kabineti formalaşdırmaqda
aciz olan, bir sözlə, başını itirən prezidentin
çayda çimməklə bağlı xalqa verdiyi vəd
yada düşmür...
Qeyd edək ki,
Sena çayı sahili boyunca və Trokadero meydanında baş
tutacaq açılış mərasimində potensial təhlükələrin
yüksək riski fonunda tamaşaçıların
sayının 600 mindən 326 minə endirilməsi qərara
alınıb. Olimpiadaların keçirildiyi ərazilərdə
və Paris sahillərinin yaxınlığında hərəkət
etmək üçün oyunlarda xüsusi QR kodları tətbiq
ediləcək.
Bu arada, Fransa həmkarlar
ittifaqları da idman festivalına münasibətdən kənarda
qalmayıblar.
Ölkənin ən
böyük təşkilatı olan Ümumi Həmkarlar
İttifaqları Konfederasiyası Olimpiada zamanı hökumət,
yerli idarəetmə orqanları və səhiyyə
işçilərini əhatə edəcək tətilin
keçiriləcəyi barədə xəbərdarlıq edib.
Xatırladaq ki,
Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək
keçirilməlidir.
Rizvan
CƏFƏROV,
Azərbaycan.-2024.-
16 iyul (№ 147).- S.12.