"Respublika Qan Bankı" publik hüquqi şəxsin yaradılması
və fəaliyyətinin
təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, qan və qan
komponentlərinin donorluğu
və qan xidməti sahəsində fəaliyyətin səmərəliliyini
daha da artırmaq
məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
tabeliyində "Respublika Qan
Bankı" (bundan sonra - Qan Bankı)
publik hüquqi şəxs yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. Qan Bankı
qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində
fəaliyyət göstərən,
qan və qan komponentlərinin tədarükünü, emalını,
yoxlanılmasını, saxlanılmasını
və bölüşdürülməsini
təmin edən publik hüquqi şəxsdir;
2.2. Qan Bankının
fəaliyyətinə ümumi
rəhbərliyi və
nəzarəti həyata
keçirmək üçün
sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə
Şurası yaradılır;
2.3. Qan Bankının
fəaliyyətinə cari
rəhbərliyi icraçı
direktor həyata keçirir.
3. Qan Bankının
təsisçisinin səlahiyyətlərinin
həyata keçirilməsi
aşağıdakılara həvalə
edilsin:
3.1. Azərbaycan Respublikasının
Prezidentinə:
3.1.1. Qan Bankının
yenidən təşkili
və ləğv edilməsi;
3.1.2. Qan Bankının
idarəetmə orqanlarının
yaradılması;
3.2. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyinə:
3.2.1. bu Fərmanın
3.1-ci bəndində qeyd
edilənlər istisna
olmaqla, "Publik hüquqi şəxslər
haqqında" Azərbaycan
Respublikası Qanununun
8.2-ci maddəsində publik
hüquqi şəxsin
təsisçisinin səlahiyyətlərinə
aid edilmiş digər məsələlərin
həlli.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
5. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi:
5.1. Qan Bankının
nizamnaməsini iki ay müddətində təsdiq etsin;
5.2. Qan Bankının
dövlət qeydiyyatına
alınması üçün
onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində
"Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
qaydada tədbirlər
görsün;
5.3. Qan Bankı dövlət
qeydiyyatına alındıqdan
sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə
maaşının, vəzifə
maaşına əlavələrin,
mükafatların və
digər ödənişlərin)
məbləğini bir
ay müddətində
təsdiq etsin;
5.4. bu Fərmanın
2.1-ci bəndi nəzərə
alınmaqla, Milli
Hematologiya və
Transfuziologiya Mərkəzinin
nizamnaməsində, strukturunda
və işçilərinin
say həddində dəyişiklik edilməsi
üçün zəruri
tədbirlər görsün;
5.5. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
6. Qan Bankı dövlət qeydiyyatına
alındığı günədək
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin qan xidməti sahəsində fəaliyyət göstərən
struktur bölmələri
fəaliyyətini həmin
Mərkəzin tabeliyində
davam etdirsinlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 iyul 2024-cü il
Azərbaycan.-2024.-
17 iyul (№ 148).- S.4.