Milli
Məclisə seçkilərdə
deputatlığa namizədlərin
qeydə alınmasının
əsasları, qaydaları
və qeydə alınmış namizədin
statusu
Suverenliyimizin və
ərazi bütövlüyümüzün
tam bərpa olunmasından sonra
2024-cü il sentyabrın
1-də keçiriləcək Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilər
istər ölkə daxilində, istərsə
də xaricdə böyük maraq və diqqətlə qarşılanır. Seçkilərin
təyin olunmasından
qısa zaman keçməsinə baxmayaraq,
22 siyasi partiyanın
səlahiyyətli nümayəndəsinin,
eləcə də maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndələrinin Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə
alınması, namizədliyi
özü və siyasi partiyalar tərəfindən irəli
sürülən şəxslərin
sayı bunu deməyə əsas verir.
Seçki prosesi
bir-birinin ardınca gələn ayrı-ayrı
mərhələlərdən ibarətdir. Hər bir mərhələnin də özünəməxsus
xüsusiyyətləri var.
Belə mərhələlərdən
biri də namizədlərin qeydə
alınmasıdır. Seçki
prosesinin bu mərhələsi deputatlığa
namizədliyin irəli
sürülməsinin təsdiq
olunmasından sonrakı
hüquqi prosedurları
özündə əks
etdirir. Bunlar, ilk növbədə, deputatlığa irəli sürülmüş namizədin
müdafiəsi üçün
seçici imzalarının
toplanması, onun rəsmiləşdirilməsi, namizədin
qeydə alınması
üçün zəruri
olan digər seçki sənədlərinin
hazırlanması və
müvafiq seçki komissiyasına təqdim olunmasını əhatə
edir. Sözügedən
addımların atılması,
o cümlədən bu
prosesin məntiqi nəticəsi kimi namizədin qeydə alınması Seçki Məcəlləsinin 56-60, 147 və
148-ci maddələri, eyni
zamanda MSK-nın "Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilər
zamanı təsdiq edilmiş deputatlığa
namizədin müdafiəsi
üçün seçici
imzalarının toplanması
və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında" təlimatı
ilə tənzimlənir.
Deputatlığa namizədin
qeydə alınması
üçün zəruri
olan ilk seçki hərəkəti
namizədin müdafiəsi
üçün seçici
imzalarının toplanmasıdır
ki, seçki qanunvericiliyi bununla bağlı bir sıra qaydalar müəyyənləşdirib. Yeri gəlmişkən qeyd edək ki, bu qaydaların
pozulması namizədin
qeydə alınmasından
imtinaya səbəb ola bilər.
Seçki Məcəlləsinin
tələbinə görə,
hər bir namizədin müdafiəsi
üçün müvafiq
seçki dairəsinin
ərazisindən azı
450 seçici imzası
toplanmalıdır. Qanunvericiliyə
görə bir seçici birdən artıq namizədin müdafiəsi üçün
imza ata bilər. Namizədin müdafiəsi üçün
imza etmək könüllüdür və
seçicinin hər hansı bir vasitə ilə bu hüququnu reallaşdırmasına mane
olmaq qadağandır.
Eyni zamanda bunu da bilmək
vacibdir ki, seçiciləri imzaya görə mükafatlandırmaq
yolverilməzdir. Həmin
qadağalara əməl
olunmaması müvafiq
məhkəmə tərəfindən
təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından
imtina üçün
əsas ola bilər. Seçici imzalarını namizədin
özü, səlahiyyətli
nümayəndələri, həmçinin Azərbaycan
Respublikasının 18 yaşına
çatmış aktiv
seçki hüququ olan hər bir
vətəndaşı toplaya
bilər. Lakin dövlət orqanlarının,
bələdiyyə qurumlarının,
mülkiyyət formasından
asılı olmayaraq hüquqi şəxslərin
imza toplanmasında iştirakına yol verilmir.
Namizədin müdafiəsi
üçün seçici
imzaları tədris müəssisələrində, yaşayış yerlərində,
eləcə də qanunla seçkiqabağı
təşviqat aparılmasının
qadağan edilmədiyi
digər yerlərdə
toplana bilər.
Məlumat üçün
bildirək ki, dairə seçki komissiyaları imza vərəqələrini və
digər seçki sənədlərini müəyyən
olunmuş müddətdə
hər gün saat 9:00-dan 18:00-a qədər
qəbul edir. Sənədlər qəbul
olunarkən imza vərəqələri olan
hər bir qovluq möhürlə təsdiqlənir, təqdim
olunmuş imza vərəqələrinin və
imzaların sayının
seçici imzalarının
toplanmasının yekunu
haqqında protokolla uyğunluğu yoxlanılır,
daxil olma tarixi və vaxtı göstərilməklə
sənədlərin qəbulu
barədə yazılı
arayış tərtib
edilir. Arayış dairə seçki komissiyasının katibi və imza vərəqlərini,
digər seçki sənədlərini dairə
seçki komissiyasına
təqdim edən şəxs tərəfindən
imzalanır, təsdiqlənir
və bir nüsxəsi seçki sənədlərini təqdim
edən şəxsə
verilir.
Artıq iyulun
13-dən etibarən namizədin
qeydə alınması
üçün müvafiq
sənədlərin dairə
seçki komissiyalarına
təqdim olunmasına
başlanılıb. İmza
vərəqələri seçki
qanunvericiliyinə uyğun
olaraq doldurulduqdan sonra namizədin qeydə alınması üçün digər seçki sənədləri
ilə birlikdə avqustun 2-si saat 18:00-dək
aidiyyəti dairə seçki komisssiyasına təqdim edilməlidir. Digər seçki sənədləri dedikdə,
qanunvericiliklə tələb
olunan seçici imzalarının toplanması
haqqında MSK-nın müəyyənləşdirdiyi formada tərtib edilmiş yekun protokolun 2 nüsxəsi, irəli sürülmüş
namizədin öhdəlik
ərizəsindəki məlumatlarda
dəyişikliklər barədə
bildiriş, namizədin
seçkilərin təyin
edildiyi gündən əvvəlki birillik dövrü əhatə edən gəlirlərinin miqdarı və mənbələri haqqında
məlumat, gəlirlər
barədə məlumatların
alındığı təşkilatlardan
həmin gəlirlərin
illik cəmi barədə arayış,
mülkiyyət hüququ
əsasında namizədə
məxsus əmlak barədə məlumat, seçici imzalarının
toplanması üçün
sərf edilmiş vəsait haqqında məlumatlar da göstərilməklə namizədin
ilkin maliyyə hesabatı nəzərdə
tutulur.
MSK-nın 2024-cü il 29 iyun tarixli
15/55 saylı Qərarına
əsasən, namizədliyin
qeydə alınması
məsələsinə MSK-da baxılması zərurəti yarandığı
halda imza vərəqələrindəki imzaların və digər məlumatların
düzgünlüyünün yenidən yoxlanılması
üçün komissiya
nəzdində işçi
qrupu yaradılıb. Qrupun tərkibinə Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertizası
Mərkəzinin ekspertləri,
Azərbaycan Respublikası
Daxili İşlər
Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmlak Məsələləri
Dövlət Xidməti,
habelə Hesablama Palatasının mütəxəssisləri
sırasından ekspertlər
daxil edilib. Eyni zamanda dairə
seçki komissiyalarında
da deputatlığa namizədin qeydə alınması üçün
təqdim edilmiş imza vərəqələrində
olan imzaların və digər sənədlərdəki məlumatların
düzgünlüyünü yoxlamaq məqsədilə
ekspertlərdən ibarət
işçi qrupu yaradılıb. Hər bir deputatlığa namizədin imza vərəqələrində və
digər seçki sənədlərində olan
məlumatların yoxlanılması
nəticələri haqqında
müvafiq ekspert rəyləri hazırlanır
və həmin rəylər əsasında
işçi qrupunun rəhbəri tərəfindən
protokol və qərar layihəsi tərtib edilir, imzalanır, namizəd barəsində qərar qəbul olunması üçün dairə seçki komissiyasına təqdim edilir.
Dairə seçki
komissiyaları imza vərəqələrini və
namizədin qeydə alınması üçün
lazım olan digər sənədləri
qəbul etdikdən sonra 7 gün müddətində namizədin
qeydə alınıb-alınmaması
barədə əsaslandırılmış
qərar qəbul etməlidir.
Düzgün imzaların
sayı 450-dən az deyildirsə, digər təqdim olunan seçki sənədləri
həqiqəti əks
etdirirsə, seçki
qanunvericiliyinə uyğun
tərtib edilibsə, düzgün rəsmiləşdirilibsə,
bu, namizədin qeydə alınmasına əsas verir.
Təqdim edilmiş
sənədlərdə səhvlər
və pozuntular varsa və bunlar
qəsdən edilməyibsə,
namizəd və ya səlahiyyətli nümayəndələr tərəfindən
düzəlişlərin edilməsi
yolu ilə aradan götürülə
bilərsə, dairə
seçki komissiyası
namizədi və ya siyasi partiyanın,
siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini 24 saat
müddətində bu
haqda xəbərdar edir və onun
tərəfindən müvafiq
düzəlişlər edildikdən
sonra namizədi qeydə alır. Qeydə alınmış
namizədlərə dairə
seçki komissiyası
tərəfindən qeydiyyat
vəsiqəsi verilir,
qeydiyyatdan sonra 24 saat müddətində onlar haqqında məlumatlar mediaya təqdim olunur.
Namizədin qeydə
alınmasından imtinaya
əsaslar Seçki Məcəlləsinin 60-cı maddəsi
ilə tənzimlənir.
Bu əsaslara seçici imzalarını
toplayarkən Seçki
Məcəlləsinin tələblərinin
pozulması, namizədin
qeydə alınması
üçün təqdim
etdiyi sənədlərin
düzgün rəsmiləşdirilməməsi
və ya olmaması, seçici imzalarının lazımi
saydan az olması halları daxildir. Namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunun yaradılması qaydasının və müvafiq seçki fondunun vəsaitinin xərclənməsi qaydasının
pozulması, habelə
Seçki Məcəlləsinin
55-ci maddəsinin tələblərinin
xəbərdarlıq ediləndən
və ya cərimə tətbiq olunandan sonra sözügedən subyektlər
tərəfindən yenidən
pozulması da qeydiyyatdan imtinaya səbəb ola bilər.
Qeydə alınmış
namizədlərin statusu
- bərabərliyi, fəaliyyətinin
təminatları və
seçkilərdə iştirakının
şərtləri Seçki
Məcəlləsinin 69 - 71-ci maddələrində öz
əksini tapıb. Qeydə alınmış
bütün namizədlər
onların statusları
nəzərə alınmaqla
bərabər hüquqa
malikdirlər və bərabər vəzifələr
daşıyırlar.
Milli Məclisə
seçkilər zamanı
dövlət orqanlarında,
bələdiyyə qulluğunda
və ya mediada çalışan qeydə alınmış
namizədlər seçki
kampaniyasında iştirak
etdikləri müddətdə
xidməti vəzifələrini
yerinə yetirməkdən
azad edilirlər. Amma bu qayda
Milli Məclisin deputatlarına şamil edilmir. Qeydə alınmış namizədin
işlədiyi, oxuduğu,
hərbi xidmətdə
olduğu idarənin, təşkilatın müdiriyyəti,
hərbi hissənin komandiri namizədin qeydə alındığı
gündən seçkilərin
nəticələrinin rəsmi
dərc edildiyi günədək ərizəsində
göstərilən müddət
üçün onu işdən, tədrisdən,
xidmətdən ödənilməyən
məzuniyyət verilməsi
əsasında istənilən
gün və vaxt azad etməlidir.
Bu halda müvafiq seçki komissiyası seçkilərin
hazırlanması və
keçirilməsi ücün
büdcədən ayrılmış
vəsait hesabına namizədə orta aylıq əməkhaqqı
məbləğində, lakin
minimum əməkhaqqının
20 mislindən çox
olmayan haqq ödəməlidir.
Qeydə alınmış
namizədə pul kompensasiyası əsas iş və ya xidmət yeri üzrə əvəzi ödənilməyən
məzuniyyətin verilməsi
barədə əmrə
əsasən xidməti
vəzifədən azad
edildiyi dövr üçün ödənilir.
Qeydə alınmış
namizədə Seçki
Məcəlləsi ilə
müəyyən edilmiş
nəqliyyat xərcləri
ödənilir. Taksi və sifarişli nəqliyyat reyslərindən
istifadə xərcləri
isə ödənilmir.
Qeydə alınmış
namizədin seçkilərdə
iştirakı müddəti
qeydə alındığı
gündən başlayaraq,
işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir.
Qeydə alınmış
namizəd Seçki Məcəlləsinin 70.1-ci maddəsində
göstərilən müddətdə
işdən, xidmətdən,
təhsil müəssisəsindən
çıxarıla bilməz,
öz razılığı
olmasa başqa işə keçirilə
bilməz, habelə ezamiyyətə göndərilə,
hərbi xidmətə
və ya toplanışa çağrıla
bilməz. Eyni zamanda Azərbaycan Respublikası baş prokurorunun razılığı
olmadan törətdiyi
əmələ görə
cinayət məsuliyyətinə
cəlb edilə bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən
inzibati tənbeh tədbirlərinə məruz
qala bilməz.
Qeydə alınmış
namizədlər müvafiq
dairə seçki komissiyasından hüdudları,
ünvanı və telefonları göstərilməklə
seçki məntəqələrinin,
məntəqə seçki
komissiyalarının siyahısını
və səsvermə yerlərinin ünvanlarını
ala bilərlər.
Namizədlər qeydə
alınmış digər
namizədlərin, siyasi
partiyaların, seçicilərin
və ictimai təşkilatların hüquqlarına
hörmət bəsləməli,
seçki kampaniyası
zamanı digər namizədlərin öz siyasi ideyalarını və baxışlarını
azad və sərbəst yaymaq hüquqlarına hörmətlə
yanaşmaqla bərabər,
onların seçicilərlə
azad ünsiyyət yaratmalarına mane olmamalıdırlar.
Əminliklə vurğulamaq
olar ki, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi
üçün reallaşdırılan
layihələr və
atılan addımlar deputatlığa namizədlərin
sərbəst fəaliyyəti
üçün də
hərətəfli şərait
və geniş imkanlar yaradır.
Etibar
QULİYEV,
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
üzvü
Azərbaycan.-2024.-
17 iyul (№ 148).- S.7.