Dövlətimiz
gənclər üçün
geniş imkanlar yaradıb
"Babam ibtidai
sinif müəllimi idi. Onun öz peşəsinə
sevgisi bütün nəslə təsir etmişdi. Qohum-əqrəba
peşə seçimi edəndə çox fikirləşməli
olmurdu. Pedaqoji sahəyə üstünlük verirdilər. Mən
də kiçik yaşlarımdan həyatımı
uşaqlara həsr edəcəyim barədə qərarlı
idim. Öz hücrəmə çəkilib gah müəllim,
gah da həkim olurdum... Orta məktəbdə kimya, biologiya dərslərini
keçəndən sonra daha çox uşaq həkimi
olacağım barədə fikirləşirdim. Uşaqlar bir
ailənin sevinci, bir nəslin davamçısı, bir millətin
gələcəyidir.
Qəbul
imtahanı zamanı seçim edəndə Tibb Universitetinin
pediateriya, formokologiya və Bakı Dövlət Universitetinin
Biologiya fakültələrini göstərdim..."
Söhbət
redaksiyamızın qonağı olan gənc həkim Reqina
İlqar qızı Nemətovadan gedir.
O, 1988-ci il
yanvarın 25-də Bakı şəhərində anadan olub.
2005-ci ildə 145 saylı məktəbi fərqlənmə
diplomi ilə bitirərək elə həmin il ATU-nın
Pediatriya fakültəsinə qəbul olunub. 2011-ci ildə
ATU-nu da fərqlənmə diplomu ilə bitirən gənc həkim
rezidentura təhsilini K.Fərəcova
adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda alıb.
Həkimlik fəaliyyətinə
bu institutda başlayan Reqina Nemətova 2018-ci ildə
Yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsinə
müdir təyin edilir. Gənc həkim Rusiya, Türkiyə,
Latviya, Kipr və bir sıra xarici ölkələrdə
keçirilən konqres və simpoziumlarda ölkəmizi təmsil
edib.
Reqina xanım
uşaq həkimliyinin spesifik xüsusiyyətlərindən də
bəhs etdi: "Bütün peşələrin özünəməxsus
çətinlikləri var. Mən deyərdim ki, pediateriya
tibbin ən çətin sahəsidir. Nəzərə
alın ki, pasiyent dilsiz-ağızsız yeni doğulan
körpədir. Uşaq bədən dili, baxışları ilə
özü hər şeyi ifadə edir".
Həkim pasiyentin
bədən ifadəsinə, səsin tembrinə görə xəstəliyi
müəyyən etməyi bacarmalıdır. Bunun
üçün həkimdə güclü hissiyyat
olmalıdır. Əgər hissiyyatın yoxdursa, gündə
100 kitab oxusan belə xəstəliyi müəyyən edə
bilməyəcəksən. Buna altıncı hiss deyilir. Bu,
olmasa həkim olmaq mümkün deyil.
Reqina xanımla
qeysəriyyə əməliyyatı ilə doğulan
uşaqlar barədə də söhbət etdik. O dedi:
- Uşaq həm
qeysəriyyə, həm də təbii doğuş yolu ilə
dünyaya gəlir. Çox təəssüf ki, bu gün
dünyaya gələn körpələrin çoxu qeysəriyyə
əməliyyatı ilə doğulur. Bunun da müxtəlif səbəbləri
var. İlk növbədə analara təbii doğuşun
faydası düzgün izah edilmir. Bəzən həkim
özünü yormaq istəmir, bəzən ana özü
qorxur. Məlumatsızlıqdan gənc analar qeysəriyyəyə
üstünlük verirlər. Bircə faktı deyim, təbii
doğuş olanda uşaqların ağ ciyərində olan
maye sızılma nəticəsində tənəffüs
yollarından xaric olur. Belə uşaqlarda tənəffüs
çatışmazlığı xəstəliyi olmur. Təbii
doğuş olanda uşaq ananın mikroflorası ilə
tanış olur. Çox təəssüf ki, bizə gələn
xəstə uşaqların əksəriyyəti qeysəriyyə
ilə doğulanlardır.
Qeysəriyyə
kəsiyi ilə doğulan uşaqlar ilk anda ananı
tanımır. Ana əməliyyatda olduğu üçün
uşaq ilk dəfə gözünü açanda
anasını yox, tibb bacısını görür, tibb
bacısı ilə "tanış" olur.
Reqina həkim
deyir ki, xəstə uşağın
sağlamlığında həkimdən çox valideynin
inamı böyük rol oynayır. Körpələri xəstə
doğulan valideynlərdə xəstənin
sağalacağına inam itəndə sanki körpə onu
hiss edir. Valideynin, atanın, ananın inamı telepatik yolla
uşağa keçib ona güc verir.
Reqina xanım
bizimlə söhbətində çox vacib bir məsələyə
də toxundu: "Gənclərə müraciətlə demək
istəyirəm ki, insanın ən güclü müdafiəçisi
onun savadı, inamı, qətiyyətidir. Heç kim
düşünməsin ki, savadlı olub inkişaf etmək
üçün mütləq güclü arxası, himayədarı
olmalıdır. Dövlətimiz bu gün savadlı, gənc
kadrlar üçün geniş imanlar yaradıb. Müəllim
ailəsindən çıxmışam. Dövlətimizin gənclərə
olan qayğısı və özümün
çalışqanlığım, biliyim,
bacarığım sayəsində çoxlarının
ömrü boyu xəyal etmədiyi bir mərhələdəyəm.
Qazandığım uğurlara görə məni yetişdirən
valideynlərimə, imkanlarımdan düzgün istifadə
etdiyinə görə institutumuzun rəhbərliyinə,
tutduğum mövqeyə görə gənclərə meydan
verən dövlətimə minnətdaram".
Elşən
QƏNİYEV,
Azərbaycan.-2024.-
17 iyul (№ 148).- S.11.