Qarabağ və
Şərqi Zəngəzur
qonaqlı-qaralı günlərinə
yenidən qovuşub. Hər gün xeyli sayda vətəndaşımız
bu yerlərin ziyarətinə yollanır,
tarixi əzəməti,
təbii gözəllikləri
ilə görənlərini
valeh edən cənnətməkan ərazilərimizdə
həyata keçirilən
modern quruculuq işlərinə heyranlıqla
tamaşa edirlər. Qarabağ və Şərqi Zəngəzur
təkcə azərbaycanlıların
deyil, xarici ali qonaqların da üz tutduğu
şanlı məkana
çevrilib.
Bu yaxınlarda
Qarabağın mirvarisi
Şuşada keçirilən
Türk Dövlətləri
Təşkilatının qeyri-rəsmi
zirvə toplantısında
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Qırğız Prezidenti Sadır Japarovun, Macarıstanın Baş naziri Viktor Orbanın,
Türkiyə Respublikasının
vitse-prezidenti Cevdet Yılmazın, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti
Ersin Tatarın, Türk Dövlətləri
Təşkilatının Baş
katibi Kubanıçbek
Ömüralıyevin, ümumiyyətlə,
türkdilli dövlətlərdən
olan xeyli mötəbər şəxsin
iştirak etməsi də buna nümunədir.
Bütün
bunlar da göstərir ki, Qarabağ və Şərqi Zəngəzur
həm də dünyada qonaqpərvərliyin və dirçəlişin
unikal ünvanı kimi ad-sana malikdir.
Mənəvi borcumuz
Düz bir qərinə ərzində
səsimiz, ünümüz
yetməyən, Yer üzündə yaşayan
bütün azərbaycanlıların
həsrətini çəkdiyi
vətən torpaqlarımız
artıq azaddır. İndi könlü Qarabağdan, Şərqi Zəngəzurdan keçən
bizlər bu yerlərə gedərək
məscidlərində dua
edərək Tanrıya
şükranlıqlarımızı bildiririk.
Şəhidlərimizin qanları
ilə suvardığı
bu pak torpaqlarda
ruhumuzun dinclik tapdığı, müqəddəs
arzularımızın gerçəkləşdiyi
məqamlar yaşayırıq.
İllərlə nisgili
ilə alışıb-yandığımız
Vətənin başına
pərvanələrtək dolanırıq.
Əzəmətli dağlarına,
gül-çiçəkli çəmənlərinə, zümrüd
meşələrinə doyunca
baxır, qıvrım-qıvrım
yollarına düşüb
gözlərimizdən süzülən
sevinc yaşları içərisində addım-addım
gəzirik hər qarışını...
Ulu yurdumuzun zirvələrinə qalxaraq
səsimiz, avazımız
gəldikcə hayqırırıq:
"Doğma vətən,
biz qayıtmışıq!"
Vətən müharibəsinin
başa çatmasından
6 gün sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Füzuli-Şuşa avtomobil
yolunun təməlinin
qoyulması vətənə
uzanan və onilliklər idi ki, yarıda qırılan bütün
yolların əbədi
açıldığına rəmzi işarə oldu. Çox tezliklə bu yollarla Qarabağ və Şərqi Zəngəzura sarı qayıdış köçləri
yola çıxdı,
keçmiş məcburi
köçkünlərimiz yurdlarına qovuşdular. Vətən həsrətini
sona çatdıran qayıdış karvanları
indi də davam edir.
Bu torpaqları
ziyarət etməyi hər bir azərbaycanlı
özünün mənəvi
borcu sayır. Buna görədir ki, yaz, qış
demədən ilin bütün fəsillərində
Qarabağ və Şərqi Zəngəzur
qonaq-qaralı olur. İşğaldan azad edilən torpaqlarda tikinti-quruculuq işlərinin
aparılmasına baxmayaraq,
dövlətimiz vətəndaşlarımıza
tarixi ərazilərimizi
görmək üçün
qısa zamanda imkanlar yaratdı. Prezident İlham Əliyevin tapşırığı
ilə ilk olaraq 2022-ci il yanvarın 24-də Bakı-Şuşa-Bakı
avtobus reysinin açılması ilə
vətəndaşlarımızın Qarabağın mirvarisi, zəfər qalamız Şuşaya mütəmadi
səfərləri başladı.
Sözügedən tarixdən
Bakı-Ağdam-Bakı müntəzəm
avtobus marşrutu da istifadəyə verildi. Bununla "ruhlar şəhəri"
adlandırılan Ağdama
doğma sakinlərinin,
xalqımızın bütün
nümayəndələrinin səfərlərinə start
verildi. Necə deyərlər, ağ damlı qədim şəhərimizə doğma
hənir qaytarıldı.
Füzuli şəhərinə müntəzəm
uçuşlar həyata
keçirilir
Böyük qayıdış
proqramının tərkib
hissəsi olaraq Azərbaycan vətəndaşlarının
işğaldan azad edilmiş ərazilərə
səfərlərinin istiqamətləri
genişləndirilir.
Belə ki, bu il aprelin
27-dən etibarən vətəndaşlar
fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə
və Suqovuşan qəsəbəsinə getməklə
bərabər, artıq
Laçın şəhərinə
də səfər edə bilirlər.
Buna görədir
ki, son vaxtlar
Şuşa və Laçın şəhərlərinə
fərdi avtomobil ilə turist səfərlərinin sayında
artım müşahidə
olunur.
Adıçəkilən ərazilər üzrə
xüsusi nümayəndəliklərdən
verilən məlumata əsasən bu il Qurban bayramı
ilə əlaqədar
qeyri-iş günlərində
(15-19 iyun) Şuşa
şəhərinə 2650 avtomobil
ilə 12 528 nəfər,
Laçın şəhərinə
isə 2 296 fərdi avtomobil ilə 8 330 nəfər səfər edib.
Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzuru ziyarət edən vətəndaşlarımızın
sayı hər ötən gün durmadan artır.
Təbii ki, azadlığına qovuşdurulan
yurdlarımızda dövlətimiz
tərəfindən əsaslı
quruculuq işlərinin
görülməsi, hərtərəfli
infrastrukturun yaradılması,
dünyasəviyyəli hotellərin
inşa edilməsi də bu yerlərə
səfərlər üçün
mühüm zəmin yaradır. Qarabağ və Şərqi Zəngəzurda qısa zamanda iki beynəlxalq
hava limanının (Füzuli və Zəngilan) istifadəyə
verilməsi, Laçın
Beynəlxalq Hava Limanının sürətli
inşasının həyata
keçirilməsi bölgəyə
səfərlərin daha
əlçatan olmasına
birbaşa xidmət edən əsaslı işlərdir.
Dünəndən Azərbaycanın
milli aviadaşıyıcısı
AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm
reyslərə başlayıb.
Bakıdan Füzuli
şəhərinə və
əks istiqamətdə
müntəzəm uçuşlar
həyata keçirilir.
Bəli, indi qurudan da, havadan
da bütün yollar bizi vətənlə
görüşə aparır.
Gündən-günə Qarabağ
və Şərqi Zəngəzura səfər
edən insanların sayının artması isə təkcə buraların təbii gözəlliyinə, səfalı
hava və suyuna görə yox, xalqımızın hər bir üzvünün
qəlbində bu yerlərin müqəddəs
ünvana sahib olmasına, insanlarımızın
bu torpaqlara könül bağı ilə bağlı olmasına görədir. Və bütün bunlar həm də Qarabağ və Şərqi Zəngəzurun cənnətməkana
çevrilməsini, əzəli
sakinlərinin doğma
torpaqlarına qayıdışını
təcəssüm etdirən
qürurverici məqamlardır.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
18 iyul (№ 149).- S.5.