Azərbaycan
etibarlı tərəfdaş
ölkələrdəndir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimizin son onilliklərdə qazandığı
ən böyük nailiyyətlərdən biri
dünyanın əksər
aparıcı dövlətləri
ilə münasibətlərin
daha da möhkəmləndirilərək
inkişaf etdirilməsi,
qlobal səviyyədə
mühüm faydalar yaradan strateji layihələrin uğurla
həyata keçirilməsidir.
Sevindirici haldır
ki, hazırda bir çox ölkələr respublikamızla
münasibətlərin inkişafına
xüsusi maraq göstərir, mövcud perspektivlərdən birgə
istifadə üçün
qarşılıqlı addımların
atılmasına çalışırlar.
Azərbaycan dost ölkələrlə yaratdığı
birgə dəyərlərlə
müasir dünyamız
üçün xoş
nümunə formalaşdırır.
Bu baxımdan Prezident İlham Əliyevin qardaş Pakistana dövlət səfəri də ölkəmizin beynəlxalq
aləmdə getdikcə
artan nüfuzunun, Avropa və Asiya qitələri arasında qərar tutmuş əhəmiyyətli
qovşaq kimi qlobal proseslərdə genişlənən rolunun
daha bir təcəssümü oldu.
Azərbaycan Pakistanla
möhkəm dostluq və qardaşlıq təməlləri üzərində
qurulmuş strateji tərəfdaşlıq münasibətlərinə
malikdir. Uzun illərdir ki, ölkələrimiz müxtəlif
platformalarda bir-birinə
daim dəstək verir, bütün sahələr üzrə əlaqələrin inkişafını
davam etdirir.
Azərbaycan 1991-ci ilin
18 oktyabrında dövlət
müstəqilliyinə nail
olduqdan qısa müddət sonra ölkəmizin müstəqilliyini
ilk tanıyan ölkələrdən biri
məhz Pakistandır.
İki ölkə arasında diplomatik əlaqələrin qurulması
tarixi isə 1992-ci ilin 9 iyununa təsadüf edir.
1993-cü ilin martında
Pakistanın Bakıda,
1997-ci ilin avqustunda Azərbaycanın İslamabadda
səfirlikləri yaradılıb.
Beləliklə, təxminən
32 ildən çoxdur
ki, Azərbaycan-Pakistan
əlaqələri yüksələn
xətlə inkişaf
edərək bu gün strateji müttəfiqlik səviyyəsinə
yüksəlib.
Haqqa, ədalətə
dəstək
Torpaqlarımızın işğalı müddətində
Azərbaycanın öz
beynəlxalq hüquqlarının
müdafiəsi üçün
apardığı mübarizədə
Pakistan daim yanımızda olub və ölkəmizin ərazi bütövlüyünü
ardıcıl şəkildə
dəstəkləyib, Ermənistanın
Azərbaycana qarşı
hərbi təcavüzünü
nəzərə alaraq
bu ölkə ilə hər hansı diplomatik təmas qurmayıb.
1993-cü il aprelin
30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana
dair 822 nömrəli qətnaməsinin qəbul
olunduğu iclasa Pakistanın sədrlik etməsi də iki dövlətin münasibətləri tarixinin
maraqlı faktlarındandır.
Azərbaycanın beynəlxalq
hüququn norma və prinsiplərinə əsaslanan haqlı mövqeyinə dəstək
ayrı-ayrı vaxtlarda
Pakistanın Prezidentinin,
Baş nazirinin, parlament və digər dövlət qurumları, o cümlədən
ordu rəhbərlərinin,
ictimai-siyasi xadimlərinin
Ermənistanın ölkəmizə
qarşı təcavüzünü
pisləyən bəyanatlarında,
rəsmi qətnamələrdə
də öz ifadəsini tapmışdır.
Pakistan Senatı
2022-ci il mayın 30-da
Xocalı soyqırımını
pisləyən qətnamə
qəbul etmişdir.
Prezident İlham
Əliyevin dövlət
səfəri zamanı
verdiyi bəyanatda da xatırlatdığı
kimi, İkinci Qarabağ müharibəsi
- Vətən müharibəsi
zamanı siyasi dəstək və Azərbaycanın haqlı
mövqeyinə tərəfdar
olan Pakistanın yüksəkrütbəli rəsmilərinin
birmənalı bəyanatları
bizə əlavə güc-qüvvət verdi:
"Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan
ölkədir. 2020-ci ilin
noyabrında Qələbəmizi
qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan,
Pakistan və Türkiyənin bayraqları
var idi. Bu, bizim münasibətlərimizi
unikal edir. Bu gün praktiki
layihələrlə bağlı
bu münasibətləri
hiss etmək üçün müzakirə
etdiklərimiz bu bünövrəyə əsaslanır".
Azərbaycan da
Pakistanın üzləşdiyi
konfliktlərə münasibətdə
daim haqq-ədalətə əsaslanmış,
Cəmmu və Kəşmir məsələsinin
beynəlxalq hüququn
norma və prinsiplərinə, Birləşmiş
Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrinə
uyğun, habelə beynəlxalq humanitar hüquqa tam hörmət əsasında
sülh yolu ilə həllini dəstəkləmişdir.
Azərbaycan Prezidenti
Pakistana səfəri zamanı bu mövqeyi bir daha bəyan edərək bildirdi ki, Cəmmu və Kəşmir məsələsində bizim
birmənalı dəstəyimiz
qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir: "Kəşmirlilərin hüquqları
onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur.
BMT Təhlükəsizlik Şurasının
qətnamələri məsələnin
necə həll olunmasını aydın şəkildə təsvir
edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin
icra mexanizmləri yoxdur. Ancaq qardaş
və dost kimi biz Sizinlə,
Kəşmirdəki qardaşlarımızla
hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq.
Mən əminəm ki, ədalət zəfər çalacaq".
Uzun illərdir
ki, ölkələrimiz
müvafiq beynəlxalq
təşkilatlar, o cümlədən
BMT, Qoşulmama Hərəkatı,
İslam Əməkdaşlıq
Təşkilatı, İqtisadi
Əməkdaşlıq Təşkilatı,
Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı
Fəaliyyət və
Etimad Tədbirləri
üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edərək
bir-birinə dəstəyini
əsirgəmir.
Münasibətlərə töhfə verən səfərlər
Əlaqələrin inkişafında iki ölkənin dövlət
və hökumət rəhbərlərinin qarşılıqlı
səfərləri, ayrı-ayrı
beynəlxalq tədbirlərdəki
görüşləri də,
təbii ki, böyük rol oynayıb. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşünü,
1995-ci ilin oktyabrında
Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqarinin Bakıya rəsmi səfərini, bir il sonra
- 1996-cı ilin aprelində
isə Ulu Öndər Heydər Əliyevin dost ölkəyə rəsmi səfərini xüsusi qeyd etmək olar. Qardaş ölkə ilə münasibətlərin inkişafına
xidmət göstərən
qarşılıqlı səfərlər
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin ölkəmizə
rəhbərliyi dövründə
də davam etmiş, dövlət rəhbərimizin 2005-ci il
aprelin 12-13-də Pakistana
rəsmi səfəri,
eləcə də
2017-ci il 28 fevral-1 mart
tarixlərində İqtisadi
Əməkdaşlıq Təşkilatının
13-cü Zirvə toplantısında
iştirak üçün
dost ölkəyə işgüzar səfəri
ikitərəfli əlaqələrdə
mühüm rol oynamışdır.
2015-ci ildə Pakistan
İslam Respublikası
Prezidentinin Azərbaycana
rəsmi, 2019-cu ildə
işgüzar səfərləri
olmuş, 2016-cı və
2023-cü illərdə dost
ölkənin Baş naziri ölkəmizə rəsmi səfər etmişdir. Bütün bunlar Azərbaycan-Pakistan əlaqələrini daha da möhkəmləndirərək,
qarşılıqlı əməkdaşlığın
müxtəlif sahələr
üzrə inkişaf
dinamikasına təkan
vermişdir. Xüsusilə,
2015-ci il martın
11-14-də Pakistan İslam
Respublikasının Prezidenti
Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə" ölkələrimiz
arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı
baxımından çox
mühüm əhəmiyyət
daşıyır.
Azərbaycan Prezidenti
İlham Əliyevin bu il iyulun
11-12-sini əhatə edən
dövlət səfəri
isə ölkə rəhbərimizin təyyarəsinin
Pakistan səmasında
hərbi təyyarələrlə
qarşılanaraq müşayiət
edilməsinin yaratdığı
möhtəşəm mənzərədən
başlamış, səfərin
sonuna qədər keçirilən görüşlərlə,
aparılan müzakirələrlə,
imzalanan sənədlərlə
tarixə yazıldı.
Səfər zamanı
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının
Baş naziri Məhəmməd Şahbaz
Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirdi.
Səfər çərçivəsində
əməkdaşlığın müxtəlif sahələrini
əhatə edən
10-dan çox sənəd
imzalandı: "Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
ilə Pakistan İslam Respublikasının
Xarici İşlər
Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında
Anlaşma Memorandumu",
"Azərbaycan Respublikası
Hökuməti ilə
Pakistan İslam Respublikası Hökuməti
arasında tranzit ticarət haqqında Saziş", "Azərbaycan
Respublikasının Mədəniyyət
Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli İrs və Mədəniyyət İdarəsi
arasında 2024-2029-cu illər
üzrə mədəni
mübadilə Proqramı",
"Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının
İnformasiya Texnologiyaları
və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları
sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu", "Bakı
şəhəri (Azərbaycan
Respublikası) ilə
İslamabad şəhəri
(Pakistan İslam Respublikası) arasında qardaşlaşma əlaqələrinin
qurulması haqqında
Anlaşma Memorandumu",
"Azərbaycan Milli
Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında Anlaşma Memorandumu" və s. Bu sənədlər
Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını
daha da genişləndirərək
münasibətlərin müxtəlif
istiqamətlərdə, o cümlədən
iqtisadi sahədə daha da gücləndirilməsi
üçün yeni üfüqlər açmış
oldu.
Hazırda Azərbaycanla
Pakistan arasında sərmayələrin ilkin
həcmi, təxminən,
iki milyard dollardır. Energetika, infrastruktur, daşımalar,
müdafiə sənayesi
və bir sıra digər istiqamətlər üzrə
layihələrin reallaşdırılması
nəzərdə tutulur.
O cümlədən ilkin
mərhələdə güzəştli
ticarət formatına
aid 9 maddə müəyyən olunub və dövlət rəhbərimizin də bəyan etdiyi kimi, bu, yalnız
başlanğıcdır. Azərbaycana
gələn pakistanlıların
sayının son illər ərzində daha da artdığını
nəzərə alaraq
Bakı-İslamabad, Bakı-Kəraçi,
Bakı-Lahor arasında
birbaşa uçuşların
təşkili məsələləri
də gündəmdədir.
Çoxəsrlik tarixə,
qarşılıqlı hörmətə,
güvənə, etimada
əsaslanan Azərbaycan-Pakistan
münasibətləri hazırda
ticarət, sərmayələr,
sənaye, energetika, daşımalar, nəqliyyat
dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm
qoyur. Ölkələrimiz
bu istiqamətlərin
hər biri üzrə müəyyən
edilmiş hədəflərə
çatacaq və dünyamız üçün
yeni dəyərlər
yaradacaq.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2024.-
18 iyul (№ 149).- S.5.