Azərbaycandan
COP29 çağırışları
Bunlar həm də sülh, birlik, bərabərlik uğrunda
mübarizəyə dəvətdir
Yeni minillikdə
ekoloji tarazlığın
qorunması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosferin çirklənmədən
mühafizəsi ümumbəşəri
problemə çevrilib.
Dünyada demoqrafik yüksəlişlə yanaşı,
istehlakın kəskin
artımı, qlobal istiləşmə, ozon qatının zədələnməsi,
təbii ehtiyatların
tükənməsi kimi
narahatlıq doğuran
məsələlər ətraf
mühitlə bağlı
düşüncə, plan-proqram
və fəaliyyətlərə
də təsirini göstərir.
Mütəxəssislərin fikrincə, qlobal ekoloji böhran şəraitində iqtisadiyyat,
cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz
və iqtisadi baxımdan optimal modelinin - davamlı inkişafın formalaşdırılması
hesabına ola bilər. Deməli, hazırda prioritet əsas məqsədlərin
reallaşdırılması üzrə qlobal, regional və milli vasitələrin əlaqələndirilməsidir.
Azərbaycanın istər
COP29-un təşkili, istərsə
də cari ilin "Yaşıl dünya naminə həmrəylik ili" barədə tövsiyə
və qərarlarında
nəzərdə tutduğu
məqsədlər əksər
dövlətlər, beynəlxalq
qurumlar tərəfindən
çoxtərəfli müstəvidə
müzakirə edilir və dəstəklənir.
Çünki iqlim dəyişikliyi son zamanlar nəinki dünya iqtisadiyyatı, bəşəriyyətin mövcudluğu
üçün ciddi
fəsadlar yaradır.
Odur ki, problemin gündən-günə
kəskinləşdiyini nəzərə
alan bir çox mütərəqqi
ölkələr "yaşıl
inkişaf"a keçid
təşəbbüslərini alqışlayır, konkret
ölçülərin götürülməsi
məsələsini aktuallaşdırırlar.
Məlumdur ki, qlobal istiləşmə insan həyatına gərəkli təbii resursları böyük sürətlə sıradan
çıxarır, yaşıllıqlar
səhralaşır, flora
və fauna məhv olur. Bitkilər insan qidasının 80 faizi deməkdir. Yer kürəsinin 30 faizini təşkil edən meşə örtüyü
canlı aləm, təmiz hava və su üçün
əhəmiyyətli resurslar
daşımaqla yanaşı,
iqlim dəyişikliyi
ilə mübarizədə
əvəzsiz rol oynayır. Hər il 13 milyon hektar
meşə sahəsi isə itirilir, torpaqların deqradasiyası
3,6 milyard hektar ərazinin səhralaşması
ilə nəticələnir.
Çoxsaylı heyvan
və bitki növü qeyri-qanuni ticarətə cəlb olunur.
Gözlənilən fəlakətləri önləmək,
qlobal gərginliyi sabitləşdirmək məqsədilə
BMT-nin İnkişaf Proqramı 2030-cu ilədək
bir sıra hədəflər müəyyənləşdirib.
Bu siyahıya torpaq deqradasiyasına qarşı neytral dünya qurmaq, davamlı inkişaf üçün vacib şərait məqsədilə
biomüxtəliflik də
daxil olmaqla dağ ekosistemlərinin qorunmasını təmin etmək, flora və fauna növlərinin
qanunsuz istismarına son qoymaq, təbiəti
qorumaq, meşələrin
mühafizə və bərpası yönündə
tədbirlərin həyata
keçirilməsi daxildir.
Hazırda "yaşıl
enerji" növlərinin
yaradılması və
dünya bazarına nəqli enerji siyasətimizin əsas istiqamətidir. Birləşmiş
Ərəb Əmirliklərinin
"Masdar" və Səudiyyə Ərəbistanı
Krallığının "ACWA
Power" şirkətləri ilə birgə günəş və külək enerjisindən
istifadəni təmin edəcək layihələr
reallaşdırılır. Xarici ekspertlər Azərbaycanın külək
və günəş
enerjisinə investisiyalarla
"yaşıl gündəliy"ə
sadiqliyini, Xəzər
dənizindəki külək
stansiyalarından əldə
ediləcək "yaşıl
enerji"nin Avropaya ötürülməsi üçün
Qara dənizin altından elektrik kabelinin çəkilməsi
istiqamətində tədbirləri
və COP29 barədə
yüksək gözləntiləri
xüsusi vurğulayırlar.
Alternativ enerji ehtiyatlarının həcmi
də bu sahədə dönüş
yaratmağa və iqlim dəyişikliyi ilə mübarizədə
cəhdlərə ciddi
əsaslar verir.
BMT-nin Baş katibi Antonio Quterreş qlobal iqlim dəyişikliyinin qarşısını almaq,
ekoloji fəlakətlə
mübarizədə ləngimədən
ciddi addımların atılması üçün
daha böyük vəsaitin ayrılmasının
vacibliyini qeyd edərək deyib:
"COP29 maliyyə məsələləri
üzrə aydın strategiyaya ehtiyac duyur. İkinci məsələ süni intellektlə əlaqədardır.
Süni intellektlə bağlı risklərin azaldılması üçün
texnologiya şirkətləri,
vətəndaş cəmiyyəti
institutları ilə birgə çalışmalıyıq.
Bizə vahid bazar, vahid internet
kimi yanaşmalar lazımdır. Qlobal Rəqəmsal Razılaşma
bizdən ötrü çox vacibdir".
Sivil dünya dəfələrlə Azərbaycanın,
dövlətimizin başçısı
İlham Əliyevin bəşəriyyəti narahat
edən ciddi problemlərlə bağlı
təşəbbüslə çıxış etdiyi
və əməli nəticələrə nail
olduğunu görüb.
İyunun 4-də "Bakı-Ekspo"
Mərkəzində Bakı
Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq
Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji -
"Caspian Power" sərgilərinin rəsmi açılış
mərasimində Prezident
İlham Əliyev bildirib ki, biz
maksimal dərəcədə
məsuliyyət nümayiş
etdirməyə və
eyni zamanda beynəlxalq ictimaiyyətin
müxtəlif komponentləri
arasında körpülər
qurmağa çalışırıq:
"Hesab edirəm ki, COP29 çərçivəsində
maliyyə məsələləri
ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara
son qoyulması olacaqdır. Biz baş verənlərə
görə bir-birimizi
günahlandırmağı dayandırmalı, səylərimizi
səfərbər etməli,
iddialardan əl çəkməli və diqqətimizi övladlarımız
və nəvələrimizin
yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə
yönəltməliyik".
Biz bunu pandemiyanın qızğın
dönəmində yaranan
vaksin problemi ilə bağlı da görmüşük. Məhz bizim Prezidentimiz bəzi ölkələrin yürütdüyü
"peyvənd milliyyətçiliyi"nə
susmadı və vaksinlərin ədalətli
bölüşdürülməsini təşviq etdi. Humanist dəyərləri
əsas götürən
Azərbaycan əksəriyyəti
Qoşulmama Hərəkatına
üzv dövlətlər
olmaqla, bir çox ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiya
fəsadlarının aradan
qaldırılması məqsədilə
maliyyə vəsaitinin
ayrılması barədə
qərar qəbul etdi. Azərbaycan belə cəsarətli və qəti addımlarla göstərdi
ki, bir ölkənin
dünya çapındakı
nüfuzu və proseslərə təsir imkanları üçün
ərazi və əhali sayı çox da önəmli
deyil, əsas düzgün, ədalətli
siyasət və siyasi iradədir.
Qurban MƏMMƏDOV,
Azərbaycan.-2024.-
18 iyul (№ 149).- S.6.