O, doğma vətəni
Azərbaycanın hüdudlarından
kənarda yaşayıb
çalışdı. Çətin
dövrdə qısa ömür sürsə də, zəngin yaradıcılıq yolu keçdi...
Türkoloq-alim Əkbər
Babayev 1924-cü il iyulun 10-da Gəncənin Zərrabi məhəlləsində
ziyalı ailəsində
dünyaya gəldi. Atası Ağarza Axund Molla Ələkbər
oğlu Babayev məktəbdə müəllim
işləyirdi.
Əkbərgil ailədə
dörd uşaq idi. Valideynləri onların təlim-tərbiyəsinə,
təhsilinə qayğı
və tələbkarlıqla
yanaşırdı. Əkbər
Babayev artıq beş yaşında yazıb-oxumağı bacarırdı.
Onun təhsilə böyük maraq göstərməsində evlərinə
tez-tez qonaq gələn Əhməd Cavadın, Səməd Vurğunun da təsiri vardı.
Ə.Babayev orta məktəbi on beş yaşında bitirdi. Ancaq o vaxtın qanunlarına görə, yaşı az olduğu üçün
ali məktəbə sənəd verməsi mümkün deyildi. Atası onun yaşını sənədlərdə
bir il böyük yazdırmalı oldu.
İmtahanlardan uğurla
keçib tələbə
adını qazandı.
Ali məktəbə qəbul
olundu. Hüquq fakültəsində oxumağa
başladı. Ancaq çox keçmədi
ki, ədəbiyyat və
incəsənətə olan
hədsiz marağı
səbəbindən hüquq
fakültəsindən uzaqlaşdı.
Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil oldu.
İkinci Dünya müharibəsinin
alovları ölkələri
bürüyürdü. 1941-ci ildə Azərbaycanın tərkibində olduğu Sovet İttifaqı da faşist Almaniyasına qarşı döyüşməli
oldu. Əkbər
Babayev vəziyyətlə əlaqədar
hərbi-tərcüməçilik ixtisasına yiyələndi.
Kursu bitirdikdən sonra cəbhəyə göndərildi. O, 1942-ci ilin
əvvəllərində Xarkov
ətrafında gedən
döyüşlərdə yaralandı. Hospitalda müalicə olundu, sonra Bakıya döndü. Yarımçıq
qalmış təhsilini
davam etdirməklə bərabər Azərbaycan
Radio Verilişləri Komitəsində
çalışmağa başladı.
Özünəməxsus üslubla,
fərqli dəst-xətlə
qələmə aldığı
publisistik yazıları
dinləyicilərin diqqətini
cəlb etdi, ona rəğbət qazandırdı.
1946-cı ildə Moskvaya getdi. Əkbər Babayev Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun "Türk şöbəsi"
nəzdindəki aspiranturada
təhsil aldığı
illərdə də əmək fəaliyyətindən
uzaqlaşmadı. O vaxtlar
da həm təhsil aldı, həm də Moskva Radio Verilişləri
Komitəsində işlədi
və bir çox türk yazıçılarının əsərlərini rus dilinə tərcümə
etdi.
1947-ci ildə aldığı xəbər onu yalnız kədərləndirmədi,
eyni zamanda təşvişə saldı.
Atası həbs edilmişdi. Stalinin hakimiyyəti illərində
"pantürkist" kimi
ittiham edilənlərin
aqibəti faciəli olurdu. Ağarza Babayev iyirmi beş il müddətinə azadlıqdan
məhrum edildi.
Stalinin ölümü
çoxlarının qurtuluşu
oldu. Ağarza Babayev 1953-cü ildə
Stalinin vəfatından sonra bəraət ala bildi. O vaxta qədər
ailə üzvləri çox çətin, qorxu dolu illər
yaşadılar...
Atasının
tutulması Əkbər Babayevin təhsilinə maneələr
yaratdı. Belə qüssəli, ümidinin tükənməkdə
olduğu günlərdə şair Nazim Hikmətlə
tanışlığı Əkbər Babayevin üzünə
bağlanmış qapıları açdı, yolunu
işıqlandırdı. Məşhur türk şairi onun
aspiranturaya bərpa olunmasına böyük kömək
göstərdi. Əkbər Babayevin akademik V.Qordlevskinin rəhbərliyi
altında yazdığı Nazim Hikmətin həyat və
yaradıcılığına həsr olunmuş
dissertasiyasının müdafiəsinə imkan
yaradıldı. O, sonralar da bu sahədə tədqiqatlarını
davam etdirdi. Əkbər Babayevin ömrünün son illərində
Moskvanın müxtəlif nəşriyyatlarında çap
edilən səkkiz kitabı sırasında da Nazim Hikmətin
yaradıcılıq yoluna həsr olunmuş monoqrafiya
xüsusi yer tutur. Tədqiqatçıların Nazim Hikmət
haqqında dəqiq və çox dəyərli tədqiqat əsəri
hesab etdikləri bu monoqrafiya Türkiyə, Polşa,
Rumıniya, Yuqoslaviya və İraqda da nəşr olundu.
Əkbər Babayev Nazim Hikmətin 8 cildlik əsərləri
toplusunun Bolqarıstan nəşrinə bilavasitə rəhbərlik
etdi.
O,
ömrünün sonunadək keçmiş SSRİ Elmlər
Akademiyası Şərqşünaslıq İnstitutunda
çalışdı. Azərbaycan ədəbiyyatı
nümunələrinin rus dilinə tərcüməsində,
Moskva nəşriyyatlarında çap olunub geniş
yayılmasında xeyli işlər gördü. "Azərbaycan
poeziyası antologiyası"nı Moskvada rus dilində Xalq
şairi Bəxtiyar Vahabzadə ilə birgə çap etdirdi.
O, Türkiyəyə
getməyi çox arzulayırdı. 1970-ci illərdə
Türkiyə Yazarlar Sendikasının başqanı Əziz
Nesin və Fazil Hüsnü Dağlarcadan həmin ölkəyə
getmək üçün dəvət aldı. Ancaq Əkbər
Babayevə Türkiyəyə getməyə icazə verilmədi.
Görkəmli
türkoloq alim Əkbər Babayev ağır xəstəlikdən
sonra 1979-cu il sentyabrın 12-də Moskva şəhərində
vəfat etdi.
Z.FƏRƏCOVA,
Azərbaycan.-2024.-
18 iyul (№ 149).- S.11.