Ulu
yurdun ulusal şairi - Rəfiq Zəka Xəndan
Sevgi, məhəbbət,
ayrılıq şairlərin
əbədi mövzularıdır.
Çox söylənib,
çox yazılsa da, yalnız ən istedadlıların,
sözləri hisslərinə
məharətlə, səmimiyyətlə
tərcüman edə
bilənlərin şeirləri
dillərə düşür,
yaddaşlarda qalır,
onlara musiqilər bəstələnir... Hər
şair öz duyğularına şeirlə
bir başqa biçimdə həyat verir. Bu misralar
da Rəfiq Zəka Xəndanındır:
Mənə bircə
kəlmə can söyləsəydin,
O bircə
kəlmənə min can verərdim.
Ömrümü, günümü
dərd eyləsəydin,
Ömrümü, günümü
dərman verərdim.
Könlünə, gözünə
şəfəq yaymış
keçən günlərinə
müəllif gələn
günlərini qurban verərdi... Ancaq bu elə ayrılıqdır
ki… "Bir də ayrılıqdan
ayrı düşmərik",
- deyirdi şair...
Rəfiq Zəka
Xəndan (Rəfiq Hacıyev) 1939-cu il iyunun
16-da Bakıda dünyaya
gəlmişdi. O, görkəmli
ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor Cəfər
Xəndanın oğlu
idi. Atası Azərbaycan ədəbiyyatını
dərindən bilir, xüsusilə də XX əsr Azərbaycan ədəbiyyatı tarixinin
ən nüfuzlu tədqiqatçılarından hesab olunurdu. Yəqin buna görə Rəfiq Zəka uşaqlıq illərindən
ədəbiyyata böyük
maraq göstərirdi.
Onun ilk kitabı
1962-ci ildə işıq
üzü gördü.
Nakam şairimiz Mikayıl Müşfiqə
həsr olunan şeirlər kitabının
"Çağlayan" adandırılması
təsadüfi deyildi.
Ədəbiyyatşünas, tənqidçi Vaqif Yusifli bu barədə
yazırdı: "Müşfiqin
sağlığında bu
adda bir kitabı çap olunmalıydı, amma şairin arzusunu heç olmasa o adla əbədiləşdirmək
istədi Rəfiq".
Sonralar Rəfiq
Zəka Xəndanın
30-dan çox kitabı
çapdan çıxdı.
Şeirləri müxtəlif
dillərə tərcümə
edildi. O, həm də "Axırı yaxşı olar",
"Mənim əziz vəhşiciyim" musiqili
komediyalarının, "Füzuli"
və "Söyüdlər
ağlamaz" operalarının
mətnlərinin müəllifidir.
Rəfiq Zəka
Xəndanın şeirləri
yalnız mövzu və məzmun bitkinliyi ilə deyil, eyni zamanda
ahəngdarlığı ilə
cəlbedicidir Xalq şairi Hüseyn Arifin dediyi kimi:
"Rəfiq Zəkanın
şeirlərində həzin
bir musiqi dolaşır". Bunu bəstəkarlar da duydular. Odur ki, Rəfiq Zəka Xəndanın bir çox şeirinə mahnı bəstələndi. Sözlərinə
yazılan "Ana Kür", "Səadət",
"Qarabağım" və
digər mahnıları
bu gün də sevilə-sevilə ifa olunur, dinlənilir.
O, şeirlərini heca
və əruz vəznlərində yazırdı.
Vətən sevgisi, türkçülük, məhəbbət,
qəhrəmanlıq onun
əsərlərinin əsas
mövzusu və qayəsi oldu.
Sovet hakimiyyəti
illər boyu türkçülüyü yasaqlamışdı.
Türk olduğu üçün, millətini
sevdiyi üçün
neçə-neçə soydaşımız
sovet hökuməti tərəfindən ən
ağır şəkildə
cəzalandırılmışdı. Ancaq bu millətin
övladları heç
zaman öz milli kimliklərini unutmadılar.
Şair öz soy-kökü, milli kimliyi ilə qürur duyduğunu belə qələmə alırdı:
Sanma bir zəlzələdən ürkəm
mən,
Qranitdən mətinəm,
bərkəm mən.
Adı dillərdə
gəzən türkəm
mən,
Ulu yurdun ulusal şairiyəm!
Rəfiq Zəka
Xəndan 1980-1990-cı illərdə
Azərbaycan-Türkiyə ədəbi
əlaqələrinin inkişafında
böyük işlər
gördü. Həmin
illərdə Türkiyə
mətbuatı səhifələrində
onun Azərbaycan ədəbiyyatına, şair
və yazıçılarımıza
həsr etdiyi maraqlı, diqqətçəkən
məqalələri dərc
olunurdu. Türk dünyasının tanınan,
sevilən ziyalılarından
biri olan Rəfiq Zəka müxtəlif vaxtlarda Türkiyənin bir çox şəhərlərində
keçirilən elmi konqreslərdə, beynəlxalq
konfranslarda və simpoziumlarda iştirak etdi. Türkiyədə kitabları nəşr olundu.
Rəfiq Zəka
ədəbiyyatımızın müxtəlif problemlərinə
aid onlarla məqalənin, bir sıra dərs vəsaitinin müəllifidir.
Elmi yaradıcılığı
ilə hər zaman maraq doğuran,
diqqət mərkəzində
olan alim klassik Şərq ədəbiyyatını, ərəb
və fars dillərini, həmçinin
Türkiyə türkcəsini
dərindən bilirdi.
Onun türk dünyasının görkəmli
söz ustadları haqqında monoqrafiyaları
işıq üzü
gördü. Dünya
klassik ədəbiyyatı
nümunələrini dilimizə
tərcümə etdi.
Rəfiq Zəka
Xəndan həm də pedaqoji fəaliyyətlə məşğul
olurdu. Ali təhsil ocağında estetikadan oxuduğu mühazirələri ilə
tələbələrinin dərin
sevgisini, rəğbətini
qazanmışdı.
Əməkdar incəsənət
xadimi Rəfiq Zəka Xəndanın mənalı ömür yolu 1999-cu il yanvarın 7-də son mənzilinə çatdı...
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
18 iyul (№ 149).- S.11.