Azərbaycan
memarı Hacıbəy
Axundov və onun şah əsəri
XX əsrin əvvəllərində
başlayan neft bumu dövründə Bakıda yeni neft maqnatlarının sərvət və ambisiyalarını əks
etdirən əzəmətli
saraylar və yaşayış binaları
sürətlə tikilməyə
başladı. Daha çox bir neçə mərtəbəyə
çatan bu möhtəşəm binalar
Şərq və Avropa elementlərini birləşdirən lüks
və memarlıq incəliyi ilə fərqlənir. Onların
sayəsində Bakı
özünəməxsus görkəm
alıb, Avropa memarlığının zəngin
xüsusiyyətlərinə malik nadir şəhərə
çevrilib.
Bu binalardan biri keçmiş Qəbiristanlıq (Parkovaya),
indiki Mehdi Hüseyn küçəsi
ilə keçmiş
Zavedenskaya (indiki Bünyad Sərdarov) küçəsinin kəsişməsində
tikilmiş ev olub.
Doktor Əbdül
Xalıq Axundovun dördmərtəbəli yaşayış
binası öz monumentallığı və
möhtəşəmliyi ilə
seçilir. Fasadın
sərt xətləri
binanın ciddiliyini və möhkəmliyini əks etdirən təmkinli zəriflik təəssüratı yaradır.
Bina dekorativ elementlərin və sərt memarlıq üslubunun ahəngdar birləşməsi ilə
seçilir ki, bu da ona
xüsusi yaraşıq
verir. Evin əzəməti güc və etibarlılıq təəssüratı yaradan
massiv eyvanlarla tamamlanır. Binanın əsas girişi nəfis daş oymalarla və dekorativ elementlərlə bəzədilib və bu, ona xüsusi
görkəm verir.
Bina 1912-ci ildə
azərbaycanlı mühəndis
Hacıbəy Axundovun
layihəsi ilə tikilib. Sankt-Peterburqda təhsil almış Hacıbəy Axundov "Nicat" Bakı Müsəlman Maarif Cəmiyyətinin sədr müavini vəzifəsində
çalışıb. O, Bakının
memarlıq görkəminin,
mədəni irsinin inkişafına mühüm
töhfə verib.
Azərbaycan.-2024.- 18 iyul (№
149).- S.11.