Hayastandan sensasion etiraflar:

 

 

"Yalnız Qarabağda 5 milyard dollar dəyərində silah var idi…"

 

 

 

Baş nazir Nikol Paşinyan bütün çıxışlarında İkinci Qarabağ müharibəsində Hayastanın böyük itkilər verməsinin əsas səbəbkarları kimi erməni generalitetini, xüsusən həmin vaxt Silahlı Qüvvələrin Baş qərargah rəisi olan Onik Qasparyanı günahlandırıb. İrəvan parlamentində 44 günlük müharibənin nəticələrini araşdırmaq üçün yaradılan istintaq komissiyasından sonra yüksəkrütbəli hərbçilər barədə cinayət işi açıldı, bir çoxları həbs edildi.

Bütün bunların fonunda erməni generallar artıq hakimiyyətə o qədər də etibar etmirlər. Məğlub ordunun yüksəkrütbəli zabitlərinin bir çoxu hələ də yaxın zamanlarda vəziyyətin dəyişəcəyindən və məsuliyyətə cəlb olunacaqlarından narahatdırlar.

Hayastanın keçmiş müdafiə naziri Arşak Karapetyan isə maraqlı və sensasion etiraflarla gündəmə gəlib. Onun sözlərinə görə, 2018-ci ildə birmənalı olaraq proqnoz verib ki, bir-iki ildən sonra yeni müharibə olacaq və uduzacaqlar:  "Mənim əsasım nə idi? Kifayət qədər statistika və açıq məlumatlar var idi. Məsələn, 1990-cı illərdə Ermənistan və Azərbaycanın demoqrafik göstəriciləri az-çox uyğun gəlirdi. Əhalimiz 4 milyona yaxınlaşırdı, qonşularımız isə 6 milyona yaxın idi. Biz ilk növbədə erməni millətindən olan sovet zabitlərinin sayəsində daha tez təşkilatlana bildik və bunun sayəsində qalib gəldik. 30 ildən sonra Ermənistanda 2,5 milyon insan qaldı, Azərbaycanın isə əksinə, büdcə və silahlı qüvvələr sahəsində gücü müqayisəolunmaz dərəcədə artdı. Onların ordusunda olanların sayı isə 800 minə qədər səfərbərlik ehtiyatı ilə 150 min nəfərə çatdı. Üstəlik, Azərbaycan silah, texnika və atəş gücü baxımından mütləq üstünlüyə nail oldu. Belə şəraitdə perspektivlər kifayət qədər aydın görünürdü".

Karapetyan onu da vurğulayıb ki, əsas müttəfiqləri olan Rusiyadan kömək istəməyi təklif edib.  "Faciə o idi ki, hakim komandanın əksəriyyəti silahlı qüvvələrin ehtiyac və tələblərini çox zəif başa düşürdü. Təkcə onu demək kifayətdir ki, onların demək olar, heç biri, o cümlədən Nikol Paşinyanın özü orduda xidmət etməyib. Bu adamlar nədənsə elə bilirdilər ki, müharibə olarsa, hərbi əməliyyatlara yalnız Müdafiə Nazirliyi cavabdehlik verəcək. Lakin Azərbaycan savaşa ayrı cür yanaşdı. Onlara görə müharibə olarsa, bütün ölkə vuruşacaqdı. 2020-ci ildə qarşıdurma başlayandan sonra dərhal orada qərargah yarandı və ölkə prezidenti baş komandan vəzifəsini icra etdi", -  deyən Karapetyan bildirib ki, 2023-cü ilin sentyabrında daha bir səhv baş verdi. Müqavimət üçün bütün şərait mövcud olsa da, Qarabağ, demək olar ki, döyüşsüz təslim oldu. Yalnız Qarabağda 5 milyard dollar dəyərində silah var idi: "Məsələn, orada tank və artilleriya alayları var idi, bütün texnika döyüşə hazır vəziyyətdə idi, ekipajlar təlim keçmişdi. Bütün bunları şəxsən mən yoxladım. Nikol Paşinyan bu hadisələrdən əvvəl və bu hadisələr zamanı Qarabağdan vaz keçib, öz vətəndaşlarını taleyin ümidinə atdı. Niyə bunu etdi? Bu sualı özümə verirəm. Düşünürəm ki, Qərb heç vaxt Qarabağı Ermənistanın bir hissəsi hesab etməyib və Paşinyan, görünür, Qərbin rəğbətini qazanmaq istəyir".

"Hraparak" nəşri isə yazıb ki, Baqrat Qalstanyanın "Vətən naminə Tavus" hərəkatı olmasaydı, Hayastanın daxili siyasi həyatı məzarlığa çevriləcəkdi. Qeyd edilib ki, bəziləri hakimiyyətin seçki kampaniyasına başladığına əmin olsa da, Nikol Paşinyanın siyasi fəaliyyətinin səbəbi Baqrat Qalstanyandır. Paşinyan partiya üzvlərini əmin edib ki, növbədənkənar parlament seçkiləri olmayacaq və 2026-cı il seçkiləri üçün təşviqat kampaniyasına başlamaq hələ tezdir. Yeri gəlmişkən, Paşinyan bu yaxınlarda dar çərçivədə mötərizə açmadan bildirib ki, payızda xarici siyasi cəbhədə sürpriz proseslər gözlənilir.

Məlumatlar var ki, o, Avrasiya İttifaqının Ermənistanı qəbul etmədiyini, lazımi qaydada maliyyələşdirmədiyini, bu istiqamətdə addımlar atmadığını və kifayət qədər təhlükəsizlik zəmanəti vermədiyini bəyan edərək, "ana Rusiya"nın qucağına "ağıllı oğul" kimi qayıtmaq niyyətindədir.

Göründüyü kimi, bu ölkədə baş verənlər daxili siyasi proseslərin daha da gərginləşdiyini İrəvanın sürətlə məhvinə doğru yaxınlaşdığını növbəti dəfə təsdiqləyir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 18 iyul (№ 149).- S.12.