Fransanın
müstəmləkəçilik siyasətinə etirazlar güclənir
Demokratiyadan, haqdan,
ədalətdən uzaq
olduğunu Fransa hökuməti istər daxili, istərsə də xarici siyasəti ilə açıq şəkildə
nümayiş etdirir. Bu ölkə illərdir ki, beynəlxalq prinsiplərə
riayət etməyi başqalarından tələb
edir, özü isə saya salmır.
Emmanuel Makron hökumətinin bədnam,
məkrli əməllərindən
biri Cənubi Qafqazla bağlıdır.
Siyasi maraqlarına görə ölkəsinə
uzaq olan bu regionda münaqişələrin
aradan qalxmasını,
problemlərin həllini
tapmasını əngəlləməyə
cəhdlər göstərir.
Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşmaqda,
sülh müqaviləsinin
imzalanması yaxınlaşmaqdadır.
Fransa hökuməti isə bundan pəjmürdə olur, Ermənistan vasitəsilə
vəziyyəti yenidən
gərginləşdirməyə can atır. Prezident İlham Əliyevin bildirdiyi kimi, qanlı cinayətlərlə zəngin
kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi
vəhşiliklərə görə
üzr istəmək əvəzinə, digər
ölkələrdə uydurma
etnik təmizləmələrdən
danışır: "Bu
ölkə BMT Təhlükəsizlik
Şurasının daimi
üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün
sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur".
Bu, rəsmi Parisin yaramaz siyasəti və xislətidir. XXI əsrdə
də müstəmləkəçilik
siyasətini davam etdirən rəsmi Paris əsarəti altında saxladığı xalqlara
öz ölkələrində
azad yaşamağa, rahat işləməyə
imkan vermir. Ancaq son zamanlar həmin ölkələrin
əhalisi dövlət
müstəqilliyini bərpa
etmək, milli azadlığa
nail olmaq uğrunda daha qətiyyətlə mübarizə aparırlar.
Son hadisələr göstərir
ki, Fransa hökuməti məkrli
əməllərindən əl
çəkməməkdə, müstəmləkəçilik siyasətini sürdürməkdə
israrlıdır. Ancaq
bütün bunlar düşdüyü girdabı
daha da dərinləşdirməkdən,
daha çox uğursuzluğa düçar
olmaqdan başqa heç nəyə yaramır. Bu ölkənin
müstəmləkəçilik siyasətindən əziyyət
çəkən, zülmlər,
işgəncələr, qətllər,
qarətlər, qırğınlar
görən xalqlar bu gün müstəmləkə
zəncirlərini qırıb
atmağa, azadlığa
çıxmağa, öz
haqq səslərini bütün dünyaya eşitdirməyə çalışırlar.
Qvadelupanın Azadlığı
Naminə Xalq Birliyinin təşkilatçılığı
və Bakı Təşəbbüs Qrupunun
dəstəyi ilə iyulun 17-18-də Fransa müstəmləkəçiliyindən
əziyyət çəkən
Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər
şəxslərinin iştirakı
ilə Bakıda keçirilən Birinci Qurultay
bu baxımdan əhəmiyyətli oldu. Qurultayın keçirilməsi
ideyası Fransanın
dənizaşırı ərazilərinin
müstəqillik uğrunda
mübarizə aparan siyasi partiya və hərəkatlarına
məxsusdur. Niderland koloniyaları olan Bonayre və San-Martin adalarından 3 təşkilat
qurultayın işində
fəxri qonaq qismində iştirak etdi.
Qurultayda açılış
nitqi ilə çıxış edən
Bakı Təşəbbüs
Qrupunun icraçı
direktoru Abbas Abbasov Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı
Fransa polisi tərəfindən
müstəqillik hərəkatlarının
üzvlərinin qanunsuz
həbs olunduğunu vurğuladı. Onlarla terrorçu kimi davranılıb və gizli şəkildə Parisə aparılaraq müxtəlif işgəncələr
verilib. Aralarında azyaşlı uşaqları
olan qadınlar da var. Bakı Təşəbbüs
Qrupu siyasi məhbusların ailələrinə
və onları müdafiə edən vəkillərə yardım
göstərəcəyini bəyan
etdi.
Bakı Təşəbbüs
Qrupunun icraçı
direktoru tədbirdə
həmin siyasi məhbusların bəzilərinin
ailə üzvlərinin
qurulyatda iştirak etdiklərini də diqqətə çatdırdı:
"Bakı Təşəbbüs
Qrupu Fransa koloniyalarında
yaşayan gənclərə
Azərbaycanın ali təhsil müəssisələrində
təhsil almaq imkanı verən tələbə-təhsil təqaüdü
elan edib. Artıq bu ildən başlayaraq
həmin ərazilərdən
olan gənclər bu təqaüddən yararlana bilərlər".
Qvadelupanın Azadlığı
naminə Xalq Birliyinin Baş katibi
Jan-Jakob Bisep Bakıda
belə bir qurultayın keçirilməsinə
dəstək göstərdiyi
üçün Azərbaycan
hökumətinə təşəkkürünü
bildirib: "Azərbaycan
cəsarətli addımlar
atır. BMT-nın çətiri altında Bakı Təşəbbüs
Qrupunun dəstəyi ilə biz ilk dəfə Bakıda belə bir tədbir keçiririk".
Jan-Jakob Bisep qurultayın tarixi xarakter daşıdığını qeyd edib: "Biz kolonializmə qarşı
birlikdə mübarizə
apara bilərik. Bizim məqsədimiz dünya ictimaiyyətinin diqqətini
bu məsələyə
yönəltməkdir. Biz əlimizdən
gələni edəcəyik
ki, həmrəyliyimizi möhkəmləndirək,
dünyada daha çox görünə bilək. Fransa koloniyalarına
qarşı cinayətlər
törədən dövlətdir.
Məqsədimiz dünyanı
Fransaya təsir göstərmək üçün
səfərbər etməkdir".
Tədbir "Yeni Kaledoniyanın
müstəqillik yolu və yeni çağırışlar"
mövzusunda müzakirələrlə
davam etdi. Yeni Kaledoniyanın xarici işlər naziri Mikael
Forrest bildirdi ki, Fransanın
koloniyaları ilə bağlı bu qurultayda biz çətin yoldan uzaqlaşmaq üçün həll yolu tapmalıyıq:
"Biz plaftormalarımızı möhkəmləndirməliyik, müzakirələr aparmalıyıq.
Siyasi fəaliyyətimizi
elə qurmalıyıq
ki, çağırışlara cavab tapa bilək. Bakı Təşəbbüs
Qrupu bizə imkan yaradıb, bunu dəyərləndirməliyik.
Bir araya gələrək
müxtəlif gələcək
platformalar barədə
düşünməliyik. Yeni dünya düzənində
öz yerimizi tapmalıyıq".
Yeni Kaledoniya Konqresinin üzvü İzabella Kaloi vətənində
baş verən hadisələri diqqətə
çatdırdı. O söylədi
ki, mayın 13-dən bəri
Yeni Kaledoniyada yaşananları hamı bilir: "Azərbaycana gəlib bu qurultayda iştirakımızın
məqsədi Fransa dövlətinin
bizə qarşı aktlarının qəbuledilməz
olduğunu qətiyyətlə
bildirməkdir. Biz bunu
sərt şəkildə
qınayırıq. Burada
əsasən irqçi
polislərdən söhbət
gedir. Yazılan hesabatlar, insanların bu barədə dedikləri hələ də reallığa çevrilmir. Nəticə
olaraq insanlarımıza
qarşı düzgün
hərəkət edilmir,
hazırkı vəziyyətdə
regionda qarşıdurmalar,
yanğınlar baş
verir. İllərdən
bəri yaranmış
problemlər gündən-günə
daha geniş vüsət alır".
O, qeyd etdi ki, bununla bağlı keçirilən tədbirlər,
əlbəttə, məsələni
kökündən həll
etmir. "Demək istərdim ki, biz repressiyaya
məruz qalmışıq.
Bütün bunların
yaranma səbəbi çox təəssüf
ki, bizim səsvermə
hüquqlarımızın ləğv edilməsidir. Bunu Fransa dövləti edib, hüquqlarımızın
tapdalanması yolverilməz
və qəbuledilməzdir.
Biz bununla bağlı
məlumat verdik, təkliflər hazırladıq
və əksəriyyət
də bu təklifə müsbət
yanaşdı. Amma Fransa dövləti
bizi dinləmək istəmədi. Ümumiyyətlə,
səsvermə hüququnun
dondurulması qərarı
seçicilərə, mədəniyyətimizə
və müqəddəratımıza
qarşı olmaq deməkdir".
Yeni Kaledoniya parlamentinin üzvü Maria Saliqa bildirdi
ki, Fransa dövlətinin hərəkətləri
qəbuledilməzdir və
beynəlxalq səviyyədə
müzakirə olunmalıdır,
Makron Fransası bütün demokratiya qaydalarından üz çevirib. Fransız Polineziyasında bu
ölkənin atom, nüvə testlərini, həmin ərazilərdəki
xalqların bundan uzun müddət əziyyət çəkdiklərini
xatırladan Maria Saliqa diqqətə çatdırdı ki,
Fransa terrorçu dövlətdir: "Azad etmək istəmədiyi
ərazilərdə hökmranlığını
sürdürür".
İki gün
davam edən tədbirdə müzakirələr zamanı
çıxış edən digər iştirakçılar
bildirdilər ki, Fransa hakimiyyəti onların öz müqəddəratını
təyinetmə hüququnu tanımalı və müstəqillik
proseslərini dəstəkləməlidir. Onlar müstəmləkə
siyasəti nəticəsində iqtisadi və mədəni zərərlərdən
bəhs edərək yerli əhalinin hüquqlarının
qorunmasının və inkişafının təmin
olunmasının vacibliyini vurğuladılar.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
19 iyul (№ 150).- S.6.