Bəşəri
idealların aliliyi naminə
Bakı Təşəbbüs Qrupu
insanlığa qarşı
cinayətlərlə mübarizəyə
mühüm dəstək
verir
"Azərbaycan hər
zaman beynəlxalq hüququn ümumtanınmış
normalarında əksini
tapan prinsiplərin aliliyinin təmin edilməsinin, dünyada bəşəri dəyərləri
rəhbər tutaraq sülh, sabitlik və dialoq mühitinin bərqərar
olunmasının tərəfdarıdır.
2023-cü ilin 6 iyul tarixində Azərbaycan Respublikasının sədrlik
etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər
toplantısı çərçivəsində
yaradılan Bakı Təşəbbüs Qrupu
da məhz bu ali niyyətlərin
realizəsini hədəfləyib".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Bəhruz Məhərrəmov
deyib. O bildirib ki, Bakı Təşəbbüs
Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən,
dünyanın müxtəlif
bölgələrində yerləşən
xalqların azadlıq
uğrunda apardıqları
mübarizəyə dəstək
verir. Azərbaycan bu prosesdə daim aktiv rol
oynamaqla bəşəri
dəyərlər adına
utanc olan neokolonializmin birdəfəlik
kökünün kəsilməsini
israrla arzu edir. Bakıda Qvadelupanın Azadlığı
Naminə Xalq Birliyinin təşkilatçılığı
və Bakı Təşəbbüs Qrupunun
dəstəyi ilə Fransa müstəmləkəçiliyindən
əziyyət çəkən
Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar
qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının
rəhbər şəxslərinin
iştirakı ilə
təşkil olunan birinci qurultay da ilk növbədə
Azərbaycanın bu istiqamətdə verdiyi töhfəsi hesab olunmalıdır. Sirr deyil ki, ən
müasir kommunikasiya texnologiyalarının inkişafı,
yeni münasibətlərin
formalaşdığı bir
dövrdə neokolonializm
özünün yeni transformasiyası ilə hələ də davam etməkdə və dünyanın bir çox istiqamətlərində insan
hüquq və azadlıqlarının realizəsi
qarşısında əsas
əngəl kimi çıxış etməkdədir.
Yeni dövr neokolonializminin isə əsas və cinayətkar siması Fransadır. "Bu ölkənin nüvə dövləti olması, həmçinin BMT Təhlükəsizlik
Şurasının daimi
üzvü kimi dünya idarəçiliyində
faktiki yer alması fonunda bu günə qədər heç bir beynəlxalq subyekt Fransanın bu cinayətlərini ifşa etməyə təşəbbüs göstərməyib,
rəsmi Paris isə cəzasızlıq mühitində
özünün cinayətlərini
davam etdirib. Lakin Azərbaycanın Qoşulmama Hərəkatına
sədrliyə başlaması
ilə Prezident İlham Əliyev bu məsələdə qətiyyət nümayiş
etdirərək, xüsusən
2022-ci ilin noyabr ayının 21-də Əlcəzair
Xalq Demokartik Respublikasının paytaxında
Ərəb Dövlətləri
Liqasının 31-ci Zirvə
toplantısında fəxri
qonaq statusunda iştirakı və çıxışı zamanı
Fransa neokolonializminin iç üzünü ilk dəfə qlobalmiqyaslı tribunadan bəyan edib, Fransanı cinayətkar əməllərini dayandırmağa
çağırmışdı. Sonrakı dövrlərdə
Prezident İlham Əliyev, əslində, bu niyyətlərlə yaradılmış, lakin həmin dövrə qədər daha çox ətalətdə
və kölgədə
qalmış təsisat
olan Qoşulmama Hərəkatının imkan
və güclərini
səfərbər edərək
neokolonializm və onun fəsadlarının aradan qaldırılması
istiqamətində köklü
mübarizəyə start
verib", - deyə deputat əlavə edib.
O qeyd edib ki, Bakıda keçirilən konfrans da məhz bu
proseslərin davamıdır.
Azərbaycan, eləcə
də prosesə qatılan digər subyektlər qəti və haqlı olaraq o qənaətdədirlər
ki, bu kimi
platformalar iştirakçı
tərəflərə müstəqillik
uğrunda mübarizədə
daha sıx təşkilatlanma, habelə
vahid platforma yaradaraq Fransa müstəmləkəçiliyinə qalib gəlmək üçün nəticəyönümlü
fəaliyyətin əlaqələndirilməsinin
yolları barədə
müzakirə aparmaq imkanı yaradacaq. Həmçinin koloniyaların
təmsilçiləri belə
tədbirlərdə öz
müqəddəratını təyin etmək mübarizəsində ən
səmərəli təcrübə
və strategiyalar
barədə fikirlərini
bölüşmək və təcrübə
mübadiləsi aparmaq
imkanları əldə
edirlər.
Müsahibimiz vurğulayıb
ki, Bakı Təşəbbüs Qrupuna
artan maraq və getdikcə güclənən inam sayəsində Prezident İlham Əliyev bu istiqamətdə fəaliyyətin konsepsiyasını
kifayət qədər
aydın formada müəyyənləşdirə və XXI əsrin əsas cinayətlərindən
biri olan neokolonializmlə mübarizədə
effektiv və səmərəli nəticələr
ortaya qoyan model formalaşdıra bilib: "Bəlağətli
bəyanatlara, insan haqları və demokratiya barədə dünyaya mühazirələr
oxumaq "niyyət"lərinə
baxmayaraq, reallıq göstərir ki, əslində, Qərbin heç bir böyük gücü faktiki olaraq neokolonializm ilə mübarizədə səmimi,
ümumiyyətlə, istəkli
deyil. Hətta Qərb cəmiyyətlərində
müşahidə olunan
siyasi əhvali-ruhiyyə
də proseslərlə
bağlı müsbət
heç nə vəd etmir. Xüsusən Avropa İttifaqına və Fransa parlamentinə son seçkilər də göstərir ki, Fransa və
müstəmləkəçiliklə bağlı məsələlərdə
onun həmfikirləri
neokolonializm ideologiyasından
nəinki əl çəkmək niyyətində
deyil, əksinə bu cəmiyyətlərdə
nüfuz, güc və hakimiyyət qazanmaq üçün bu siyasətə üstünlük verən
siyasi qüvvələr
daha çox dəstək və rəğbət görməkdədir".
B.Məhərrəmov bildirib ki, Azərbaycan
Prezidentinin başlatdığı
və hazırda qlobal miqyasda dəstək görən Bakı Təşəbbüs
Qrupunun formalaşdırdığı
platformalar faktiki olaraq insanlıq adına cinayətlərlə
mübarizədə yeganə
platforma kimi çıxış edir.
Əlbəttə ki, onillərdir müstəmləkə
əsarətində zülüm
çəkən, minimum
hüquqlarından məhrum
edilən Fransanın dənizaşırı əraziləri
başda olmaqla, bütün neokoloniyalarındakı
xalqlar da bu reallığın fərqindədir. Azərbaycanın
təşəbbüsləri və israrlı səyləri ilə qət edilən bu yolu çox
yüksək qiymətləndirirlər.
Qvadelupanın Azadlığı
naminə Xalq Birliyinin Baş katibinin Bakıda Azərbaycan Hökumətinə
xüsusi təşəkkür
etməsi və Azərbaycanı cəsarətli
addımlarına görə
təbrik etməsi də bu prosesdə
artıq reallıqların
aydın formada müşahidə edildiyini
göstərir. Tədbirin
yüksək səviyyədə
təşkil olunması,
bu tədbirdə demək olar ki, bütün müstəmləkələrdən siyasilərin iştirakı,
fikir azadlığı
və plüralizm şəraitində, azad formada bəyanatların səslənməsi, o cümlədən
dünya mediasının
bu prosesə artan marağı göstərir ki, Bakı qurultayı çox ciddi geosiyasi nəticələrə
gətirib çıxaracaq.
"Bu mənada, qurultayda beynəlxalq azadlıq cəbhəsinin
yaranması mövzusuna
xüsusi diqqətin yönəlməsi də təsadüfi hesab edilmir. Bu, əslində,
gələcək fəaliyyətin
yol xəritəsinin müəyyənləşməsi hesab olunmalıdır. Dünya bu prosesləri
təhlil edərək
hələ də müstəmləkə siyasətinə
sadiq qalan, xüsusən Fransa kimi müstəmləkələrində
cinayətlər törədən,
siyasi təqiblər, siyasi terror aktlarına
əsas davranış
modeli kimi baxan beynəlxalq subyektlərə "dur!"
deməyi bacarmalı,
əks halda həmin güclər özləri neokolonializm siyasətinin tərəfdarları
elan olunmalıdır.
Bu mənada, Bakı Təşəbbüs
Qrupu bəşəri
idealların aliliyi naminə yaxşı imkan hesab olunmalıdır.
Eyni zamanda bu günə qədər cəsarətsizlik
göstərərək Fransa
və digər neokolonialistlərin cinayətlərinə
göz yuman dövlətlər üçün
nəhayət ki, ədalətli mövqe göstərmələri üçün
şansdır".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
19 iyul (№ 150).- S.6.