Prezident
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə
toplantısı çərçivəsində “Enerji və
bağlantı” mövzusunda dəyirmi masada
çıxış edib
Azərbaycanla
hər yerdə hesablaşırlar
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də
Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı
çərçivəsində “Enerji və bağlantı”
mövzusunda dəyirmi masada iştirak edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı tədbirdə
çıxış edib.
Prezident
İlham Əliyevin çıxışı
- Enerji sahəsində
Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq
bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər
ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə
doğru irəliləyirik.
2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici
13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici
25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.
Azərbaycanın təbii
qazını səkkiz
ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan,
İtaliya, Macarıstan
və Rumıniya Avropa İttifaqının
üzvüdür. İkisi
İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən
Sloveniya-Azərbaycan qaz
əməkdaşlığı istiqamətində mühüm
hadisə baş verdi. Ümid edirik ki, biz
bir neçə aya Sloveniya bazarına
daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün
əlavə imkanlar olacaq.
Avropa Komissiyası
Azərbaycanı enerji
üzrə etibarlı
tərəfdaş və
ümum-Avropa qaz təchizatçısı adlandırmışdır.
Bu, çox böyük məsuliyyətdir
və əlbəttə
ki, biz yalnız
Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən
gələni etməyə
çalışırıq. Bu, bizim hədəfimizdir.
Bizim resurslarımız
və infrastrukturumuz var. Yeni tərəfdaşlarla,
əsasən Sloveniya və Slovakiya ilə danışıqlar
prosesini sürətləndirməliyik,
həmçinin mövcud
bazarlara qaz təchizatımızın artırılması
üzərində çalışmalıyıq.
Çünki bizim İtaliyaya təchizatımız
9 milyard kubmetrdirsə,
İtaliyaya bizdən
20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir. Digər
bir məqam isə qazıntı yanacağı və onun müəyyən demonizasiyası ilə bağlıdır. Mən
bu məsələ ilə bağlı şərhlərimi daha sonra bildirərəm.
Bizim enerji layihələrinə gəlincə,
Azərbaycan etibarlı
təchizatçı olub.
Demək olar ki, 20 il ərzində
biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər
təşəbbüsü ilə çıxış
etdik və qonşularımızla birlikdə
onu istismara verdik. İndi biz Aralıq dənizində Türkiyənin
Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə,
o cümlədən Azərbaycanın
xam neftindən əhəmiyyətli dərəcədə
asılı olan çox həssas nöqtələrə nəql
edirik. Bəzi ölkələrdə Azərbaycan
xam neftinin istehlakı onların tələbatının 50 və
ya daha çox
faizini təşkil edir. Üç ildən artıqdır ki, biz mühüm
qaz təchizatçısına
çevrilmişik. Bizim
qaz kəmərimiz - Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara
verilib. Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və
biz avropalı tərəfdaşlarımızı dərhal təchiz etməyə başladıq.
Bundan əvvəl bizim tərəfdaşlarımız
yalnız Gürcüstan
və Türkiyə idi. Beləliklə, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq.
Azərbaycan.-2024.-
19 iyul (¹ 150).- S.3.