Prezidentin köməkçisi: "Böyük Britaniyanın sülh təşəbbüsünü yüksək qiymətləndiririk"

 

 

"Azərbaycan Böyük Britaniyanın sülh təşəbbüsünü yüksək qiymətləndirir".

Bunu "Report"un sualını cavablandıran Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

Qeyd edək ki, Londonda Avropa Siyasi İcmasının görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdən qarşı tərəf imtina edib. Görüşün keçirilməsi üçün təşəbbüslə Böyük Britaniya çıxış edib.

H.Hacıyev xatırladıb ki, belə bir görüşün Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu.

"Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş bundan sonra görüş ikitərəfli formatda Azərbaycan Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu", - o deyib.

Prezidentin köməkçisi qeyd edib ki, müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyil beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir.

 

Azərbaycan.-2024.- 19 iyul (№ 150).- S.4.