Qərbi azərbaycanlılar əmindirlər ki, dədə-baba yurdlarına qayıdacaqlar

 

 

Ölkəmizin ictimai-siyasi həyatında diqqətçəkən fəaliyyəti ilə gündəmdə olan Qərbi Azərbaycan İcması sovet dönəmində Ermənistan adlandırılan qədim Azərbaycan torpaqlarında vandalizmlə üzləşən, dədə-baba yurdlarından zorla qovulan qaçqınların, deportasiyalara məruz qalan insanların beynəlxalq qanunlar çərçivəsində pozulmuş hüquqlarının bərpasına çalışır.  İcmanın iyulun əvvəllərində Beynəlxalq Frankofoniya Təşkilatının Parlament Assambleyasının Azərbaycanı "etnik təmizləmədə" ittiham edən qətnaməsinə etiraz etməsi bu sıradan olan nümunələrdəndir.

Beynəlxalq Frankofoniya Təşkilatının Parlament Assambleyasına və dünyanın nüfuzlu insan hüquqları qurumlarına ünvanlanan bəyanatında Qərbi Azərbaycan İcması sözügedən qərəzli və böhtan xarakterli sənədin qəbulunu pisləyərək bildirmişdir: "Göründüyü kimi, Ermənistan və Fransa beynəlxalq hüquqa zidd siyasətləri üçün Beynəlxalq Frankofoniya Təşkilatından sui-istifadə etməkdə davam edirlər.

Ermənistanın bir tərəfdən sülhdən, sülh müqaviləsindən danışıb, digər tərəfdən Azərbaycana qarşı belə pozuculuq əməlləri ilə məşğul olması bir sıra suallar doğurur.

Qərbi Azərbaycan İcması əsas missiyası mədəniyyət sahəsində qarşılıqlı anlaşmanın təşviqinə xidmət etmək olan Beynəlxalq Frankofoniya Təşkilatını bəzi dairələrin siyasi gündəliyi üçün sui-istifadə edilməsinə yol verməməyə çağırır".

Qərbi Azərbaycan İcması respublikamızın kənd, qəsəbə şəhərlərindən tutmuş, xarici ölkələrdə belə görüşlər keçirir, Qərbi Azərbaycandan dədə-baba yurdlarından didərgin salınmış, qaçqın düşmüş insanların ailə üzvləri ilə yaxından tanış olur, onların pozulmuş hüquqlarını aidiyyəti beynəlxalq insan hüquqları müdafiəsi qurumlarına, habelə dünya ictimaiyyətinə çatdırırlar. Mövzunun aktuallığını gündəmdə saxlamaq üçün müntəzəm olaraq simpoziumlar, konqreslər, görüşlər keçirilir, sərgilər, festival-konqreslər, habelə bir-birindən maraqlı müxtəlif  maarifləndirici tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri cari il iyulun ikinci ongünlüyündə icmanın Naxçıvan Muxtar Respublikasında keçirilən "Qərbi Azərbaycana qayıdış" festival-konqresi  olmuşdur. Maraqla qarşılanan festival zamanı  keçirilən olimpiadada məqsəd Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq biliklərin dərindən öyrənilməsini təmin etmək olub.

Olimpiadanın qalibləri ilə görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirmişdir ki, son 200 ildə ata-baba torpaqlarından zorla qoparılan soydaşlarımız, onların yaşadıqları ağrı-acı ilə bağlı gənclərin məlumatlılığı Qərbi Azərbaycana geniş maraq göstərmələri üçün milli ruhun yüksək səviyyədə olması vətənə bağlılığın göstəricilərindən biridir. O qeyd edib ki, Qərbi Azərbaycan tarixinin, mədəniyyətinin gənc nəslə ötürülməsində sözügedən olimpiada mühüm əhəmiyyət daşıyır.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, olimpiadanın keçirilməsində mühüm rola malik Məlahət İbrahimqızı çıxışında gənclərin ümummilli məsələmiz olan Qərbi Azərbaycanla bağlı geniş marağını təqdir edərək onlara bundan sonrakı fəaliyyətləri olimpiadalar zamanı uğurlar arzulayıb, bildirib ki, bu, onların da gələcək nəsillərə ötürməli olduqları müqəddəs missiyadır. Olimpiadada 10 mindən çox şagird iştirak edib.

Qaliblərə Qərbi Azərbaycan İcması adından hədiyyə mükafatlar təqdim olunub.

Qərbi Azərbaycan ərazisinin əzəli yerli sakinlərinin Azərbaycan türkləri olmasına baxmayaraq, ora köçürülən ermənilər XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlıları öz doğma yurdlarından didərgin salmaq üçün himayədarlarının əli ilə özlərinin məkrli niyyətlərini həyata keçiriblər. Ermənilərin maraqlarına uyğun olaraq 1948-1953-cü illərdə Qərbi Azərbaycandan (Ermənistan SSR) 150 mindən artıq azərbaycanlı, o cümlədən 1988-1994-cü illərdə bir milyondan artıq azərbaycanlı öz doğma ata-baba yurdlarından zorla çıxarılmış onlar qaçqın məcburi köçkün halında Azərbaycanın bölgələrində məskunlaşmışlar. Ermənilərin azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri zorakı hərəkətlərin, xüsusilə azərbaycanlıların öz doğma yurdlarından zorla qovulmasının əsl qiyməti xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilmişdir. Azərbaycanlıların Qərbi Azərbaycandan zorla köçürülməsi dövrünü araşdırıb tarixi həqiqətləri üzə çıxarmaq üçün Ulu Öndər "1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci ildə fərman imzalamışdır. Ermənilərin zorakı hərəkətlərinə dövlət səviyyəsində qiymət verən, Azərbaycanın erməni işğalı altında olan torpaqlarının sülh yolu ilə qaytarılması üçün öz səyini əsirgəməyən  Heydər Əliyev demişdir: "Xalqımız daim bilməlidr ki, bizim tarixi torpaqlarımız hansılar olubdur. Hansılar, vaxt əlimizdən gedibdir, niyə görə əlimizdən gedibdir şübhəsiz ki, bunlar qaytarılmalıdır. Biz qaytara bilməsək, gələcək nəsillər bunları qaytaracaqlar".

İndi bu istiqamətdə məqsədyönlü işlər aparılır. Elə bu günlərdə Ulu Öndərin dedikləri fəaliyyətinin ana xəttini təşkil edən  Qərbi Azərbaycan İcmasında Müstəqil Sənayeçi İş adamları Dərnəyinin (MÜSİAD Azərbaycan) nümayəndələri ilə görüş olub.

Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri Əziz Ələkbərli qonaqlara  icma barədə ətraflı məlumat verib, soydaşlarımızın geri qayıdışı istiqamətində aparılan işlərə toxunub. Bildirib ki, icma istər ölkə daxilində, istərsə beynəlxalq ictimaiyyət səviyyəsində öz torpaqlarından zorla qovulmuş qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz ləyaqətli şəkildə qayıdışı uğrunda apardığı intensiv işini davam etdirir. Bu baxımdan, dərnəyin nümayəndələri ilə bugünkü təmasın əhəmiyyətli olduğunu diqqətə çatdıran sədr icmanın digər təşkilatlarla da əməkdaşlığına dair qısa açıqlamalar verib.

MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli təmsil etdiyi qeyri hökumət təşkilatı barədə ətraflı bəhs edərək bildirib ki, 9 may 1990-cı ildə İstanbulda qurulan, Türkiyədə

84, 81 fərqli ölkədə isə ümumilikdə 165 məntəqədən ibarət dərnək qərbi azərbaycanlıların haqq işinə dəstək verməyə hazırdır bununla bağlı müzakirələrin davam etdirilməsi üçün addımlar atılır.

QAİ Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov görüşdə bildirmişdir ki, Azərbaycandakı yerli icmaların Qərbi Azərbaycan İcması ətrafında sıx birləşməsi ilə yanaşı, haqq işimizdə diasporumuzun da yaxından iştirak etməsi böyük önəm daşıyır. Bu baxımdan, bugünkü görüş sözügedən istiqamətdə atılan daha bir addımdır.

QAİ İdarə Heyəti sədrinin müavini Hikmət Babaoğlu isə çıxışında Türkiyənin Qars şəhərinə olan səfərini xatırlamaqla qardaş Türkiyənin həmin bölgələrində çoxlu qərbi azərbaycanlının olduğunu bildirmiş, MÜSİAD tərkibində olan adamları kimi onların da bu prosesdə yaxından iştirak etmək üçün fəaliyyət göstərmələrini təqdir etmişdir.

Hər iki tərəfdən çıxış edən digər iştirakçılar da QAİ MÜSİAD arasında əməkdaşlığın bundan sonra daha sıx formada həyata keçirilməsinin konturlarını nəzərdən keçirmiş, habelə işçi qrupunun yaradılmasına, gələcək əməkdaşlıq imkanlarının təhlilinə təkliflərin hazırlanmasına dair fikir mübadiləsi aparırmışlar.

Görünən odur ki, Müzəffər Ali Baş komandan İlham Əliyevin qətiyyəti və ordumuzun şücaəti ilə erməni işğalından azad edilmiş Qarabağa qayıdışdan qürur duyan qərbi azərbaycanlılar əmindirlər ki, gün gələcək onlar da qaçqın düşdükləri dədə-baba yurdlarına sevinclə, musiqi sədaları altında qayıdacaqlar.

 

  Rəhman SALMANLI,

Azərbaycan.-2024.- 19 iyul (№ 150).- S.5.