COP29: hazırlıqlar
yüksək səviyyədə
davam edir
Ölkəmizdə keçiriləcək
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası - COP29-a hazırlıq
işləri yüksək
səviyyədə davam
edir. Bütün dünyadan çoxsaylı
qonağın - dövlət
başçıları, siyasətçilər,
iqtisadçılar, ekoloqlar,
elm xadimləri, ekspertlərin qatılacağı
nüfuzlu tədbirlə
bağlı yetərincə
nəzəri və praktiki bilgilər, yeni sənədlərin imzalanması ilə hüquqi baza formalaşıb.
Əvvəlki COP28 ənənələri
və təcrübəsinin
öyrənilməsi, müvafiq
işlərin görülməsi
nəticəsində müvafiq
icra qurumları və infrastruktur yaradılıb. Ölkəmiz
belə miqyaslı və əhəmiyyətli
tədbirə ilk dəfə evsahibliyi etsə də, sözügedən istiqamət
üzrə məqsədyönlü
siyasət yürütməyə,
qəti addımlar atmağa və əməli fəaliyyətə
çoxdan başlayıb.
44 günlük Vətən
müharibəsindən az
sonra - 2021-ci il fevralın 2-də Prezident
İlham Əliyevin sərəncamı ilə
növbəti onillikdə
ölkənin sosial-iqtisadi
inkişafına dair beş milli prioritet təsdiqləndi. Bunlardan biri də təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi
adlanırdı.
Bu hədəfə
çatmaq üçün
qlobal iqlim dəyişikliklərinin miqyasını
nəzərə alaraq
ekoloji təmiz texnologiyaların tətbiqinə
əhəmiyyətli yer
verilməsi, təmiz enerji mənbələrindən
istifadə, tullantıların
təkrar emalı və çirklənmiş
ərazilərin təmizlənməsinin
təşviqi diqqətdə
saxlanılır. Ölkənin
perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması,
yaşıllıqların sürətli
bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli
istifadənin təmin
edilməsi nəzərdə
tutulub. Təbii ki, bundan ötrü
yüksəkkeyfiyyətli ekoloji
mühit və "yaşıl enerji" məkanının yaradılması
vacibdir.
Təkcə ölkə,
region deyil, bütün planetimiz üçün həyati
əhəmiyyətli prosesin
məntiqi davamı kimi, digər mühüm addım Prezident İlham Əliyev tərəfindən
ötən il dekabrın 25-də imzalanmış
respublikamızda 2024-cü ilin
"Yaşıl dünya
naminə həmrəylik
ili" elan edilməsi haqqında sərəncam oldu. Sənədə əsasən,
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə
qədər istilik effekti yaradan qaz emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını
hədəf kimi götürmüşdür. İşğaldan
azad edilmiş Qarabağ və Şərqi Zəngəzur,
eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl
enerji" zonası elan edilir. İşğaldan
qurtulub həqiqi sahiblərinə qaytarılmış
torpaqlarda həyata keçirilən genişmiqyaslı
bərpa və yenidənqurma prosesində
ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə
"ağıllı şəhər",
"ağıllı kənd"
kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. "Yaşıl enerji" növlərinin yaradılması
və "yaşıl
enerji"nin dünya bazarlarına nəqli enerji siyasətimizin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş
gücündə bərpa-olunan
enerji mənbələrinin
payının 2030-cu ilə
qədər 30 faizə
çatdırılmasını hədəfləyir. Eləcə
də dövlətimiz
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsini
beynəlxalq ictimaiyyət
tərəfindən ölkəmizə
böyük hörmət
və etimadın, eləcə də milli, regional və qlobal səviyyədə ətraf
mühitin qorunması,
iqlim dəyişmələrinin
qarşısının alınması
işinə töhfələrimizin
təqdirinin bariz nümunəsi sayir.
Atmosferə atılan
tullantıların sıfıra
endirilməsi, bərpaolunan
enerji mənbələrindən
istifadənin genişləndirilməsi,
ətraf aləm üçün zərərsiz
texnologiyaların tətbiqinin
sürətləndirilməsi daha keyfiyyətli yaşayış şəraitinin
yaradılmasına təkan
verən tədbirlərdəndir.
Sözügedən çağırışların
müsbət nəticə
verməsi üçün
dünya ölkələri
tərəfindən alternativ
enerji mənbələrindən
istifadə son bir ildə yüksək
həddə çatıb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına
əsasən, dünyanın
bərpaolunan enerji potensialı 2023-cü ildə
50 faiz çoxalaraq
510 QVt-a çatıb
ki, bu da
son üç onillikdə ən sürətli artımdır.
COP28-də vurğulandığı kimi, 2030-cu ilə qədər bu sahədə qlobal potensialın üç dəfə artımı məqsədinə nail olmaqdan ötrü real şans var. Proqnozlara əsasən, günəş
panelləri və külək 95 faizlik artım göstəricisi ilə yaxın vaxtlarda kömürü geridə qoyaraq elektrik enerjisi istehsalının ən böyük mənbəyinə
çevriləcək. Bu
da qlobal bərpaolunan enerji tutumunun növbəti beş il ərzində
7300 QVt-a yüksələcəyini
göstərir.
Əlbəttə, sadalanan
nikbin və xoşməramlı fəaliyyətdə
ölkəmizin də
öz payı var, yaxud "yaşıl dünya"ya
xüsusi töhfələr
vermək niyyətimiz
səmimi və davamlıdır. "Yaşıl
enerji" növlərinin
yaradılması və
"yaşıl enerji"nin
dünya bazarlarına
nəqli enerji siyasətimizin əsas istiqamətidir. Alternativ enerji ehtiyatlarının həcmi də bu sahədə dönüş yaratmağa
və iqlim dəyişikliyi ilə mübarizədə cəhdlərə
ciddi əsaslar verir. 2023-cü ilin oktyabrında Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş-elektrik stansiyası
sayılan 230 meqavat gücündə Qaradağ
Günəş-Elektrik Stansiyasının
açılışı olub. Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər
ərzində 170 meqavat
gücündə hidro-elektrik
stansiyalar istifadəyə
verilib. 2024-cü ilin sonuna qədər bu rəqəmin 270 meqavata çatacağı
gözlənilir. Birləşmiş
Ərəb Əmirliklərinin
"Masdar" və Səudiyyə Ərəbistanı
Krallığının "ACWA
Power" şirkətləri ilə birlikdə günəş və külək enerjisindən
istifadəni təmin edəcək layihələr
reallaşdırılır. Təmiz ekoloji mühitə dəstək
çərçivəsində SOCAR tərəfindən hasilat
prosesində məşəldə
yandırmaların sıfıra
endirilməsi, emissiya intensivliklərinin azaldılması,
"Sıfır metan",
2050-ci ilə qədər
"Xalis sıfır"
(Net Zero) kimi hədəflər
müəyyənləşdirilib. Sözügedən sahədə
aktivliyimiz beynəlxalq
ictimaiyyətin də diqqətindən yayınmır,
iqlim dəyişikliyinin
təsirinin azaldılması
istiqamətində fəaliyyətimiz
qlobal səviyyədə
təqdir edilir. Xarici ekspertlər Azərbaycanın külək
və günəş
enerjisinə investisiyalarla
"yaşıl gündəliy"ə
sadiqliyini, Xəzər
dənizindəki külək
stansiyalarından əldə
edilən "yaşıl
enerji"nin Avropaya ötürülməsi üçün
Qara dənizin altından elektrik kabelinin çəkilməsi
istiqamətində tədbirləri
və COP29 barədə
yüksək gözləntiləri
xüsusi vurğulayırlar.
Həmin açıqlamalar
respublikamızın ənənəvi
enerjidən bərpaolunan
enerjiyə keçidi
təşviq edən başlıca aktorlardan birinə çevrildiyini təsdiqləyir. Şübhəsiz
ki, sürətli tərəqqi, demokratik dəyərlərə sədaqət,
ictimai-siyasi sabitlik və digər üstün məziyyətlərlə
yanaşı, yuxarıda
sadalanan keyfiyyətlər
də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
ölkəmizdə keçirilməsi
qərarının verilməsinə
müsbət təsir
göstərib.
Qurban
MƏMMƏDOV,
Azərbaycan.-2024.-
20 iyul (№ 151).- S.7.