Qlobal istiləşmənin fəsadları artır

 

 

Azərbaycan da iqlim dəyişmələrinin təsirlərindən kənarda qalmır

 

 

 

Hazırda planetimizin üzləşdiyi ən böyük problemlərdən biri qlobal iqlim dəyişmələri nəticəsində baş verən qlobal istiləşmə onun fəsadlarıdır. Qlobal istiləşmə təbii fəlakətləri artırır, resurslara, insanların həyat tərzinə mənfi təsir edir. Son 100 illik müşahidələr göstərir ki, tufan, çovğun, sel daşqınların intensivliyi artıb, külək, qasırğa, yağıntılar güclənib.

Əslində, iqlim Yer kürəsi tarixi boyunca daim dəyişib. Lakin ötən yüzillikdən etibarən artan qlobal istiləşmənin əsas səbəbi antropogen amillərdir. Elmi-texniki tərəqqi, sənayenin inkişafı, insanların artımı, atmosferdə parnik effekti yaradan qazların ilbəil artması iqlimə birbaşa təsir edir.

 

 

 

Bəşəriyyəti yeni temperatur rekordları gözləyir

 

 

Ötən ay tarixdə ən isti ay kimi qeydə alınıb. İyun ayında səthə yaxın havanın orta temperaturu 16,66 dərəcə təşkil edib. Bu, 2023-cü ilin eyni ayı ilə müqayisədə 0,14 dərəcə yüksəkdir. Göstərici həm 1991-2020-ci illər üzrə bu ayın orta göstəricilərindən 0,67 dərəcə yüksək olub. Statistikaya əsasən, iyun rekord qlobal temperaturların müşahidə olunduğu 13-cü aydır. Planetdə rekord istilərin qeydə alınmadığı sonuncu ay 2023-cü ilin mayı olub. Avropa Birliyinin "Copernicus" iqlim xidmətinin məlumatına görə, son 13 ayın hər biri əvvəlki illərə nisbətən ən isti olub.  Əvvəlki 12 ayda orta temperatur da  sənayeləşməyə qədərki  hesab edilən 1850-1900-cü illərdəki orta temperaturdan ən azı 1,5 dərəcə yüksək olub. Ötən ay orta qlobal dəniz səthi temperaturu 20,85 dərəcə təşkil edib, bu da iyun ayı üçün müşahidələr tarixində ən yüksək göstəricidir. Alimlər xəbərdarlıq ediblər ki, bəşəriyyəti yeni temperatur rekordları gözləyir, çünki atmosfer havası istiləşməyə davam edir.

İyun ayında Avropanın cənub-şərqində, Türkiyədə, şərqi Kanadada, ABŞ-nin qərb hissəsində, Meksikada, Braziliyada, Şimali Sibirdə, Yaxın Şərqdə, Şimali Afrikada Qərbi Antarktidada orta göstəricilərdən yüksək temperaturlar müşahidə olunub. ABŞ-nin Kaliforniya ştatında yerləşən Silikon Vadisində temperatur təhlükəli həddə - müsbət 53,9, Las-Veqasda isə müsbət 48,9 dərəcəyə çatıb. Bir neçə həftə davam edən istilər uzun sürən quraqlıq ilə birlikdə ciddi su çatışmazlığına onlarla insanın ölümünə səbəb olub. ABŞ- anomal istilər nəticəsində ölənlərin sayı 25-i ötüb, ən çox ölüm halı isə Kaliforniyada qeydə alınıb. Ştatda eyni zamanda meşə yanğınları da tüğyan edir. Artıq bir neçə yüz hektar ərazinin məhv olduğu bildirilir. Yaxın günlərdə yeni temperatur rekordları proqnozlaşdırılır  belə olan şəraitdə mütəxəssislər növbəti yanğınlar barədə xəbərdarlıq edirlər. Meşə yanğınları ekosistemin dəyişməsinin təbii mərhələsi olsa da, iqlim dəyişikliyi daha intensiv dağıdıcı yanğınlara gətirib çıxarır, insanların həyatını təhlükə altına alır.

Kanadanın ən uzun çayı olan Makkenzi isti quru hava səbəbindən rekord səviyyədə - 2 metr dayazlaşıb. İndiyədək çayın səviyyəsi yay aylarında 50 santimetrdən aşağı düşməyib. Bu göstərici bundan əvvəl heç vaxt qeydə alınmayıb. Uzunluğu 1738 kilometr olan çayın dayazlaşması səbəbindən Kanadanın yerli xalqlarının yaşadığı ucqar yaşayış məntəqələrinə yüklərin çatdırılması artıq çətinləşib. Çünki bu ərazidə yolların olmaması səbəbindən daşınma su ilə həyata keçirilir.

 

 

Qlobal problemlə bağlı mühüm tədbirlər həyata keçirilir

 

 

Yaponiyanın da bir çox hissəsində anomal isti hava müşahidə olunur. İl ərzində ilk dəfə temperatur 40 dərəcə selsini ötüb. Tokay bölgəsində 1940-cı ildən bəri ilk dəfədir ki, havanın hərarəti 40 dərəcəni ötür. Havanın hərarəti 36 dərəcə olduğu Tokioda 119 nəfər istivurma səbəbindən tibb ocaqlarına müraciət edib. Səlahiyyətli qurumlar əhaliyə, xüsusən yaşlı insanlara uşaqlara açıq havaya çıxmamağı tövsiyə edib. Pakistanda son həftələr davam edən şiddətli istilər, tez-tez elektrik enerjisinin kəsilməsinə su çatışmazlığına, həmçinin xəstəxanalarda xəstə sıxlığının artmasına səbəb olub.  Hindistanda aprel mayda temperatur bir neçə gün ərzində 48,9 dərəcə olub bu, milyonlarla insana təsir edib. Yunanıstanda havanın temperaturu 37,8 dərəcəni keçib, nəticədə bir neçə turist ölüb. Məkkəyə həcc ziyarəti zamanı 1000-dən çox insan Səudiyyə Ərəbistanında həddindən artıq istilərin olması səbəbindən dünyasını dəyişib. İyunun 17-də Məkkədə Məscidül-həramda  temperatur  51,8 dərəcə olub.

Yeni Zelandiya sahillərində dəniz suyunun temperaturu qlobal göstəriciləri üç dəfə üstələyərək, rekord həddə çatıb. Bu da dəniz flora faunasının sağlamlığı ilə bağlı alimlərin ciddi narahatlığına səbəb olub. 1982-ci ildən okean səthinin temperaturu hər onillikdə orta hesabla 0,16-0,26 dərəcə, sahilyanı sularda isə hər onillikdə 0,19-0,34 dərəcə artıb. 2022 2023-cü illərdə bütün okean sahilyanı regionlarda müşahidələr tarixində ən yüksək temperaturlar qeydə alınıb. Son 20 ildə məlumatların müqayisəsi göstərir ki, Yeni Zelandiya ətrafında okean səthinin isinmə sürəti onillik üzrə orta qlobal göstərici olan 0,18 dərəcə selsini iki dəfə üstələyib. Regionlardan birində, Çatem dağ silsiləsində bu göstərici üç dəfə yüksək olub.

Azərbaycanda da son illər temperatur 0,4-1,3 dərəcəyədək artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas olan ölkədir. İqlim dəyişikliyinin qaçılmaz təsirlərinin aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır. Bunun fərqində olan ölkəmiz mütəmadi olaraq qlobal problemlə bağlı tədbirlər həyata keçirir. Bunlardan biri iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən vacib və əhəmiyyətli tədbirlərindən biri olan COP29-a ölkəmizin evsahibliyi etməsidir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının bu il Azərbaycanda keçirilməsi və dünya dövlətlərinin bunu dəstəkləməsi heç də təsadüfi deyil. Məlumdur ki, Azərbaycanın bərpaolunan enerji potensialı çox böyükdür və bu potensialın reallaşdırılması istiqamətində ciddi addımlar atılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda su, günəş, külək-elektrik stansiyaları tikilir və gələcəkdə bu sahədə görüləcək işlərin miqyası daha da artacaq.

 

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2024.- 20 iyul (¹ 151).- S.7.