Müstəmləkəçiliklə mübarizədə yeni platforma

 

 

Beynəlxalq Azadlıq Cəbhəsi daha məqsədyönlü, prinsipial mübarizə aparmağa imkan verəcək

 

 

 

"Azərbaycan kolonial siyasətə qarşı açıq mövqe nümayiş etdirir. Bu gün yeni kolonializm ayrı-ayrı coğrafiyalarda xalqların təhlükəsizliyinə, onların mövcudluğuna, milli identikliklərinin qorunub saxlanmasına birbaşa təhdiddir".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, xüsusən Fransanın koloniyaları olan ərazilərdəki xalqların gələcəyi ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Azərbaycanın kolonializm siyasətinə qarşı açıq, cəsarətli mövqe sərgiləməsi, Prezident İlham Əliyevin məsələ ilə bağlı qətiyyəti bütövlükdə dünya miqyasında kolonializm siyasətinə qarşı çox ciddi hərəkətlənmənin əsasını qoyub. Ölkəmiz təkcə öz yerləşdiyi coğrafiyada deyil, başqa ərazilərdə xalqların təhlükəsizliyinin təmin olunması, onların aqibəti barədə hər zaman düşünür bacardığı qədər dəstək olur. "Bakı Təşəbbüs Qrupunun yaradılması da aydın şəkildə göstərdi ki, Azərbaycan  neokolonializm siyasətinə qarşı prinsipial mübarizə aparmaq əzmindədir. Bu istiqamətdə mübarizəni mütəşəkkil bir hala gətirməyi bacardı. Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə müxtəlif müzakirələr, görüşlər təşkil olundu, kolonializmə qarşı mübarizə istiqamətləri, mexanizmləri ətrafında fikir mübadiləsi aparıldı. Bu da, sözsüz ki, gələcəkdə kolonializmə qarşı effektiv mübarizənin həyata keçirilməsi baxımından olduqca vacib idi. Növbəti addımlardan biri o idi ki, Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyi altında olan ərazilərdən 20-yə yaxın siyasi partiya, müstəqillik hərəkatının rəhbər şəxslərinin iştirakı ilə ilk qurultay baş tutdu. Bu qurultay olduqca əhəmiyyətli idi, bundan sonrakı mərhələdə Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə içərisində olan siyasi partiya hərəkatların rəhbər şəxslərinin vahid cəbhəsinin yaradılmasına imkan verdi", - deyə o bildirib.

E.Mirbəşiroğlu qeyd edib ki, I Qurultayın yekununda  yaradılmış Beynəlxalq Azadlıq Cəbhəsi təkcə Fransa koloniyalarında deyil, digər coğrafiyalarda da hüquqları tapdalanan xalqların qorunması istiqamətində mütəşəkkil addımların atılmasına imkan yaradacaq. Çünki bu cəbhəyə qoşulmaq sərbəstdir. Bu, həm onunla nəticələnəcək ki, gələcəkdə öz azadlıqları, müstəqillikləri uğrunda mübarizə aparmaq istəyən xalqlar Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə yaradılmış Beynəlxalq Azadlıq Cəbhəsinin sıralarına qoşularaq daha məqsədyönlü, səmərəli, prinsipial mübarizə aparmaq imkanları əldə edəcəklər.

Deputat hesab edir ki, bu cəbhənin yaradılması Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə başlatdığı prosesin uğurlu nəticəsidir: "Bu gün Azərbaycanın iradəsi ilə dekolonializasiya prosesinə start verilib. Bu da gələcəkdə xüsusilə Fransa müstəmləkələrinin azadlıq uğrunda yaxşı təşkilatlanmış, nəticəyə yönəlik mübarizəsinin həyata keçirilməsinə imkan verəcək".

 

 Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 20 iyul (№ 151).- S.8.