Müasir
kənd təsərrüfatı
modeli - aqroparklar
Dünya iqtisadiyyatında
aqrar sektorun modernləşdirilməsi - yeni
texnologiyaların tətbiqi
ilə təsərrüfatlarda
fəaliyyətin optimallaşdırılması,
itkilərə yol verilməməsi, məhsuldarlığın
artırılması əsas
prinsiplərdəndir. Azərbaycanda
da son illər
qeyri-neft sektorunun inkişaf vektorlarından biri sayılan aqrar-sənayeyə böyük
önəm verilir və adıçəkilən
sahəyə sərmayələr
yatırılması təmin
edilir. Bununla əlaqədar illər öncə müvafiq hüquqi baza da yaradılıb.
Azərbaycanda ilk
aqropark Xaçmaz rayonunun Yalama qəsəbəsində 2016-cı ilin sentyabr ayında
istifadəyə verilib.
İlk mərhələdə
həmin aqroparkın yaradlıması üçün
həm dövlət, həm də özəl sektor tərəfindən 20 milyon
manat investisiya qoyulmuşdu. Yalama Aqroparkının açılışında
Prezident İlham Əliyev qeyd etmişdi ki, bu aqropark Xaçmaz
rayonunun, ümumiyyətlə,
ölkəmizin inkişafına
öz töhfəsini
verəcək: "Mən
bu gün göstəriş vermişəm
ki, bizim müvafiq qurumlar - Prezident Administrasiyası, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri
birgə işləsinlər.
Çünki belə
aqroparkların sayı
ən azı 10-a çatmalıdır. Belə
olan halda biz heyvandarlıqla, südçülüklə bağlı
bütün problemləri
tamamilə həll edərik."
Dövlətimizin başçısı
2018-ci ilin oktyabr ayında "Ulu Aqro" MMC-nin Qax Aqroparkının açılışında ölkədə
45 aqroparkın yaradılacağı
barədə məlumat
verdi: "Ümumiyyətlə,
45 aqroparkın yaradılması
nəzərdə tutulur.
45 aqroparkın ümumi
sahəsi 192 min hektardır və onlardan 28-i bitkiçilik,
17-si isə heyvandarlıq
aqroparklarıdır."
2023-cü ilin yanvar
ayından aqroparkların
reyestrinin aparılması,
həmçinin orada fəaliyyət göstərən
hüquqi və fiziki şəxslərə
rezident qeydiyyat şəhadətnaməsinin verilməsi
ilə bağlı işlərə başlanılıb.
Bununla əlaqədar
2-si dövlət, 22-si özəl
olmaqla, ümumilikdə
24 aqropark qeydiyyata alınıb. Hazırda 22
rayon üzrə 66 min hektar ərazidə
24 aqroparkın yaradılması
istiqamətində də
işlər görülür.
İndiyədək 58,6 min
hektar ərazidə 22
aqropark fəaliyyətə
başlayıb, 2 aqroparkda
isə tikinti-quraşdırma
işləri aparılır.
Aqroparklardan 6-sı heyvandarlıq,
6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə
çeşidləmə, qablaşdırma
və logistika üzrə ixtisaslaşıb.
Aqroparkların ümumi
layihə dəyəri
1,2 milyard manat təşkil edir. Bununla yanaşı, aqroparkların yaradılması
və ya fəaliyyətlərinin genişləndirilməsi
məqsədilə 147 milyon
manat dövlət dəstəyi göstərilib.
Belə ki, indiyədək 14 aqroparkın
yaradılmasına Sahibkarlığın
İnkişafı Fondu
tərəfindən 131 milyon
manat güzəştli
kredit ayrılıb, həmçinin investisiya təşviqi sənədi
verilmiş 18 aqropark tərəfindən texnika,
texnoloji avadanlıqlar
və qurğuların
idxalına görə
16,1 milyon manat dəyərində güzəşt
əldə edilib.
Aqroparklar məşğulluq
səviyyəsinin artırılmasında
da mühüm rol oynayırlar. Qeydiyyata alınan aqroparklarda ümumilikdə
5000 nəfərin daimi
işlə təmin olunması nəzərdə
tutulub. Hazırda aqroparklarda 2660 nəfərdən
çox insan daimi işlə təmin edilib, 4300 nəfər isə mövsümi işlərə
cəlb olunub. Gələcəkdə əlavə
2300-dən çox daimi
iş yerinin yaradılması nəzərdə
tutulur.
2023-cü ildə aqroparklarda
buğda istehsalı
41 min ton, arpa istehsalı 24 min ton, dən
qarğıdalı istehsalı
31 min ton, şəkər çuğunduru
istehsalı 78 min ton, kartof istehsalı
14 min ton, soya istehsalı 1,2 min ton, pambıq
istehsalı 11 min ton, silos üçün
qarğıdalı istehsalı
52 min ton və yonca istehsalı
11 min ton olub. Bundan əlavə,
keçən il aqroparklar tərəfindən
96 milyon manatlıq məhsul satışı
həyata keçirilib.
Aqroparklarda yeni
intensiv və superintensiv meyvə bağlarının sahələri
ümumilikdə 5973 hektar
təşkil edib. Müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı müəyyən işlər
həyata keçirilib.
Bundan əlavə, aqroparklarda 47 min kubmetr tutumunda soyuducu və 142 min kubmetr tutumunda
müasir taxıl anbarı kompleksləri mövcuddur. Fəaliyyətə
başlamış aqroparklardan
5-i ətlik və südlük istiqamətli
heyvandarlıq məhsulları
istehsal edir. Şamaxı rayonu ərazisində ətlik və südlük istiqamətli yeni aqroparkın yaradılması
ilə bağlı tikinti işləri artıq yekunlaşmaq üzrədir. Sözügedən
5 aqroparkda 2023-cü ildə
36,1 min ton süd və 1,3 min ton ət
istehsal olunub.
Yevlax Pilot Aqroparkında
ümumilikdə 100 milyon
manatdan çox özəl investisiyanın
qoyulması, 500 nəfərin
daimi və təxminən 1000 nəfərin
mövsümü işlərə
cəlb edilməsi gözlənilir. Aqroparkda indiyədək ümumi ərazisi 1882 hektar təşkil edən 33 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Aqropark tam gücü ilə fəaliyyətə
başladıqdan sonra
istehsal olunacaq meyvəçilik məhsullarının
böyük hissəsinin
ixrac edilməsi nəzərdə tutulur. Sabirabad Pilot Aqroparkında
isə indiyədək
8 sahibkarlıq subyektinə
rezidentlik statusu verilib.
"Azərşəkər" şirkətinə daxil olan "Dastan Agro" Aproparkının
ərazisi ümumilikdə
1029 hektar təşkil
edir ki, bunun 521,4 hektarında müasir suvarma sistemləri qurularaq 252,3 hektarında arpa, 269,1 hektarında buğda səpilib. Buğda sahəsinin 269,1 hektarı,
arpa sahəsinin isə 222,3 hektarı pivotaltı suvarma sistemi, 30 hektarı isə sprinkler vasitəsilə suvarılır.
Əkin və səpin işlərində
müasir texnologiyalardan
istifadə edilir.
Məlum olduğu
kimi, aqropark şəbəkəsi işğaldan
azad olunmuş ərazilərdə də
genişlənməkdədir. Çünki həmin ərazilərin geniş aqropotensialı var. Bu potensialdan səmərəli istifadə
etməklə ölkədə
ərzaq təhlükəsizliyini
daha da möhkəmləndirmək
və qeyri-neft ixracımızı xeyli artırmaq mükündür.
Belə ki, Zəngilanda Azərbaycan Türkiyə ilə birlikdə "Dost" Aqroparkı yaradıb.
"Dost" Aqroparkının
birinci mərhələsinin
açılışı da olub. Burada
məhsullar "Made in
Karabakh" brendi adı altında buraxılacaq. İşğaldan
azad olunmuş ərazilərdə aqroparkların
yaradılması həm
də bu ərazilərə qayıdacaq
keçmiş məcburi
köçkünlər üçün
iş yerləri deməkdir.
Qurban
MƏMMƏDOV,
Azərbaycan.-2024.-
20 iyul (№ 151).- S.10.