Azərbaycan
gəncliyi Vətən
müharibəsində olduğu
kimi, quruculuq işlərində də fərqlənir
Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, böyük
əksəriyyəti gənclərdən
ibarət ordumuzun şücaəti sayəsində
Ermənistan terrorçu
silahlı birləşmələrinin
30 ildən artıq düşmən tapdağı
altında olan Qarabağ bölgəsi və digər ərazilərimiz Zəfər
qələbəsi ilə
işğaldan azad edildi.
İkinci
Qarabağ savaşı kimi tarixə düşən Vətən
müharibəsində minlərlə Azərbaycan gənci
qorxmadan, çəkinmədən ən çətin
döyüşlərə atıldı, yüzlərlə
yeniyetmə oğlanlarımız könüllü olaraq cəbhəyə
yollandı.
44
günlük Vətən müharibəsində Azərbaycan gəncləri
öz qanları ilə qəhrəmanlıq dastanı
yazdılar, vətənpərvərlikləri ilə diqqət
çəkdilər. Odur ki, Azərbaycan gəncliyi bu gün
daha qürurlu və məğrurdur. Görünən odur ki,
44 günlük Vətən müharibəsində möhtəşəm
qələbənin əldə olunmasında vətənpərvərlik
ruhunda böyüyən gənclərin rolu əvəzsiz
olmuşdur. Müzəffər ordumuzun əfsanəvi qəhrəmanlığı
və yüksək döyüş bacarığı isə
dünyada heyrətlə qarşılanmışdır.
Vətənə
sevgi, məhəbbət, düşmənə nifrət hissi
ilə böyüyən gənc nəsil Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli
torpaqlarımızı işğalçılardan azad edərək
Azərbaycanın hərb tarixinə yeni səhifələr
yazmış, xalqımıza əvəzsiz sevinc bəxş
etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev demişdir:
"Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə,
gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü
siyasət aparılırdı və elə gənc nəsil
yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə
gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına
torpağımızı düşmənin əlindən
aldı. Müharibədə bütün nəsillərin
nümayəndələri iştirak ediblər, qəhrəmanlıq
göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas
missiyanı mənim prezidentlik dövrümdə yetişən
gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq
olan gənclər yerinə yetiriblər. İlk növbədə,
biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq.
Bütün xalqımız bu qələbəni
yaxınlaşdırırdı və bütün amillər
birləşərək bu müharibənin nəticələrini
şərtləndirdi".
Hərbi
mütəxəssislərin fikrincə, Azərbaycan igidləri
Qarabağ savaşında yalnız silah və texnika
gücü ilə yox, eyni zamanda fərdi şücaətləri
ilə yaddan çıxmaz olublar. Bu da onların Vətənə
məhəbbətlərinin bariz nümunəsi kimi
bugünkü yeniyetmələr üçün örnəkdir.
Belə vətənpərvər, qəhrəman gəncləri
olan dövlət heç vaxt yenilməyəcək, daim öz
şan-şöhrətini və qüdrətini qoruyub
saxlayacaqdır. Artıq vətənpərvər gənclərimiz
mənfur düşməndən azad etdikləri müqəddəs
torpaqların bərpasında, tikinti-quruculuq işlərində
də əvəzsiz xidmətlər göstərirlər.
Qürurverici haldır ki, işğaldan azad edilmiş bəzi
yaşayış məntəqələrinə, o sıradan Zəngilan
rayonunun Ağalı kəndinə, Tərtər rayonunun
Talış kəndinə, Laçın şəhəri və
rayonun Zabux, Sus kəndlərinə, Füzuli, Şuşa,
Xocalı şəhərlərinə keçmiş məcburi
köçkünlər köçürülüb. Bu ilin
sonunadək Cəbrayıl, Kəlbəcər, Xankəndi,
Xocalı, Şuşa şəhərlərinə təxminən
20 min nəfərin qayıdacağı nəzərdə
tutulub. Hazırda kənd və
rayonlarımıza qayıdış davam edir. İllərlə
həsrətində olduğumuz dədə-baba yurdlarımızda
yeni həyat başlayıb. Gənclərin təşəbbüsləri,
onların əməyi bu gün hər yerdə görünməkdədir.
Bu baxımdan, təbii ki, yeni nəslin vətənpərvərlik
və dövlətə sədaqət ruhunda yetişməsində
Ulu Öndər Heydər Əliyevin irsi əvəzolunmazdır.
Bu gün Azərbaycanda həyata keçirilən gənclər
siyasətinin, gənclərə göstərilən diqqət
və qayğının əsasında ölkə
üçün layiqli vətəndaş və sağlam nəslin
yetişdirilməsi dayanır. Xalqımızın Ümummilli
Lideri müstəqil düşüncə tərzinə sahib vətənpərvər
nəslin yetişdiyini qürur hissi ilə vurğulayaraq
deyirdi: "Məni hədsiz dərəcədə sevindirən
odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə
saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan
qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini,
demokratik dövlətini qoruya bilən gəncliyi
vardır". Ulu Öndərin həmişə etibar etdiyi Azərbaycan
gəncliyi dövlətimizin başçısı İlham
Əliyevin rəhbərliyi ilə bu gün xariqələr
yaradır.
Vətən
müharibəsində qazanılan tarixi qələbənin
mayasını təşkil edən Azərbaycan gəncliyinin
vətən sevgisi, həmrəyliyi, habelə Ali Baş
Komandana olan inam və ehtiramı hər bir məqsədə
yüksək səviyyədə çatmağa stimul verir. Bu
gün fəxarətlə deyə bilərik ki, Prezident
İlham Əliyevin müdrik siyasəti, şanlı ordumuzun qətiyyəti
və şücaəti sayəsində müqəddəs
üçrəngli bayrağımız Qarabağda və
Şərqi Zəngəzurda dalğalanır. Son hadisələr
bir daha göstərir ki, Azərbaycan gəncliyi cəsurdur,
mübarizdir və ölkəmizə qarşı yönələn
bütün təxribatların qarşısını qətiyyətlə
almağa qadirdir. Prezident İlham Əliyevin dediyi kimi:
"İndi Azərbaycan xalqı görür ki, biz nəyə
qadirik. Görür ki, biz müharibədə də qələbə
qazanırıq, həyatda da qələbə qazanırıq
və bizi güclü edən xalqın iradəsidir, xalqın
birliyidir. Müharibədə də zəfərimiz xalqın
birliyi nəticəsində olmuşdur. Bu gün
quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən
xalqın iradəsi, dəstəyidir..."
Ümumiyyətlə,
azad edilmiş tarixi torpaqlarımızda gənclərimizin də
qatıldığı bərpa-quruculuq işlərini Azərbaycan
Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın ciddi nəzarətdə saxlaması,
hər bir layihənin açılışında şəxsən
iştirak etmələri ölkə ictimaiyyətində
xüsusi rəğbət, yüksək məmnuniyyət, fəxr
və qürur hissi doğurur. Görünən odur ki, Azərbaycan
bölgədə yeni reallıqlar yaradır. Dövlət
başçısının rəhbərliyi ilə Azərbaycan
gəncliyi Qarabağın nəinki regionun, eyni zamanda dünyanın
müasir, əsrarəngiz və təhlükəsiz bölgələrindən
birinə çevrilməsində israrlıdır.
Rəhman SALMANLI,
Azərbaycan.-2024.-
20 iyul (№ 151).- S.11.