Vətənə
bağlılığı ilə seçilirdi
Onun adı yaxşılıq, qüsursuzluq
kimi mənalanır və həyatda cismən mövcudluğu zamanı da elə belə olub. Qismətindəki 24 illik ömür payında məhz bu cür tanındı
- kamil və vətənpərvər...
Cəldliyinə, qıvraqlığına,
akrobatik hərəkətlərinə
görə yaxınları
və hərbçi dostları arasında balaca Rembo adlandırılan
bu gənc ruhən çox-çox ucalarda qərar tutmuşdu.
Şəhidlik zirvəsinə
ucalan Cövdət Səmədov daim yaddaşlardan, xatirələrdən
boylanır... Biz ayrı-ayrı kəndlərdə
doğulub böyüsək
də, həmin yaşayış məntəqələrinin
qonşuluğu, Faldarla
Muğanlı sərhədindəki
meşə, çöl,
çay səbəbindən
xüsusən yaz-yay aylarında tez-tez bir araya gələrdik.
Nəsil-şəcərə əlaqələrimiz də
olub.
Cövdətin qəlbində,
hərəkətlərində daim bir enerji
duyulardı. Vətənə
bağlılığı, ədalətsizliklərlə barışmazlığı,
zəifə, imkansıza
yardımçılığı onu bir dəqiqə
rahat buraxmırdı.
Xarakterinin belə müsbət cizgiləri üzündən də əlinə silah alıb Vətənin müdafiəsinə tələsdi
və bu müqəddəs yolda şəhidlik məqamına
yüksəldi.
Səmədov Cövdət
Cavad oğlu 1970-ci il iyunun 12-də ziyalı ailəsində dünyaya göz açmışdı. 1985-ci ildə
Faldar kəndində 8
illik, 1987-ci ildə qonşuluqdakı Qandax orta məktəbinin 10-cu sinfini bitirmişdi.
1988-1990-cı illərdə ovaxtkı Leninqrad (Sankt-Peterburq) şəhərində
hərbi xidmət keçmişdi. Uşaqlıqdan
idmana həvəsinə
görə elə bu sahə üzrə
də təhsil almağı qərarlaşdırmışdı.
Həqiqi hərbi xidmətdən sonra Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olunmuşdu. Texnikumu bitirdikdən sonra Faldar və
Qandax kəndlərində
bədən tərbiyəsi
müəllimi kimi fəaliyyət göstərmişdi.
1992-ci il dekabrın
22-də könüllü olaraq
Qarabağa - cəbhəyə
yollanmışdı. Vətən
uğrunda gedən döyüşlərdə fəal
iştirak etmişdi, çoxsaylı qəhrəmanlıq
nümunələri göstərmişdi.
Ağdam, Tərtər,
Füzuli döyüşlərindəki
şücaətləri dillər
əzbərinə çevrilmişdi.
Cövdətin arzularından
biri də təhsilini davam etdirərək hərbi hazırlıq müəllimi
olmaq idi. Ümumiyyətlə, Səmədovlar
şəcərəsinin kişi
mənsublarının əksəriyyəti
hərbi vətənpərvərlik
ruhunda böyüyüblər.
Atası rəhmətlik Cavad
müəllim və əmisi Gülməmməd
Böyük Vətən
müharibəsi iştirakçıları
olublar. Bacısı Səlminaz xanımın oğlu Hüseyn Allahyarov Birinci Qarabağ müharibəsi
şəhididir. Qardaşı
nəvəsi İlkin
Səmədov da Vətən müharibəsində
döyüşüb. Bacısı
oğlu Fərid Məmmədov Vətən
müharibəsi qazisidir,
Şuşanın alınmasında
böyük xidmətləri
var, orden-medallarla təltiflənib. Fəridin
atası Fərhad hazırda Dövlət Sərhəd Xidmətində
işləyir. Şəhid
Cövdətin anası
rəhmətlik Gülzar
xanım qəhrəman
ana olub, ailədə 11 övlad -
6 qardaş 5 bacı böyüyüb boya-başa
çatıb.
İxtiyar yaşlı
jurnalist Zenfira Nəsibova danışır
ki, cəbhə bölgəsində - Füzulidə
ezamiyyətdə olarkən
döyüşçülərlə görüşüb müsahibə
almaq istəyib. Lakin aralarında Cövdət də olmaqla bir qrup
gənc böyük hörmət və ehtiramla onunla vidalaşaraq qaçıb
artıq ön xəttə köməyə
tələsən yük
maşınına miniblər
və gedə-gedə
qışqırıblar ki,
müəllimə, müsahibəni
inşallah qələbə
günü verərik...
Və artıq həmin Zəfərdən
4 il keçir. Deməli, Cövdətin və döyüş yoldaşlarının arzusu
da çoxdan çin olub, ruhları şaddır.
Cövdət Cavad
oğlu Səmədov
1994-cü il yanvarın
26-da Şişqaya uğrundakı
savaşda qəhrəmancasına
şəhidlik məqamına
yüksəldi. Subay idi. Vaxtilə təhsil aldığı
və müəllim kimi çalışdığı
Faldar kənd tam orta məktəbi
onun adını daşıyır. Doğrudur,
o, hərbi hazırlıq
üzrə ali təhsil alıb şagirdlərə hərbin
sirlərini öyrədə
bilmədi, amma gənclərin peşəkar
hazırlıqlı vətənpərvərlik
müəllimi oldu.
Qurban MƏMMƏDOV,
Azərbaycan.-2024.-
20 iyul (¹ 151).- S.11.