Ömrün uca məqamı

 

 

"Zamin Rüstəmov 2000-ci il oktyabrın 17-də doğulub" - atası Səxavət gözləri yol çəkərək bildirir. Füzuli rayonunun Aşağı (Araz) Yağlıvənd kənd tam orta məktəbini bitirib. Hələ 7 yaşı olanda "Cəsur ürək" filminə baxırdıq. Filmin sonunda çevrilib mənə dedi ki, niyə bizdə belələri yoxdur? Susdum, cavab verə bilmədim. Anası Tənzilə dadıma yetdi. Dedi ki, mənim balam belə qəhrəman olacaq. Uşaq gözləri parıldayaraq səsləndi ki, mən erməniləri buralardan qovacam.

Məktəb illərində dərslərini hazırlayar, boş vaxtlarında idman edərdi. Özü yaşda dostlarını başına yığar, müharibə səhnələri yaradaraq "döyüşərdilər". Heç vaxt komandir olmazdı. Dostlarına "mən həmişə döyüşçüyəm", deyərdi.

- Gözəl səsi vardı, - anası Tənzilə bildirir. Məktəbin bütün tədbirlərində oxuyardı. O, muğam oxuyanda hamı susardı. Çoxları elə bilirdilər ki, Zamin müğənni olacaq. Əsgərlik yaşı çatanda, dedik ki, bəlkə muğam üzrə təhsilini davam etdirəsən. Cavab verdi ki, qorxuram ona kimi müharibə qurtara düşmənə qarşı nifrətim təəssüflə əvəzlənə. Yox, ana, mənim yolum qalibiyyətə qarışıb getməkdir.

Hərbi xidmətdə sərhəd qoşunlarının xüsusi təyinatlılarına cəlb edilir. Boyu 197 santimetr olan polad cüssəli bu gəncin qarşısında bütün sədlər zehni gücü daxilində aciz görünürdü. İlk bir neçə ayda artıq o, fərqlənən hərbçilərdən idi.

- Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edirdi, - əmisi Ədalət vurğulayır. Zamin tətillərdə, yolu düşəndə Sumqayıtda, bizdə qalırdı. Sözünün əvvəli , sonu da torpaq sevgisinə bağlanırdı. Bəzən bizləri qınayardı da. Deyərdi necə olub ki, bir yığın erməni bu qədər irəliləyə bilib? Sonra əlavə edərdi ki, əmi, narahat olma, Ali Baş Komandan əmr verən kimi düşməni yerində otuzduracağıq.

Əmisi axan göz yaşlarını saxlaya bilmir. Dərinlikdə qalan ayrılıq hissini canlandıran yaxşı ki hisslər var imiş. Təskinlik tapdıqdan sonra söhbətinə davam edir:

- Arabir telefonla danışırdıq. Elə sevinclə danışırdı, deyərdin ki, Zamin istirahətə gedib. Zəngilanın, Füzulinin azad olması uğrunda gedən döyüşlərdə iştirak edirdi. O ərəfədə bacısı Təhminəyə zəng vurub deyib ki, anaya deyərsən oğlu Füzulini düşməndən aldı.

23 oktyabrda Zamin döyüş tapşırığını yerinə yetirən zaman düşmənin mühasirəsinə düşür. Gərgin döyüşdə yoldaşları şəhid olur. O isə son damla qanına qədər döyüşür.

- Zamin həmişə qəribəlikləri sevərdi, - deyən əmisi Ədalət bildirir ki, onun ölümü sanki xoşladığı detallarla dolu oldu. Səhvən Zaminin nəşini aparıb Lənkəranda dəfn edirlər. Sonra həmin əsgərin əsirlikdə olduğu məlum olur. Qəbri açdıqdan sonra onun Zaminə məxsus olduğu bilinir.

Zaminin döyüş şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, "Vətənə xidmət" ordeni, Füzuli Zəngilanın azad edilməsinə görə medalları ilə təltif olunub. Hazırda Yağlıvənd kəndində Zaminin xatirə kompleksi yaradılıb. Məktəbli gənclər, yeni ailə quranlar oranı ziyarət edir, məzarı üzərinə tər çiçəklər düzürlər.

Beləcə, qəhrəman olmaq istəyən bir gənc həyatının ucalığına yüksəldi. Şəhidlik zirvəsində dolaşan oğulların yaratdıqları ömürlərinin heyrət doğuran məqamı isə gələcək nəsillərə bir məktəb olacaq.

 

Akif ƏLİYEV,

Azərbaycan.-2024.- 20 iyul (№ 151).- S.11.