Samuxda Vətən müharibəsi şəhidinin anım günü keçirilib

 

 

Samux rayonunun Çobanabdallı kəndindən olan Vətən müharibəsi şəhidi Məmmədli Həsən Qəhrəman oğlunun doğum günündə əziz xatirəsi hörmətlə yad edilib. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları iştirak ediblər.

 Əvvəlcə şəhidin məzarı üstünə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur. Çıxış edənlər onun keçdiyi şərəfli döyüş yolundan, torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi şücaətdən, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən danışmışlar. Bildirmişlər ki, Həsən Məmmədli 8 iyul 1995-ci ildə Samux rayonunun Çobanabdallı kəndində anadan olmuşdur. Samux rayon Qarabağlar kənd tam orta məktəbinin məzunu olmuşdur. 21 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə çağırılıb. Ali təhsilli idi. Samux rayon Çobanabdallı kənd tam orta məktəbinin direktorunun təsərrüfat işləri üzrə müavini vəzifəsində çalışırdı. İxtisasca müəllim olan şəhid Həsən Məmmədli Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak etmişdir. 5 noyabr 2020-ci ildə Laçın istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. O, torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə hərbi hissənin qarşıya qoyduğu tapşırıqları  şərəflə yerinə yetirdiyinə görə  Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Azərbaycan.-2024.- 20 iyul (№ 151).- S.11.