Azərbaycanın
dünyadakı mövqeyi
qürur doğurur
Ölkəmiz beynəlxalq münasibətlər
sistemində mühüm
rolunu təsdiqləyib
Azərbaycan beynəlxalq
münasibətlər və
əməkdaşlıq sistemində
özünün olduqca
mühüm rolunu və yerini müəyyənləşdirə bilib. Prezident İlham Əliyevin dəqiq hesabla planlaşdırdığı balanslaşdırılmış
praqmatik siyasət bütün beynəlxalq istiqamətlər üzrə
fəal tərəfdaşlıq
fəaliyyəti ilə
müstəqillik prioritetlərini
tamamilə təmin edib.
Azərbaycan Avropa
Birliyi ilə enerji resurslarının nəqli sahəsində genişmiqyaslı əməkdaşlıq
edən, hətta hazırda Qərbin enerji resursları təchizatçıları sırasında
yer alan əsas ölkələrdən
biridir. Bu proses Azərbaycanı Avropa Birliyinin enerji təhlükəsizliyi
üzrə əsas tərəfdaşına çevirib.
Bunu Prezident
İlham Əliyevin
London səfəri fonunda
da görmək mümkündür. Dövlətimizin
başçısının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş
naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında
iştirak etmək üçün İngiltərədə
işgüzar səfəri
zamanı tərəflərin
müraciətinə əsasən
Lüksemburq Böyük
Hersoqluğunun baş
naziri Lyuk Friden, Litva Respublikasının
Prezidenti Gitanas Nauseda, Finlandiya Respublikasının Prezidenti
Aleksandr Stubb, Çex Respublikasının
Baş naziri Petr Fiala və
Almaniya Federativ Respublikasının Kansleri
Olaf Şolts ilə görüşləri,
dövlətimizin başçısına
olan xüsusi diqqət Azərbaycanın
yalnız bölgədə
deyil, həmçinin
dünyada söz sahiblərindən biri olduğunu deməyə əsas verir.
Prezidentin Londona
səfəri və orada bu platformada
Azərbaycanın iştirakı
Prezident İlham Əliyevin uğurlu və çoxşaxəli
xarici siyasətinin göstəricisidir. Azərbaycan
üzv olmadığı
təşkilatlarda hətta
üzv olan bəzi ölkələrdən
daha üstün mövqeyə sahib olduğunu dəfələrlə
sübuta yetirib. Bundan əvvəl dövlətimizin başçısı
Astanada Şanxay Əməkdaşlıq Təşkilatının
Zirvə toplantısında
iştirak etmişdi. Ölkəmizin həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında
yerləşən dövlətlər
ilə ikitərəfli
əlaqələri onu
qitələrarası qovşağa
çevirir. Bu fonda Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizin müxtəlif
dövlətlərlə münasibətlərinə
də müsbət təsir göstərir, əlaqələri strateji
tərəfdaşlıq səviyyəsinə
yüksəldir. Rəsmi
Bakı kəskin qarşıdurma vəziyyətində
olan qütbləri nəzərə alaraq bütün beynəlxalq istiqamətlər üzrə
fəal tərəfdaşlıq
fəaliyyəti ilə
müstəqillik prioritetlərini
tamamilə təmin etməyi bacarır. Məhz belə bir geopolitik və geoiqtisadi taktika Azərbaycanın bütün dünyaya açılmasını təmin
etməklə yanaşı,
ölkəmizin qarşısında
geniş inkişaf perspektivləri açır.
Dövlətimizin başçısının
Şanxay Əməkdaşlıq
Təşkilatı çərçivəsində
keçirdiyi görüşlər,
Çinlə imzalanan
strateji tərəfdaşlıq
sazişi, Astanada dövlət başçıları
ilə görüşü,
Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlıq,
BRICS-lə münasibətlərin
güclənməsi, bunun
ardınca isə Londona səfəri, bu platformada Azərbaycanın iştirakı
mühüm uğur göstəricisidir.
Oksfordda keçirilən
"Avropa Siyasi Birliyi" 4-cü Zirvə
toplantısı çox
önəmli tədbirdir.
2022-ci ilin mayından fəaliyyət göstərən
Avropa Siyasi Birliyi ildə iki dəfə sammit keçirir. Bu tədbirə 44 ölkənin liderləri dəvət olunur. Onların arasında Azərbaycan, Ermənistan,
Britaniya, Gürcüstan,
Moldova, Türkiyə, Ukrayna
da var. Dövlətimizin
başçısı bu
tədbirdə iştirak
etməklə ölkəmizin
və şəxsinin beynəlxalq aləmdə inkarolunmaz mövqeyini nümayiş etdirdi.
Hadisələrin gedişi
bir daha təsdiq etdi ki, Azərbaycanın haqlı mövqeyini artıq dost da, düşmən də qəbul edir. Dünənədək
ölkəmizə qarşı
qərəzli qətnamələr
qəbul edən, absurd bəyanatları ilə Fransadan heç də geri qalmayan, Ermənistanın işğalçılıq
siyasətini müxtəlif
formada himayə etməyə çalışan
lüksemburqlu baş nazir Lyuk Friden
İlham Əliyevlə
görüşdü və
COP29-da iştirak edəcəyini
bildirdi. Həmçinin
Azərbaycanla Lüksemburq
arasında yüksək
texnologiyalar, səhiyyə,
investisiyalar, nəqliyyat
daşımaları və
digər sahələrdə
əməkdaşlıq məsələləri
ilə bağlı fikir mübadiləsi aparıldı.
"Avropa Siyasi
Birliyi" 4-cü Zirvə
toplantısında Prezident
İlham Əliyevə
olan yüksək diqqət, səmimiyyət,
liderlərin görüş
üçün müraciətləri
Azərbaycanın qitə
üçün önəmini
bir daha təsdiq etdi. Bu, inkarolunmaz faktdır ki, birliyə daxil olan ölkələr Prezident İlham Əliyevi özlərinin enerji təhlükəsizliyi
məsələsində xilaskar
kimi görür və qiymətləndirirlər.
Birliyin Zirvə toplantısı çərçivəsində
keçirilən "Enerji
və bağlantı"
mövzusunda dövlətimizin
başçısının çıxışı olduqca
rəğbətlə və
maraqla qarşılandı.
Prezident İlham Əliyevin "dəyirmi masa"da söylədiyi
"enerji sahəsində
Bakıda müəyyənləşdirdiyimiz
strateji tərəfdaşlıq
bizim Avropaya qaz təchizatımızın
2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə
tutur. Biz bu hədəfə doğru irəliləyirik.
2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə
8 milyard kubmetr təşkil edirdisə, bu il bu
göstərici 13 milyard
kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu
göstərici 25 milyard
kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. Avropa Komissiyası
Azərbaycanı enerji
üzrə etibarlı
tərəfdaş və
ümum-Avropa qaz təchizatçısı adlandırmışdır.
Bu, çox böyük məsuliyyətdir
və əlbəttə
ki, biz yalnız
Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən
gələni etməyə
çalışırıq. Bu, bizim hədəfimizdir.
Bizim resurslarımız
və infrastrukturumuz var. Yeni tərəfdaşlarla,
əsasən Sloveniya və Slovakiya ilə danışıqlar
prosesini sürətləndirməliyik,
həmçinin mövcud
bazarlara qaz təchizatımızın artırılması
üzərində çalışmalıyıq"
fikirləri Avropa ölkələri üçün
böyük dəstəkdir.
Nəzərə alsaq
ki, Azərbaycan enerji sahəsi ilə yanaşı, nəqliyyat, kommunikasiya sahəsində də böyük imkanlara malikdir, bu istiqamətdə
böyük işlər
görür. Bu gün dünyada gedən müharibələr,
siyasi və hərbi münaqişələr
səbəbindən Şərq-Qərb
ticarət yolları bağlanmaq üzrədir.
Belə bir zamanda Azərbaycan dünyaya iki qitəni birləşdirəcək
təhlükəsiz, qısa,
şaxələnmiş Orta
dəhliz marşrutunu
təklif edir. Prezident İlham Əliyevin siyasəti beynəlxalq enerji və ticarət yollarının keçdiyi
ərazilərdə sabitliyin
qorunmasına, regionun başqa qüvvələrin
münaqişə mərkəzinə
çevrilməməsinə yönəlib. Bunun nəticəsində ölkəmiz
təkcə özünün
deyil, Cənubi Qafqazın, Mərkəzi Asiyanın siyasi və hərbi, Avropanın enerji təhlükəsizliyinin təminatçısı
kimi çıxış
edir. Bu da Azərbaycana beynəlxalq münasibətlərin,
sadəcə, iştirakçısı
deyil, qurucusu, istiqamətverici qüvvəsi
olmaq imkanı verir. Əlbəttə ki, bütün bunlar vətənini sevən, dövlətinə
bağlı olan hər bir vicdanlı
Azərbaycan vətəndaşını
haqlı olaraq qürurlandırır.
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
21 iyul (№ 152).- S.4.