Azərbaycanda
mətbuat dövrün
tələbinə uyğun
inkişaf edir
Azərbaycan
milli mətbuatı - 149
"Əsası
Həsən bəy Zərdabi tərəfindən qoyulmuş
ilk mətbu orqanın - "Əkinçi" qəzetinin nəşrə
başladığı tarixdən 149 il ötür. "Əkinçi"nin Azərbaycan
milli mətbuatının təşəkkül tapmasında,
inkişafında əvəzsiz rolu olub. O vaxtdan müxtəlif
tənəzzül və intibah dövrləri keçən mətbuat
daim cəmiyyətin proseslərə baxışını əks
etdirən güzgü rolunu oynayıb".
Bu fikirləri
"Azərbaycan" qəzetinə Milli Məclisin
deputatı Kamran Bayramov deyib. Deputat bildirib ki, Azərbaycan
öz müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi
dəyərlərə qayıdış mətbuat sahəsində
də özünü göstərib. Bu gün ölkəmizdə
yüzlərlə mətbu orqan - qəzet, jurnal və
dövrün tələbinə uyğun vebsaytlar, bir sözlə,
milli media platformaları uğurla fəaliyyət göstərir.
Milli mətbuatımızın
inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Ümummilli Liderin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı mətbuatımızın inkişaf
tarixində də yeni mərhələ açıb. 1998-ci
ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın
inkişafına ciddi təkan verib.
Azərbaycan dövləti bu sahənin inkişafına hər
zaman böyük diqqət ayırır.
Ulu Öndərin
mətbuata və jurnalistlərə göstərdiyi diqqət
və qayğı onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən
də davam etdirilir. Ölkəmizdə söz və mətbuat
azadlığı tam təmin olunub. Təsadüfi deyil ki,
hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və
jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf
edir.
"Prezident
İlham Əliyevin bilavasitə rəhbərliyi ilə "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası"
hazırlanıb və qəbul olunub", - deyə o bildirib.
K.Bayramov qeyd
edib ki, müasir dövrdə informasiya texnologiyalarının
inkişafı Azərbaycan mətbuatını qlobal informasiya
şəbəkəsinin bir hissəsinə çevirib. Azərbaycan
Konstitusiyasında söz və mətbuat
azadlığının təməl prinsipləri olaraq öz
əksini tapması ölkədə medianın azad və
güclü bir cəmiyyət institutu kimi formalaşmasına
təkan verib. Hazırda media məkanında sürətli
qloballaşma prosesi gedir, mətbuatın bütün sahələrdə
funksionallığı sürətlə artır. Bu gün
jurnalistlərin, medianın qarşısında cəmiyyəti
daha obyektiv, peşəkar şəkildə məlumatlandırmaq
missiyası durur. Bu baxımdan, mövcud qanunvericiliyin təkmilləşdirilməsi
də zamanın qarşısıalınmaz tələbidir.
O
xatırladıb ki, Prezident İlham Əliyevin 2021-ci il 12
yanvar tarixli "Azərbaycan Respublikasında media sahəsində
islahatların dərinləşdirilməsi haqqında" fərmanı
ilə Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında
"Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyi" publik hüquqi şəxs
yaradılıb: "MEDİA ölkəmizdə çap və
onlayn medianın inkişafı, media orqanlarının maliyyə
müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin
təkmilləşdirilməsi, mütərəqqi layihələrin
davamlı olaraq dəstəklənməsi məqsədilə
müxtəlif tədbirlər həyata keçirir. 2021-ci ildə
qəbul olunmuş "Media haqqında" qanun bu sahədə
fəaliyyətin təşkilini, hüquqi və iqtisadi əsaslarını,
həmçinin informasiyanın əldə edilməsi,
hazırlanması, ötürülməsi, istehsalı və
yayımının ümumi qaydalarını müəyyən
edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının
təhlükəsizliyinin təmin edilməsi, yerli medianın
inkişafına təkan verilməsi, informasiya mühitinin
sağlamlaşdırılması və rəqabət qabiliyyətinin
artırılması, habelə jurnalistika peşəsinin
nüfuzunun yüksəldilməsinə şərait
yaradılmasıdır".
K.Bayramov əlavə
edib ki, bu günə qədər fasiləsiz davam edən
informasiya müharibəsində mətbuat işçiləri
öz peşəkarlığı və vətənpərvərliyi
ilə daim fərqləniblər. Azərbaycan mediası həm
Birinci, həm də İkinci Qarabağ müharibələrində
üzərinə düşən vəzifəni layiqincə
yerinə yetirib, Azərbaycanın böyük zəfərinin
müjdəçisi olub. Qarabağ uğrunda
döyüşlərdə fərqlənən və müxtəlif
medallarla təltif edilənlər arasında
döyüşçü jurnalistlərin də olması
ölkəmizdə bu sahədə çalışanlara
göstərilən böyük etimadın və diqqətin təzahürüdür.
"Əlamətdar peşə bayramı ərəfəsində
bütün ölkə mediasını, bütün jurnalistlərimizi
22 İyul Milli Mətbuat Günü münasibətilə
ürəkdən təbrik edir, onlara yeni-yeni
yaradıcılıq uğurları arzulayıram", - deyə
deputat qeyd edib.
Əsmər
QARDAŞXANOV
Azərbaycan.-2024.-
21 iyul (№ 152).- S.6.