Azərbaycan
mətbuatı yeni mərhələyə qədəm
qoyub
Azərbaycan
milli mətbuatı - 149
149 il əvvəl
Həsən bəy Zərdabinin yaratdığı, cəmi 56
sayının işıq üzü gördüyü
"Əkinçi" qəzeti milli mətbuatımızın
təməl daşıdır. Qısa vaxtda fəaliyyət
göstərən qəzet maarifçilik ideyalarını əsas
tutaraq, cəhalətə, mövhumata qarşı mübarizə
apardı. Əsası 1875-ci ildə qoyulan milli mətbuatımız
uzun keşməkeşli yollardan keçərək müstəqil,
suveren Azərbaycanın mətbuatına çevrildi.
Son illərdə
ölkəmizdə "Media haqqında" qanunun qəbul
edilməsi, Medianın İnkişafı Agentliyinin
yaradılması bu sahənin inkişafını daha da
sürətləndirib.
Mətbuat
Şurasının İdarə heyətinin üzvü,
"Azxeber.com" informasiya portalının baş redaktoru
Hacıbəy Heydərli də "Azərbaycan" qəzetinə
açıqlamasında qeyd edib ki, 149 il əvvəl Həsən
bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan
mətbuatı bu gün inkişaf mərhələsindədir.
Onun sözlərinə
görə, xüsusilə son illər media sahəsində
aparılan islahatlar, Media Reyestrinin yaradılması, "Media
haqqında" qanunun qəbul edilməsi, onlayn media subyektlərinə
dövlət dəstəyinin göstərilməsi Azərbaycan
mediasında yeni mərhələ kimi səciyyələndirilə
bilər: "Düşünürəm ki, islahatlardan sonra Azərbaycan
mətbuatı yeni mərhələyə qədəm qoyub və
bu mərhələdə mətbuatın şəffaflaşması
müşahidə olunur. Sevindirici haldır ki, mətbuatımızda artıq
şər-böhtan tipli,
qara piar kampaniyaları, dezinformasiyalar
azalıb. Xüsusən
dövlət qeydiyyatından
keçmiş media subyektlərində bu tip kampaniyaların az şahidi oluruq. Bu, həm
də Azərbaycan cəmiyyətinin qazancıdır,
çünki medianın
obyektiv, operativ, şəffaf fəaliyyətindən
qazanan hər zaman cəmiyyət olur".
H.Heydərli bildirib
ki, son illərdə
onlayn mediaya dövlət dəstəyinin
göstərilməsi ilə
artıq xəbər saytlarında, informasiya agentliklərində müəyyən
ənənə yaranıb
və bu prosesin sonunda Azərbaycanda saytlar özlərini inkişaf etdiriblər. Onlar maddi-texniki bazalarını,
kollektivlərini genişləndirdilər.
Qoyulan şərtlər
həm də Azərbaycan mediasının
yeni mərhələyə
keçidinin göstəricisi
oldu. Bu mərhələdə Azərbaycan
mətbuatı özünü
tam sağlam şəkildə cəmiyyətə
təqdim edə bildi. Bu, çox
sevindirici haldır.
Mətbuat sahəsində
müəyyən problemlərin
də olduğunu deyən baş redaktor vurğulayıb ki, bunlardan birincisi
reklam məsələsidir.
"Bununla bağlı
spesifik layihələr
həyata keçirilməlidir.
Onlayn media subyektləri biznes strukturu kimi özlərini daha da inkişaf etdirməyə çalışmalıdır.
Bu baxımdan, jurnalistika fakültəsi ilə yanaşı, marketinq sahəsində təcrübəsi olan şəxslərin mediaya gəlməsi vacibdir. Eyni zamanda şirkətlər
də mətbuatla əməkdaşlıqda maraqlı
olmalıdırlar. Düşünürəm
ki, Azərbaycan mediası son illər həm də ayaqları üzərində durmağı
bacarıb. Təbii ki, dövlətin dəstəyi ilə yanaşı, özəl şirkətlər də mətbuatla işləməyə
çalışıb. Bunun
da əsas səbəbi mətbuatda peşəkarlığın artması
və bunun cəmiyyət tərəfindən
müsbət qəbul
edilməsidir", - deyə
o əlavə edib.
O vurğulayıb ki,
son illər Medianın İnkişafı
Agentliyi tərəfindən
xüsusən fərdi
jurnalist və media subyektləri ilə bağlı həyata keçirilən
layihələr, jurnalistlərin
peşəkarlıq səviyyəsinin
artırılması istiqamətində
görülən işlər
təqdirəlayiqdir. Bu
layihələr Azərbaycanda
jurnalistlərin daha da peşəkarlaşmasına
və inkişafına
gətirib çıxarıb.
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
21 iyul (№ 152).- S.6.