Bolluğa, firavanlığa aparan yol

 

 

Azərbaycanın bütün bölgələri gözəldir, təkrarsızdır. Hər bir bölgəni cənnətə döndərən isə orada yaşayan insanlardır. Tərtərin adı çəkiləndə ilk növbədə gözümüz önündə qəhrəman, zəhmətsevər insanlar canlanır. O tərtərlilər ki, 30 ildən artıq bir vaxtda düşmənlə üzbəüz dayanaraq, müharibə şəraitində əmək meydanında qazandıqları xariqələrlə düşmənə dağ çəkdilər. atılan mərmilər, ermənilərin vəhşilikləri onların əlini işdən soyutdu. Ona görə ki, onlar öz prezidentlərinə, Ali Baş Komandan İlham Əliyevə inanırdılar indi bu inam birəbeş artıb. Qalib ölkə rəhbəri hər bir azərbaycanlının fəxr yerinə, qüruruna çevrilib.

Tərtər rayonunun Hüsənli kəndində yerləşən cins eksperimental kəndli-fermer təsərrüfatının rəhbəri Anar Əliyevlə söhbət edirik. O deyir:

- Bizim təsərrüfat uzun illərdir ki, fəaliyyət göstərir. Ötən əsrin 80-ci illərində keçmiş Kənd Təsərrüfatı Akademiyasının (indi Azərbaycan Dövlət Aqrar Universiteti) eksperimental təcrübə bazası kimi yaradılmışdı. Rəhmətlik professor Zülfiqar Verdiyevin rəhbərliyi altında atam, o zaman həmin akademiyanın dissertantı olan Məhərrəm Əliyev burada xaricdən gətirilmiş Kuba zebusu, aberdin-anqus digər cinslərin yerli mallarla cütləşdirilməsi nəticəsində ətlik istiqamətli mallar yetişdirirdi. Bu təcrübələr gözəl nəticələr verirdi bütün respublikaya səs salmışdı.

Təsərrüfat rəhbəri deyir ki, 90-cı illərin əvvəlində erməni faşistlərinin başladığı təxribatlar nəticəsində bu işi davam etdirmək mümkün olmadı.

- Həmin illərdə mən uşaq idim, - deyə Anar müəllim söhbətinə davam edir. Təsərrüfatımız Ağdam yolunun kənarında, həmin yoldakı məşhur çinarların yaxınlığında yerləşirdi. Düşmən buranı dayanmadan  atəşə tuturdu. Təhlükəli vəziyyət olsa da, rəhmətlik atamdan bir addım aralanmırdım. Elə ailəmiz , anam bacılarım idarə binasındakı bir otaqda bizimlə birlikdə qalırdılar.

Uşaqlıq xatirələri daim insanın yaddaşında yaşayır. Fermer deyir ki, həmin illərdə Ağdam camaatının köçməsi səhnələrini heç zaman unutmayıb. Onlar təsərrüfatın həyətindəki çinarların ətrafında dincələrək, sonra hara gedəcəklərini düşünürdülər. Çoxlarına elə oradaca sığınacaq verilirdi. Lakin döyüşlər daha da şiddətləndi cins malların yerləşdiyi tövlələr dağıldı, eksperimental bazaya ciddi ziyan dəydi, idarə binasında isə hərbçilərimizi yerləşdirdilər.

Anar müəllim deyir:

- Bu xatirələr məni çox incidirdi. Halbuki biz geri çəkilməmişdik. Təcrübə bazasının əsasında 1999-cu ildə "Eksperimental Cins Damazlıq" kəndli fermer təsərrüfatı yaradaraq işimizi davam etdirirdik. Təsərrüfatımızın örüş torpaqları Ağdamın əvvəllər işğal altında olan çox şükürlər olsun ki, bu gün rahat, azad nəfəs alan Nəmirli, Şurabad, Güllücə kəndləri ilə qonşuluqda yerləşir. Torpaqlarımız qurtaran yerdən cəbhə xətti keçirdi. Orada hərbçilərimiz dayanırdı. Dəfələrlə atışmaların, döyüşlərin şahidi olurduq.

Bu gün müharibənin bütün dəhşətlərindən keçən təsərrüfat yeni həyatını yaşayır. Təsərrüfatın rəhbəri Anar Əliyev ali təhsilli mütəxəssisdir. Keçmiş Kənd Təsərrüfatı Akademiyasının məzunudur. Qabaqcıl mütəxəssis kimi bir çox xarici ölkələrdə - İsraildə, Türkiyədə, Yunanıstanda, Özbəkistanda olub. Bu ölkələrdə kənd təsərrüfatında müasir innovativ üsulların tətbiqi ilə bağlı təcrübələr keçib. İndi onun başçılıq etdiyi təsərrüfat çoxşaxəlidir. Burada həm heyvandarlıqla məşğul olur, həm əkinçiliyi inkişaf etdirirlər.

Fermer deyir:

- Cari təsərrüfat ilində taxıl əkmişdik, indi isə pambıq becəririk. Təbii ki, heyvandarlıqla məşğul olduğumuza görə yoncalıqlarımız da var. Builki çətin hava şəraitində hər hektar taxıl zəmisindən 40 sentner məhsul götürməyimiz məhz innovativ üsulların işimizə tətbiqi nəticəsində mümkün oldu. Ümumiyyətlə, hesab edirəm ki, artıq kənd təsərrüfatında kortəbii işləmək dövrü çoxdan keçib. İndi öyrənmək, qabaqcıl üsulları tətbiq etmək tələb olunur. Eyni fikri pambıqçılıq barədə deyə bilərəm. Yəni əkdiyin məhsulun maya dəyərini, hansı üsullarla becərmə aparıldığını nəzərə almasan, irəli gedə bilməzsən. Son illər pambıqçılıqda əl əməyindən, yəni mexaniki üsulla becərmədən, kətmənləmədən çox istifadə olunur. Nəticədə əldə olunan gəlirin çox hissəsi məhz becərməyə sərf edilir. Mən isə ağır əl əməyini əsasən dərmanlama ilə əvəz etməyə çalışıram. Dərmanlar keyfiyyətli olduqda bu aqrotexniki qaydalara uyğun aparıldıqda nəticə ürəkaçan olur.

Təsərrüfatın əsas özəyi olan heyvandarlıq da unudulmayıb. İndi burada həm iri mal, həm xırdabuynuzlu heyvanlar saxlanılır.

Ət istehsalının xüsusi aktuallığını nəzərə alan sahibkar gələcəkdə təsərrüfatın əvvəlki ənənələrini bərpa etmək fikrindədir.

O deyir:

- Əhali arasında quzu ətinə tələbatın getdikcə artması bu sahənin inkişafına ciddi ziyan vurur. Bunun qarşısını ətlik istiqamətli malların yetişdirilməsi ilə almaq mümkündür. Bu baxımdan, Kuba zebusu ilə yerli malların çarpazlaşdırılmasından alınan hibridlər böyük əhəmiyyət kəsb edir. Bu hibridlər yerli iqlimə uyğunlaşır, əti çox keyfiyyətlidir, həmçinin xəstəliklərə qarşı davamlılıqları yüksəkdir.

Hər bir təsərrüfatda olduğu kimi, burada da problemlər həllini gözləyən məsələlər var. Belə ki, təsərrüfatın inkişafının əsas yolu suvarmadan keçir. Burada isə sahələrin hamısı sovet dönəmindən qalmış bir ədəd köhnə subartezian quyusu ilə suvarılır. Quyunun nasosu tez-tez yanır yenisi ilə əvəz olunur, ancaq bunlar da suyun artmasına kömək etmir. Fermerin qazancının böyük bir hissəsi quyunun işlək vəziyyətdə saxlanmasına xərclənsə , bu, işləri yüksək səviyyədə qurmağa, müasir suvarma metodlarından istifadə etməyə imkan vermir. Halbuki elə qonşuluqda olan şirkət damlama üsulu ilə işləyərək yüksək nəticələr qazanır.

 

Fermer deyir ki, təsərrüfata yüksək məhsuldar xarici heyvanların gətirilməsi risklidir, çünki hər zaman su çatışmazlığı ilə üz-üzə qalırlar, bu isə bol yem ehtiyatı yaradılmasına mane olur. Vəziyyətlə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət edilib. 13 mart 2023-cü il tarixdə cəmiyyətin göndərdiyi cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında Tərtər rayonunda yeni subartezian quyularının qazılması mərhələli şəkildə aparılır. Növbə bu təsərrüfata çatanda, burada da yeni quyu qazılacaq.

Onu da qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra Sərsəng və Suqovuşan su anbarlarından gələn su Tərtər rayonunda bir çox torpaqları cana gətirdi, amma Anar Əliyevin təsərrüfatını bu su tutmur. Ümid yalnız yeni subartezian quyusunun qazılmasınadır.

Beləcə bir təsərrüfatın keçmişinə və bu gününə qısaca nəzər saldıq, ənənələrin yaşadığını gördük, kədərli uşaqlıq xatirələrinin nikbin gələcəklə əvəzləndiyinin şahidi olduq. Şanlı qələbəmiz, möhtərəm Prezidentimiz İlham Əliyevin sahibkarlığın inkişafı istiqamətində apardığı uğurlu siyasət tərtərli fermerləri də daha yaxşı işləməyə ruhlandırır. Onlar əmindirlər ki, hər bir vətəndaşın Prezidenti olan İlham Əliyevin köməyindən və qayğısından bəhrələnəcəklər. Nəticədə isə xalqımız bol kənd təsərrüfatı məhsulları ilə daha yaxşı təmin olunacaq.

...Bir zamanlar bu təsərrüfata aparan Ağdam yolu gecələr zülmətə qərq olurdu. Ancaq qarşı tərəfdə dağlarda işıq yanırdı. Düşmənlərin yandırdığı işıq. Bu işıqlar qəlbimizi yandırırdı. İndi Ağdama Şuşaya, Xankəndiyə, doğma Qarabağımızın hər bir guşəsinə  müasir, gözəl, nura qərq olmuş yollar gedir. O dağlarda öz işıqlarımız yanır. Ürəyimiz dağa dönür.

 

Lazım QULİYEV,

Azərbaycan.-2024.- 21 iyul (№ 152).- S.8.