Bölgədə geosiyasi
kontekst dəyişib
Ölkəmiz iyulun 20-də Şuşada "Yalan məlumatların
ifşası: Dezinformasiyaya qarşı mübarizə"
mövzusunda II Şuşa Qlobal Media Forumunu keçirməklə
dünyanın diqqətini bir daha Azərbaycana cəlb etdi. Azərbaycan
bu möhtəşəm tədbiri təşkil etməklə
beynəlxalq ictimaiyyətə ölkəmiz haqqında həqiqətləri
yalnız erməni lobbisinin və himayədarlarının əlaltısına
çevrilmiş "prokuror kimilərin" yox, hər
şeyi olduğu kimi, ağı ağ, qaranı qara yazan media
mənsublarının gözü ilə görüb qələmə
aldıqları faktlarla tanışlıq imkanı yaratmış
oldu.
"Xanımlar və cənablar, mənim
üçün böyük şərəfdir ki, bu cür
çox mötəbər II Şuşa Qlobal Media Forumunda
iştirak edirəm. Biz buraya səyahət edərkən
çox gözəl, səfalı təbiətin, möhtəşəm
tunellərin şahidi olduq və möhtərəm cənab
Prezident, Sizə bu işdə uğurlar arzu edirəm. Mən
şadam ki, bugünkü tədbirimiz zati-aliləri, cənab
İlham Əliyevin himayəsi altında keçirilir". Bu
sözlər tədbirin moderatoru - "Euronews"
televiziyasının aparıcısı və prodüseri
xanım Rebekka Maklaflin-İsthama məxsusdur.
Xatırladaq ki, Şuşada keçirilən II Qlobal
Media Forumunda 50-dən artıq ölkəni təmsil edən
150-dən çox media mənsubu iştirak edirdi.
Xanım Rebekka Maklaflin-İstham tədbiri açarkən
xüsusi olaraq vurğuladı ki, biz Şuşada yalan məlumatların
ifşasına həsr edilmiş bir tədbirdə iştirak
edirik. Bu, dezinformasiya ilə mübarizə baxımından
çox vacib bir vəzifədir.
İlk növbədə qeyd edək ki, bu sayda media mənsubunun
Azərbaycana toplaşmasını dünyanın media və
siyasi məkanında əsl hadisə hesab etsək, heç də
yanılmarıq. Bu, bir həqiqətdir ki, forumda iştirak edən
jurnalistlər Qarabağın "çox gözəl, səfalı
təbiəti, möhtəşəm tunelləri" ilə
yanaşı, Ermənistan ordusunun 30 illik işğal
dövründə törətdikləri vandalizmi də
görüblər, bu gün Qarabağda gedən bərpa,
abadlıq, quruculuq işləri ilə də tanış olub
müqayisə aparmaq imkanı əldə ediblər. Bir
sözlə, Qarabağın bugünkü mənzərəsi
torpağın əsl sahibinin kim olduğunu gələn
qonaqlara özü diktə edir.
Forumun bu ilk mövzusu da olduqca maraqlı və diqqətçəkən
idi: "Yalan məlumatların ifşası: Dezinformasiyaya
qarşı mübarizə". Qeyd edək ki, Azərbaycan dünyada ermənilərin və
onların ölkəmizə qarşı apardıqları
dezinformasiyadan və yalan məlumatlardan ən çox əziyyət
çəkən ölkədir. Bu faktı dövətimizin
başçısı da öz çıxışında
xüsusi olaraq vurğuladı: "Bəzən biz təəccüblənirik
ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar
həqiqətə uyğun olmur - yəni faktların
manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində
bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan
və Azərbaycan arasındakı münaqişə idi və
bütün erməni diasporunun səfərbər olması
idi. Ermənipərəst siyasətçilər, media
nümayəndələri Azərbaycana qarşı hücum
edirdilər, Azərbaycan haqqında yanlış narrativlər
yayırdılar və Azərbaycanı reallıqdan çox
uzaq olan bir şəkildə təqdim edirdilər. Mən
xatırlayıram ki, müxtəlif xarici qonaqlarla
görüşlərimdə, səmimi söhbətlərdə,
mütləq hallarda mənə ötürülən mesaj
olur ki, biz Azərbaycanın bu dərəcədə
inkişaf etmiş ölkə olduğunu gözləmirdik və
ona görə də bu narrativlər çox zərərvericidir.
Bu, təkcə ölkənin nüfuzunu ləkələmir.
Bu, ölkənin biznes potensialını, sərmayə
imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas
məsələlərdən diqqətini yayındırır
və tamamilə qeyri-realist ssenarilər üzərinə
yönəldir.
Biz etnik təmizləmənin qurbanı olmuşuq,
işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib.
Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və
medianın bu məsələni işıqlandırması,
siyasi motivlərə söykənən mesajlar və qərarlar
nəticəsində biz beynəlxalq sanksiyalara məruz
qaldıq".
Bu gün regionda və dünyada ciddi hadisələr,
köklü dəyişikliklər baş verməkdədir. Azərbaycan
özünün ərazi bütövlüyünü və
suverenliyini tam bərpa edib. Cənubi Qafqaz regionuna gəldikdə
isə, biz tarixi transformasiyaya şahidlik etməkdəyik.
Regionda geosiyasi dəyişikliklər baş verir. Ənənəvi
ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq
formatları meydana çıxıb.
II Şuşa Qlobal Media Forumunda çıxış
edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki,
münaqişələr və qarşıdurmalar
keçmişdə qalıb. Biz - bu regionun xalqları
özümüzü təhlükəsiz hiss edəcəyik.
Prezident İlham Əliyev çıxışında
kolonializmin qurbanı olan xalqlardan bəhs edərkən qeyd
edib ki, Qoşulmama Hərəkatının bir çox
üzvü keçmişdə kolonializmin qurbanı oldu və
bəzi ölkələr hələ də bundan əziyyət
çəkirlər. Azərbaycan bu ölkələrə
keçmişin iyrənc qalığından özlərini
azad edə bilmələri üçün kömək etmək
istəyir. Bu ölkələr Fransadan minlərlə kilometr
uzaqda yerləşir, onları assimilyasiya etməyə
çalışırlar, təhqir edirlər. Sonuncu hadisələrdə
Yeni Kaledoniyada yeddi insan həlak olub. Bu, Fransanın və onun
prezidentinin əməli nəticəsində baş verib. Məsələn,
"Qəmər adaları, Mayot adası. Hələ də
onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə
kömək etmək istəyirik ki, keçmişin bu iyrənc
qalığından özlərini azad edə bilsinlər".
Dövlətimizin başçısı forum
iştirakçılarının diqqətini Ermənistanla Azərbaycan
arasında sülh müqaviləsinin imzalanması məsələsinə
çəkərkən olduqca vacib bir məqama toxunub: "Ermənistan
konstitusiyasında müstəqillik barədə müddəa
var və orada Azərbaycanın ərazi
bütövlüyünə qarşı təhlükə
var, təhdid var. Orada Ermənistanın və
dırnaqarası "Dağlıq Qarabağ"ın birləşməsindən
söhbət gedir. Yəni bu müddəa o konstitusiyada
olduğu müddətdə sülh sazişi mümkün
deyil. Bir daha demək istəyirəm ki, məni hər kəs
yaxşı başa düşsün. Ermənistanın daxili
işlərinə bizim hər hansı müdaxiləmizdən
söhbət gedə bilməz. Ancaq konstitusiyada belə bir maddənin
olması sülh sazişini mümkünsüz edir.
Çünki konstitusiya hər hansı bir beynəlxalq
müqavilədən üstün sənəddir".
Gürcüstanlı müstəqil jurnalist və siyasi
analitik Gela Vasadzenin "Bu gün Sizin
arzuladığınız Azərbaycan və Cənubi Qafqaz nədən
ibarətdir" sualını cavablandırarkən dövlətimizin
başçısı xüsusi olaraq vurğulayıb ki,
"Sözsüz ki, biz heç bir zaman nə
işğalı, nə fəsadları, nə verdiyimiz
qurbanları, nə böyük Qələbəmizi
unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz
bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna
fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik
və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli
getməliyik. Ona görə Prezident olaraq mən cəmiyyətə
üz tutub dedim ki, gəlin, birgə düşünək. Mən
bunu təkbaşına düşünə bilmərəm".
Prezident İlham Əliyev sualı cavablandırarkən
konkret olaraq vurğulayıb ki, Azərbaycanda qərarlar ictimai
düşüncələrin, fikirlərin və ciddi
müzakirələrdən sonra ölkədə baş verən
hadisələr əsasında formalaşır. Dövlətimizin
başçısı əmin olduğunu bildirib ki, yeni milli
ideyanın, yaxud da ideyaların necəliyindən asılı
olmayaraq, onlar geosiyasi konteksti nəzərə almadan mövcud
ola bilməz. Bölgədə geosiyasi kontekst dramatik şəkildə
dəyişmişdir. Hətta kiminsə təsəvvür
etdiyindən daha kəskin dəyişmişdir. Hazırda Azərbaycanın
Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik
deyil.
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
23 iyul (№ 153).- S.15.